Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:27
-

«Azərbaycan» qəzeti yazır ki, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan dəyirmi masada «İrəli» İctimai Birliyinin sədri Rauf Mərdiyev İlham Əliyevin yenidən prezident olmasını zəruri edən 15 məqamı açıqlayıb. Hərəkat sədrinə görə, İlham Əliyev apardığı siyasətlə Ermənistanla qarşıdurmada Azərbaycanın iqtisadi üstünlüyünü və ideoloji-siyasi qələbəsini təmin edib, Ermənistanı diplomatik dalana sala bilib. 5 mindən artıq tələbənin xaricdə təhsilini təmin edib. Sahibkarlara güzəştli kredit verib, məcburi köçkünləri çadırlardan müasir evlərə və qəsəbələrə köçürüb, Azərbaycan ordusunu S-300 zenit-raket kompleksi ilə təmin edib, Azərbaycanın peykini kosmosa çıxararaq ölkənin adını kosmik dövlətlər sırasına yazdırıb, Kulevi neft terminalını Azərbaycanın mülkiyyətinə çevirə bilib, ali baş komandan kimi Ramil Səfərovu həbsxanadan çıxartdırıb vətənə gətirib, regionları inkişaf etdirib, Oğuzdan Bakıya su çəkdirməklə paytaxt əhalisinin sağlamlığını təmin edib».

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı İlham Əliyevin böyük işlər gördüyünü deyən Rauf Mərdiyev hesab edir ki, bu layihəni başa çatdırmaq üçün İlham Əliyev yenidən prezident seçilməlidir.

XARİCİ İŞLƏR NAZİRİNİN İSRAİLDƏKİ ÇIXIŞI

«Azadlıq» qəzeti İsrailin İlham Əliyevi çətin duruma saldığını yazır. Qəzetə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsrail prezidenti Shimon Peres-lə görüşündə İran və Rusiya əleyhinə bəyanatlar verilib. Qəzet qeyd edir ki, İsrail prezidenti Shimon Peres «İran dünyanın sülh və sabitliyi üçün böyük təhlükə, terrorun maliyyəçisi və nüvə silah ilə bütün Yaxın Şərqə böyük təhlükədir» deyib. Qəzet Elmar Məmmədyarovun da çıxışından sitat verib: «Məmmədyarov bildirib ki, Azərbaycan İranla Rusiyanın arasında yerləşir və bu, «asan olmayan qonşuluq şəraiti deməkdir».

MİSİR MƏRDANOVUN VURULMASI SEÇKİYƏ HAZIRLIQ

«Bizim yol» Misir Mərdanovun Təhsil nazirliyindən uzaqlaşdırılmasını seçki ilə əlaqələndirir. Qəzetə görə, «... əsas səbəb müəllim ordusunun seçkiyə hazırlanması, ənənəvi seçki mexanizmlərinin möhkəmləndirilməsidir». Qəzetə görə, TQDK və müstəqil ekspertlərin təhsil nazirliyini aramsız tənqid etməsi nazirin nüfuzuna ciddi zərbə vurduğundan Misir Mərdanovla seçkiyə getməkdən vaz keçilib. «Bu zərbə o qədər böyük idi ki, Mərdanovun təhsil ordusunun komandanı kimi seçkidəki rolunu düzgün icra edəcəyinə şübhələr yaranmışdı. Seçki komissiyalarının kontingenti əsasən müəllimlərdən və həkimlərdən təyin olunur. Onlara nazirlik, həm də icra hakimiyyəti nəzarət edir. Nəzarət strukturlarından birinin nüfuzdan düşməsi seçkidə proqnozlaşdırılmayan fəsadlar verə bilər».

YENİ TƏHSİL NAZİRİNİ KOLLEKTİVƏ KİM TƏQDİM EDİB?

«Yeni Müsavat» yazır ki, yeni təhsil nazirini kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib. Qəzetə görə, təqdimatda çıxışı zamanı Ramiz Mehdiyevin təhsil sistemini sərt tənqid edib.

«O, çıxışında əsasən ali məktəblərin Boloniya sisteminə keçidinin bərbad vəziyyətdə olmasını qabardıb. Həmçinin orta məktəb şagirdlərinin dərslərdən yayınmasını kəskin tənqid edib... Ramiz Mehdiyev vəziyyətin biabırçı həddə qədər inkişaf etdiyini vurğulayıb».

NAXÇIVAN «ARAZ»INA QOVUŞUR

«Futbol+» qəzeti yazır ki, yaxın vaxtlarda Naxçıvanda yenidən peşəkar futbol klubu fəaliyyətə başlayacaq. Qəzetə görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov martın 18-də keçirilmiş müşavirədə bu haqda göstəriş verib... Yenə «Araz» adı altında fəaliyyət göstərəcək klubun nizamnaməsi hazırlanır». Qəzet 1950-ci ildə yaradılmış «Araz» klubunun 2002-ci ildə maliyyə problemi üzündən dağıldığını yazır.

EL HƏRƏKATINA ARXA ÇEVİRƏN KİMDİR?

«Yeni Azərbaycan» qəzeti EL hərəkatı layihəsinin artıq iflasa uğradığını yazır. Qəzetə görə, bir müddət öncəyə qədər EL hərəkatının, o cümlədən, Milli Şuranın böyük perspektivə malik olduğunu dilə gətirən Müsavat partiyasının bu gün EL hərəkatının perspektivsizliyi ilə bağlı dediklərinin səbəbləri var.

«...maraqlıdır, görəsən, istər İsa Qəmbər, istərsə də bu gün «El hərəkatı»nın perspektivsizliyini görənlər dünənə qədər bunu görmürdülərmi? Təbii ki, görürdülər, amma artıq bu perspektivsizliyin onlara rəqib olması İ. Qəmbərin də «köhnə müttəfiqinə» arxa çevirməyə yol açıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG