Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:01

Naxçıvanda 45 qəpiklik dizel 75-ə satılır


Foto: Arxiv
Foto: Arxiv
-
Naxçıvanda dizel yanacağı sarıdan qıtlığın yaşandığı bildirilir. Avtomobil sürücülərinin dediyinə görə, artıq bir aya yaxındır ki, yanacaq onlara bir günə 10 litr olmaqla norma ilə verilir. Onların bildirdiyinə görə, üstəlik təyin olunmuş normanı da yalnız 1-2 yanacaqdoldurma məntəqəsindən almaq olur. Əksər yanacaqdoldurma məntəqələrində isə benzinlə bağlı problem olmasa da, dizel yanacağının satılmadığı deyilir.

Naxçıvanlı fermerlər isə deyir ki, əkin mövsümü olduğundan yanacaq qıtlığı onlara da böyük ziyan vurur. Fermerlərin dediyinə görə, yanacaq qıtlığı səbəbindən əkin sahələrini şumlamaq üçün texnika tapa bilmirlər.

«NAXÇIVANDA MƏMURLAR HƏRƏYƏ 30-40 HEKTAR SAHƏNİ QUCAQLAYIB ƏKİRLƏR»

Babək rayonundan olan fermer Həmid Əliyev deyir ki, yanacaqdoldurma məntəqələri onlardan fərqli olaraq, yerli məmurlara məxsus əkin sahələrini şumlamaq üçün texnikalara istənilən qədər yanacaq verirlər:

«Traktorçulara deyirik, gəl işimizi gör, deyir ki, get yanacaq tap, gələk. Getdik yanacaqdoldurma məntəqəsinə, açıq satışda yanacaq yox idi. Dedi ki, hörmətə 20 litr verə bilərik. Bu da işimizə yaramır. Dedilər ki, göstəriş yuxarıdan gəlib, biz verə bilmərik. Belə olanda həm bahalıq yaranır, həm də təsərrüfatçılar vaxtlı-vaxtında yerlərini şumlaya bilmirlər. Bəzən bir həftə düşüb traktor axtarırıq. Hər şey kasıbın başındadır ki, istəyirlər kasıb əziyyət çəksin. Naxçıvanda məmurlar hərəyə 30-40 hektar sahəni qucaqlayıb əkirlər. Bizim kimi sadə fermerlər əziyyət çəkirlər. İnsanlar qorxudan danışa bilmirlər. İstədikləri odur ki, sadə fermer bezsin, əkməsin torpağı. İstəmirlər yaxşı dolanaq. İstəyirlər əkməyəsən torpağı, məcbur olub satasan məmurlara. Mən özüm də gələn ildən əkmək istəmirəm. İnsanları getdikcə torpaqdan bezdirirlər.
Fermer
Fermer
İstəyirlər ki, həm də camaat əkməsin, məhsul ancaq öz əllərində olsun, istədikləri qiymətə satsınlar. Tək yanacaq deyil. Gah su vermirlər, gah başqa problem yaradırlar».

«DİZEL YANACAĞININ QİYMƏTİ 45 QƏPİK YAZILIB, TÜRKİYƏYƏ SATMAQ ÜÇÜN APARANLARA İSƏ...»

Hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev də deyir ki, dizel yanacağı yerli sakinlərə məhdudiyyətlə verilir. Ancaq onun dediyinə görə, bir qrup şəxs satmaq məqsədilə istədiyi qədər Türkiyəyə yanacaq apara bilir :

«Türkiyədən gələn yük maşınlarına gecəyə salıb tonla satırlar. Sayğacın üstündə dizel yanacağının qiyməti 45 qəpik yazılıb, Türkiyəyə satmaq üçün aparanlara isə 75 qəpiyə satılır. Bu, qeyri-qanuni bir hərəkətdir. Hər gün Türkiyədən təxminən 200 belə maşın gəlir və solyarka doldurub aparırlar. Kənd təsərrüfatı işləri başlayıb, bu məsələ onlara çox pis təsir edir. Hər traktora gündəlik 10 litr solyarka verilir. O da hektarını 80 manata şumlayır. Əvvəl isə 20 manat olub. Məmurların hər biri 15-20 hektar yer əkdirirlər. Naxçıvanda «Aqrolizinq MMC» var - onlar üçün yanacaq məhdudiyyəti yoxdur. Onlar da ancaq məmurların yerini şumlayırlar. Sadə vətəndaş müraciət edəndə, deyirlər məşğuluq. Belə olanda hamı əkin-biçindən imtina edir. Naxçıvana gələn yanacaq normadan da 3 dəfə artıqdır. Hamısı Türkiyəyə daşınır».

SOCAR
SOCAR
Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyindən bu haqda danışmaq istəmədilər.

«İSTƏDİYİN QƏDƏR YANACAQ ALA BİLƏRSƏN».

Naxçıvan MR Nazirlər Kabinetinin əməkdaşı Ziya Nəsirov isə fermerlərə qarşı yaradılan süni maneələr haqqında deyilənləri yalanladı:

«Bizdə yanacaqdoldurma məntəqələrində yanacaq var. İstədiyin qədər gedib yanacaq ala bilərsən».

«BİZDƏ NAXÇIVANLA BAĞLI HEÇ BIR PROBLEM YOXDUR»

ARDNŞ-in Mətbuat Xidmətinin rəhbəri Nizaməddin Quliyev də Naxçıvana tələbata uyğun yanacaq göndərildiyini bildirdi:

«Bizdə Naxçıvanla bağlı heç bir problem yoxdur. Biz bütün öhdəliklərimizi vaxtlı-vaxtında yerinə yetiririk. Bu, dövlət əhəmiyyətli məsələdir, biz yanacağı proqnoza uyğun istehsal edirik. Naxçıvana da normaya, tələbata uyğun yanacaq göndərilir. Bizlik burda heç nə yoxdur. Görünür, başqa strukturlarda nə isə var».

2011-ci ilin avqust ayında da Naxçıvanda dizel yanacağı qıtlığının yaranması haqda məlumatlar yayılmışdı. Hətta dizel yanacağının 1 litrinin 1 manata qalxdığı söylənilirdi.
XS
SM
MD
LG