Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:36

Azərbaycanlıların Strasburqda Ermənistandakı vəziyyətə etiraz aksiyası


Strasburqda Avropa Şurasının iclas zalı
Strasburqda Avropa Şurasının iclas zalı
Aprelin 22-də Strasburqda - Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) binası qarşısında Ermənistanda insan haqlarının vəziyyətinə etiraz aksiyası keçirilib.

Etiraz aksiyasının təşkilatçıları insan haqlarının müdafiəsi ilə məşğul olan “İnsan haqları uğrunda” İctimai Birliyi (Bakı, Azərbaycan) və Fransanın Strasburq şəhərində yaşayan türk və Azərbaycan icmasının üzvləridir. Tədbirdə Fransadakı türk diasporunun nümayəndələri iştirak edib.

Etiraz aksiyasında bu il fevralın 18-də Ermənistanda keçirilən prezident seçkilərinin, etirazçıların dediyi kimi, saxtakarlıq və qanun pozuntuları şəraitində keçirilməsinə, Ermənistanda hakimiyyət terroruna etiraz ifadə olunub. Aksiya iştirakçıları “Ermənistanda diktaturaya son!”, “Avropa Şurası Parlament Assambleyasında Ermənistana yox!” şüarlarını səsləndiriblər.

Aksiya iştirakçılarının sözlərinə görə, onlar Avropa və dünya ictimaiyyətinin diqqətini bu ölkədə insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına yönəltmək istəyirlər.

Aksiya iştirakçıları bildiriblər ki, 2013-cü ilin fevralında Ermənistanda keçirilən prezident seçkiləri kampaniyasında hakim komandanın namizədinin siyasi rəqibləri təqib edilib, döyülüb, hətta sui-qəsdə məruz qalıb. Buna misal olaraq müxalifətin əsas namizədlərindən biri Paruyr Hairikiana qarşı sui-qəsd cəhdini, l yanvarın 31-də onun güllə ilə vurulması göstərilir.

Xatırladılır ki, digər ən şanslı müxalifət namizədi Raffi Hovannisian seçki saxtakarlığına etiraz əlaməti olaraq seçkidən dərhal sonra müddətsiz aclıq aksiyasına başlamışdı.

Strasburqda keçirilən etiraz aksiyasının təşkilatçılarının sözlərinə görə, onların məqsədi Ermənistanda insan haqlarının, o cümlədən yerli vətəndaşların seçki hüququnun kütləvi şəkildə pozulmasına diqqəti cəlb etmək , eləcə də Ermənistanın Avropa Şurasının üzvü statusunun bu ölkədəki real vəziyyətə uyğunluğu məsələsini də ön plana çəkməkdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG