Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:46
-
«İqtisadi İnkişaf Nazirliyi Respublika Auksion Mərkəzi tərəfindən 16/06/2005-ci il tarixdə keçirilən hərracda iştirak etmişəm və «Aydın və Fəxrəddin Quliyev qardaşları adına Binəqədi İnşaat Sənaye» müəssisəsinə 10 (on) ədəd Dövlət özəlləşdirmə çeki yerləşdirmişəm. Bu günə kimi bu müəssisə barədə heç məlumatım yoxdur. Dövlət Qiymətli Kağızlar Komitəsində mənə dedilər məhkəməyə müraciət et. Bu hərracda çoxsaylı insanlar iştirak edirdi, bəs onların yerləşdirdiyi çeklərin aqibəti necə oldu?».

Bunu AzadlıqRadiosuna Məlahət İsayeva adlı bir oxucu yazır.

SƏHMDAR MÜƏSSİSƏSİNİN ONA UCUZ SATILDIĞINI DEYİB

600 nəfərin çalışdığı «Aydın və Fəxrəddin Quliyev qardaşları adına Binəqədi İnşaat Sənaye» ASC 2005-ci ilin martında yaradılıb. Həmin ilin iyununda səhmlərinin 55 faizi, (0.03 faizi əmək kollektivinə olmaqla) satılıb. Cəmi 578 səhmdarı olub. Növbəti ilin iyulunda səhmlərin təxminən 39 faizinin sahibi, Lerik rayon sakini, işsiz Fikrət Qurbanovun adından etibarnamə vasitəsilə məhkəməyə üz tutulub. Cəmiyyətin özəlləşdirilməsinə dair sərəncam və keçirilmiş bütün hərracların nəticələrinin ləğvi istənib. Yəni, səhmdar müəssisəsinin ona ucuz satıldığını bildirib. Avqustun 7-də Xətai rayon Məhkəməsi iddia tələbinin təmin olunması barədə qərar çıxarıb.

ASC-də 600-dən çox adam çalışırdı.

Həmin müəssisədə səhm sahibi olmuş Hafiz Babalı AzadlıqRadiosuna deyir ki, məhkəmə prosesinə səhmdar cəlb olunmayıb. Əmlak Komitəsinin nümayəndəsi də qiymətləndirmənin düzgün aparılmaması ilə bağlı iddia ilə razılaşıb. Məhkəmə də bunu əsas götürərək səhmdar cəmiyyətin yaradılması haqqında sərəncamı və özəlləşdirməylə bağlı bütün hərracların nəticələrini ləğv edib. Yəni, cəmiyyətin kollektivə satışı və 55 faizlik hərracın nəticələri keçərsiz sayılıb. Səhmdarlara dəyən zərərlə bağlı hər hansı qərar çıxarılmayıb:

BİR SƏHM 1 MANATA VƏ 1 MANAT 88 QƏPİYƏ

«2006-cı ilin oktyabrından ta indiyədək səhmdarlar məhkəmədədirlər. Birinci mərhələ 2009-cu ilin oktyabrında bitib. Ali Məhkəmə qərar verib ki, səhmdarlar öz iddialarını, maddi tələblərini birinci instansiya məhkəməsində qaldırsınlar».
Hafiz Babalı

Hafiz Babalı


Artıq həm yerli, həm də inzibati-iqtisadi məhkəmələr dəymiş zərərlə bağlı tələblərin ödənməsinə başlayıb. Qərar bir səhmin nominal dəyərinin ödənilməsi üzrə çıxarılır. 2008-ci ilin dekabrından iş üzrə iki şikayət Avropa Məhkəməsindədir.

Özəlləşdirmə zamanı bir səhmin qiyməti 1 manat müəyyən olunub. Vəsaitin 75%-ni Maliyyə Nazirliyi, 25%-ni Əmlak Məsələləri Dövlət Komitəsi ödəyir. 100-dən çox səhmdarın iddiası bir səhmə 1 manat ödənməklə təmin olunub. Bəzi sənədlər tələb olunduğundan icrada problemlər yaransa da.

50-yə yaxın iddiaçı zərərin bir səhmə 1.88 manat həcmində ödənməsini və 2006-cı ildən bəri inflyasiyanın hesablanmasını tələb edir. Məhkəmə bu iddia ilə razılaşmır.

EVİNDƏ KƏTİLİ OLMAYAN SƏHMDAR

Müəssisənin nizamnamə kapitalı 3 milyon 700 min manat olub. Səhmlərin 55 faizi – təxminən 1 milyon 800 min manatlığı satılıb, bunun da 39 faizi Fikrət Qurbanova məxsus olub.

Hafiz Babalı kimlərinsə məhkəmə qərarlarından yararlanaraq həmin milyon yarımı mənimsəyə biləcəyini vurğulayır:

«Mən onun Lerik rayonundakı evində olmuşam. Qışın oğlan çağında evinin şüşəsi yox idi. Evində oturub çörək yeməyə şərait, bir kətil belə yox idi. Orada bildik ki, bu şəxs borca girərək Kalininqrada gedib, geri qayıtmağa pul tapmayıb. Adında isə milyon yarımlıq səhm var».

Bir müddət əvvəl Lerik rayon sakini, işsiz Gəray Məmmədovun «Bakıelektroştamp» və «Bakıpoladtökmə» zavodlarında 80 faiz paya sahib olduğu üzə çıxmışdı. Fikrət Qurbanovun da Bakının «Şanxay» deyilən məhəlləsində kirayədə qaldığı bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG