Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:43

Avropa qadınları necə də gözəldir!.. (Akutaqavadan tərcümə)


Ryunosuke Akutagawa
Ryunosuke Akutagawa
-

...- Avropa qadınları necə də gözəldir! - dedi.

Zabit gözlənilməz ciddiliklə başını yellədi:

- Yapon qadınları heç də geri qalmırlar. Xüsusən də siz…



Akutaqava Rünoske


BAL

(Mahir N. Qarayevin tərcüməsində)


1886-ci ilin 3 noyabr axşamı.

On yeddi yaşlı Akiko atasıyla birgə bal keçirilən «Rokumeykan» klubunun enli pilləkəniylə yuxarı qalxırdı.

Gur işığa qərq olan pilləkənin kənarları boyunca üç cərgə xrizantem əkilmişdi: üçüncü cərgədə al qırmızı, orta cərgədə sapsarı, birinci cərgədə isə dümağ rəngli xrizantemlərin ilk baxışda süni gülləri andıran iri ləçəkləri göz oxşayırdı.

Xrizantem cərgələrinin sona çatdığı, rəqs salonunun geniş qapılarının açıldığı üst meydanda orkestrin səsindən qulaq tutulurdu.

Fransızcanı və rəqsi hələ uşaqlıqdan öyrənsə də, bu, Akikonun həyatda gördüyü ilk bal idi.

Ona görə, fayton kluba çatanacan qız seyrək fanarlı tutqun Tokio küçələrini səbrsizliklə nəzərdən keçirə-keçirə atasının təkəmseyrək suallarını huşu dağınıq halda cavablayırdı.

Lakin kluba daxil olduğu andaca baş verən bir təsadüf qızı bu həyəcandan qurtardı: qabaqlarınca qalxan şişman Çin diplomatı pilləkənin tən ortasında kənara çəkilib onlara yol verdi və bu zaman Akikoya məftun baxışla nəzər saldı.

Doğrudan da, həmin axşam Akiko öz füsünkar görkəmi ilə uzun hörüklü Çin diplomatını sarsıdaraq, mədəniyyət aləminə daxil olmuş sivil yapon xanımın gözəlliyini layiqincə təcəssüm etdirirdi.

Pilləkənlə aşağı qaçan gənc bir yapon da qeyri-ixtiyari ayaq saxladı və başını yüngülcə döndərib qızın arxasınca heyran-heyran baxmağa başladı; sonra sanki yuxudan ayıldı, saya rəngli qalstukuna ehmalca əl gəzdirib, yenə aşağı, vestibulə tələsdi.

Akiko isə ataysıyla ikinci mərtəbəyə, salonun girəcəyində qonaqları qarşılayan ev sahiblərinin – yaxasını ordenlər bəzəyən ağ bakenbardlı qrafın və onun yaşca özündən böyük, üz-gözünə XV Lüdovik dövrünün incə üslubunda bəzək vermiş xanımının dayandıqları yerə qalxdı.

Qızı görəndə qrafın donuq sifətində ani qığılcım parladı və bu, Akikonun nəzərindən qaçmadı.

Lütfkar atası isə fərəhindən yerə-göyə sığmayan qızını qrafa və onun xanımına təqdim elədi.

Büstbütün ətir qoxusuna, kavaler həsrətində durub gözləyən xanımların krujevalarının, fil sümüyündən düzəlmə yelpiklərinin səssiz dalğasına, çiçəklərin xoş rayihəsinə qərq olan rəqs salonu da başdan-başa xrizantemlərlə bəzədilmişdi.

İçəri girən kimi Akiko tezcə atasından ayrılıb, hamısı mavi və cəhrayı paltar geymiş həmyaş qızların dəstəsinə qoşuldu.

Qızlar Akikonu şən qarşıladılar və bir-birinin sözünü kəsə-kəsə onun füsunkarlığını vəsf etməyə başladılar.

Akiko qızlara isinişməyə macal tapmamış bir fransız dənizçi zabiti onun qarşısında peyda oldu; farağat duruşla və ədəblə baş endirdi.

Qız yanaqlarının qızardığını hiss etsə də, özünü çaşdırmadı, dərhal yanındakı mavi paltarlı qıza tərəf dönüb yelpiyini saxlamağı xahiş etdi.

Və elə həmin andaca zabit nəzakətlə gülümsəyərək ləhcə hiss olunsa da, gözlənilmədən Akikoya yaponca müraciət etdi:

- Sizi rəqsə dəvət etmək olarmı?

Və Akiko zabitlə «Mavi Dunay» valsını süzməyə başladı. Zabitin qalın bığları vardı.

Gündən qaralmış sifətinin cizgiləri yerli-yerində idi. Akiko əlini onun çiyninə güclə çatdırırdı, səriştəli zabit isə qızın qulağına lətif fransız dilində lətifələr pıçıldaya-pıçıldaya onu asanlıqla vals oynayan dəstənin ortasına çəkirdi.

Qız zabitə utancaq təbəssümlə cavab verir, arabir salona boylanıb ətrafı gözdən keçirirdi.

İmperator evinin gerbləri təsvir edilmiş iri qırçınlı ipək örtüyün və üzərində iti caynaqlı mavi əjdaha şəkilləri qıvrılan Çin dövlət bayraqlarının arxasında xrizantemlə dolu qızıl-gümüş güldanlar qoyulmuşdu.

Şampan kimi çalxanıb coşan axın isə möhtəşəm alman orkestrinin kükrək sədaları altında öz sərsəm hərəkətinə bir an da ara vermirdi.

Ən xırda hərəkətindən belə zabitin göz ayırmadığını Akiko yaxşı görürdü; görünür, bu cür incəliklə rəqs etməsi Yaponiyanı elə də yaxşı tanımayan qonaqda böyük maraq doğurmuşdu. Yəni, doğrudanmı kuklaya bənzər bu füsunkar qız kağızdan, bambukdan tikilmiş evdə yaşayır?

Doğrudanmı bu incə barmaqlar yemək vaxtı yaşıl güllər nəqş olunan ovuc içi dərinliyində kasalara dürtülür?

Zabitin həlim baxışlarında, ilıq təbəssümündə parlayıb-sönən bu suallar Akiko üçün təzə, eyni zamanda fərəhli idi.

Ona görə də zabitin təəccüb dolu baxışları hər dəfə zərif ayaqlarına sataşanda, Akiko öz çəhrayı tufliləri üzərində, şüşə kimi hamar döşəmədə daha inamla və daha asanlıqla süzürdü. Nəhayət, zabit balaca pişik balasını andıran oyundaşının yorulduğunu duyub:

- Yenə oynayaqmı? - deyə nəvazişlə soruşdu.

- Non, mersi, - deyə nəfəsi kəsilmiş qız qəti cavab verdi; zabit də rəqsi davam etdirərək, Akikonu krujeva və güldanların titrək dalğası arasından keçirib yaxınlıqdakı boş stula əyləşdirdi və qızın qarşısında yaponsayağı nəzakətlə təzim etdi.

Daha bir neçə rəqsdən sonra Akiko zabitlə qol-qola girib ağ, sapı və qırmızı xrizantem cərgəsiylə dövrələnmiş iri salona düşdü.

Çılpaq çiyinlərin, enib-qalxan frakların arasından sıra-sıra düzülmüş xeyli masa gözə dəyirdi – birinin üstündə ət və trüfel, digərində dondurma, bir başqasında piramida şəklində yığılmış nar və əncir vardı.

Dövrəsini xrizantem kolları bəzəmiş divarın yanında qiyamət tənəklik salınmış, içərisində qızıldan düzəlmə qəşəng bir qəfəs qoyulmuşdu.

Yarpaqların arasından arı yuvasını andıran bənövşəyi üzüm salxımı asılmışdı.

Çərçivənin yanında Akikonun atası öz yaşıdı olan hansı bir cənablasa dayanıb siqar çəkirdi. Akikonu görcək, o razılıqla başını yellətdi və siqarını tüstülədib yenə öz tanışına sarı döndü. Akiko isə zabitlə birgə masalardan birinə yaxınlaşıb dondurma götürdü.

Qız hiss edirdi ki, zabit onun əllərindən, saçlarından, mavi məxmərə bürünmüş boynundan göz çəkə bilmir.

Əlbəttə ki, bu ona ləzzət eləyirdi. Bununla belə, qadın qəlbinə xas olan bir şübhə onu tam rahat buraxmırdı və qara məxmər paltarının yaxasına qırmızı kameliya bənd edilmiş bir alman xanımı yanlarından ötərkən Akiko bu şübhənin təhriki ilə:

- Avropa qadınları necə də gözəldir! - dedi.

Zabit gözlənilməz ciddiliklə başını yellədi:

- Yapon qadınları heç də geri qalmırlar. Xüsusən də siz…

- Nə danışırsınız?

- Bəli! Siz istənilən Paris balında kimi desən valeh edərsiz. Siz lap elə bil Vattonun tablosundan qopub düşmüsünüz...

Akiko Vattodan xəbərsiz idi. Ona görə də zabitin sözləri ilə canlandırılmış keçmişin gözəl mənzərəsi – ağaclar arasındakı fəvvarə, solğun qızılgüllər – onun xəyalında heç bir iz buraxmadan göz qırpımında yoxa çıxdı. Ancaq rəfiqələrinin çoxundan düşüncəli olan Akiko dondurmadan dişləyib, sözü asanlıqla dəyişdi.

- Paris balında olmağı mən xoşbəxtlik sanardım.

- Elə Parisdə də ballar eynən bu cür olur.

Bunu deyərkən zabitin gözləri ani bir sevinclə parıldadı; o, əlindəki dondurmanı bir qırağa qoyub, sanki öz-özüylə danışırmış kimi əlavə elədi:

- Təkcə Parisdə yox, elə hər yerdə ballar eyni cür olur.

Bir saatdan sonra Akiko zabitlə birgə aylı gecəyə tamaşa eləmək üçün eyvana çıxdı.

Sürahibəndlə əhatə olunmuş eyvan sıx budaqlarından qırmızı fanarlar asılmış uca küknarlı nəhəng parka açılırdı.

Saralmış yarpaqların soyuq havaya yayılmış qoxusu payızın yaxınlaşdığını xatırladırdı.

İri rəqs salonunda, üzərində onaltıləcək xrizantem rəsmi nəqş olunmuş bənövşəyi rəngli ipək örtüyün fonunda isə çiçək və krujevalar hələ də dalğalanmaqda, orkestrin çılğın sədaları altında rəqs edən axın da eləcə coşub-qaynamaqda idi.

Gülüş sədaları gecənin səssizliyini qəddarcasına pozurdu. Tutqun səmada qəfil fişəng parlayanda hamının içindən heyrətli bir nida qopdu.

Bu zaman Akiko rəfiqələri ilə şirin söhbətdə idi, qolundan ehmalca yapışmış zabit isə aylı gecəyə tamaşa edirdi. Akiko zabitin fikirli olduğunu hiss edib azacıq nazla soruşdu:

- Siz bu dəqiqə öz vətəninizi düşünürsünüz, eləmi?

Gözlərində sirli bir təbəssüm gizlənən zabit tələsmədən Akikoya sarı çevrildi və «non» demək əvəzinə, uşaq kimi qızın başını sığalladı.

- Bəs onda nə haqda düşünürsünüz?

- Özünüz tapın.

Eyvandakılar təzədən çığırışdı – sanki tufan qopmuşdu. Onlarsa sözləşiblərmiş kimi gözlərini küknarlar üzərinə çökmüş aylı gecəyə dikib susmuşdular; qaranlığı parçalayan qırmızı və yaşıl fişənglər orda yavaş-yavaş sönüb yoxa çıxırdılar. Fişəng Akikoya onu qüssələndirəcək dərəcədə gözəl göründü.

- Mən fişəng barədə düşünürdüm. Düşünürdüm ki, bizim həyatımız da elə fişəngə bənzəyir, - deyə zabit Akikonun sifətini sığallaya-sığallaya nəsihətverici bir tərzdə dilləndi.


1918-ci ilin payızı.

Akiko Kamakuraya, şəhər kənarındakı bağ evinə gedərkən tanışı olan gənc bir yazıçıyla təsadüfən eyni vaqona düşdü. Cavan oğlan kamakuralı tanışı üçün apardığı xrizantem buketini yük rəfinə qoyarkən Akiko – hazırda ərdə olan yaşlı qadın N. – qəfildən qayıtdı ki, bəs hər görəndə xrizantem ona qəribə bir hadisəni xatırladır.

Və sonra da «Rokumeykan» klubundakı bal haqqında yerli-yataqlı danışdı. İlk dəfə eşitdiyi bu əhvalat gənci bərk maraqlandırdı və qadın söhbəti bitirən kimi:

- O zabitin adı yadınızda deyil ki? - deyə tələsik soruşdu.

Cavab tamamilə gözlənilməz oldu.

- Əlbəttə yadımdadır: onun adı Jülen Vio idi.

- Demək bu, Loti imiş – «Madam Xrizantem»i yazan...

Gənc yazar sevincdən bərk həyəcanlanmışdı. N. xanımsa heyrət dolu gözlərlə ona baxaraq bir neçə dəfə təkrar elədi:

- Yox, o, Loti deyildi... o, Loti deyildi… o, Jülen Loti deyildi...


______________________

3 noyabr 1886 – bu tarixdə Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən İmperatorun doğum günü münasibətilə ziyafət təşkil olunmuşdu.

Xrizantem (payızgülü) – Yaponiyanın rəmzidir.

Onaltıləçək Xrizantem – Yaponiyanın gerbidir.

Jülyen Vio (1850-1923) – 1886 və 1900-cü illərdə Yaponiyada səfərdə olmuş Pyer Loti təxəllüslü fransız yazıçının əsl adıdır. «Madam Xrizantem» romanı və "Payız Yaponiyası" adlı oçerklər kitabı ilə tanınır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG