Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:37

İsmət Abbasovun oğlu: «Bəli, həqiqətən də, həmin mənzil mənə məxsusdur»


Londonda Yunis Abbasa məxsus olduğu bildirilən mənzil

Londonda Yunis Abbasa məxsus olduğu bildirilən mənzil

-

Bir müddət əvvəl Londondakı mülkləri ilə gündəmə gələn Kənd Təsərrüfatı naziri İsmət Abbasovun oğlu, Böyük Britaniyada yaşayan iş adamı Yunis Abbasov «Qafqazinfo»ya müsahibə verib.

O, Londonda mənzili olduğunu etiraf edib: «Bəli, həqiqətən də həmin mənzil mənə məxsusdur. Amma iddia olunduğu kimi binanın iki mərtəbəsində deyil, bir mərtəbəsində yerləşən normal şəraiti olan bir mənzildir».

Kənd Təsərrüfatı naziri İsmət Abbasovun Londondakı mülkü barədə «Azadlıq» qəzetinə Böyük Britaniyada yaşayan azərbaycanlı fəal Murad Həsənli məlumat vermişdi. Məlumatda bildirilirdi ki, nazirin oğlu Yunis Abbasov bu mülkə bir neçə il qabaq 2 milyon dollar ödəyib.

«HƏMİN DÖVRDƏ ATAM NƏ NAZİR İŞLƏYİRDİ, NƏ DƏ...»

Yunis Abbasov «Qafqazinfo»ya müsahibəsində həmin mənzilin 2006-cı ildə alındığını söyləyib. Ancaq əlavə edib ki, ailəsinin hələ 1991-ci ildən Londonda evi olu: «Həmin dövrdə atam nə nazir işləyirdi, nə də başqa yüksək vəzifə tuturdu. Amma mən gözümü açandan atamın imkanlı şəxs olduğunun şahidi olmuşam. Bunu bizi, ailəmizi, nəslimizi tanıyan hər bir kəs yaxşı bilir».

Yunis Abbasov Londonda ev almalarını bacısının xəstəliyi və əməliyyatına görə ailəsinin tez-tez Böyük Britaniyaya getməsiylə izah edib:

«O zaman Azərbaycanda bacımın müalicəsi mümkün deyildi və bacım Londonda həkimlərin nəzarətində saxlanılırdı. Atam həmin dövrdə Azərbaycana gələn, burada iş qurmaq istəyən neft şirkətləri ilə Böyük Britaniyada tanış olmuşdu və dostluq əlaqələri qurmuşdu. Onların məsləhəti və vasitəçiliyi ilə Londonda ev almışdı».

İsmət Abbasov

İsmət Abbasov

Yunis Abbasov mənzilin alınmasının Böyük Britaniya qanunlarına tam uyğun həyata keçirildiyini də deyib: «2006-cı ildə alınan mənzilin puluna gəlincə, o 1991-ci ildən sahib olduğumuz və baha qiymətə satılmış evin vəsaiti ilə alınıb. Bura bizim Londonda olmadığımız təxminən 10 ildə toplanmış icarə haqqı da daxildir. Bunları üst-üstə gələndə, mənzil alınandan sonra mənim ilk biznesə başlamağım üçün əlavə vəsait də yaranmışdı».

«BİZNESİMİ AZƏRBAYCANDA QURMADIM Kİ, ATAMIN ADINA XƏLƏL GƏTİRƏ BİLƏRƏM»

Yunis Abbasov 2006-2008-ci illərdə Avropa Yenidənqurma və İnkişaf Bankında işlədiyini, son 5 ildə isə daşınmaz əmlak sahəsində bizneslə məşğul olduğunu deyib: «Mən bu işləri Azərbaycandan çox-çox uzaqda edirəm. Başa düşə bilmirəm ki, bunun Azərbaycanda nazir vəzifəsində işləyən atama nə aidiyyatı var? Nazir oğlu olmağımın gördüyüm işlərə nə aidiyyatı var? Əksinə biznesimi Azərbaycanda qurmadım ki, atamın adına xələl gətirə bilərəm. Qrup yoldaşlarım və dostlarım Avstraliya, Kanada, Yaponiya, Türkiyə və Avropanın digər ölkələrində müxtəlif sahələrdə bizneslə məşğul olurlar. Biz daimi əlaqədəyik və biznesdə bir-birimizə dəstək oluruq».

Yunis Abbasov biznesini böyütmək istəməsindən, tikinti biznesinə sərmayə yatırmaq planlarından da danışıb:

«Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Təhsilimi başa vurandan sonra mənim üçün etdiklərinə görə atama təşəkkür etmişəm və daha mənə maddi dəstək göstərməməsini xahiş etmişəm. Xahiş edirəm məni düzgün başa düşün, Həcc ziyarətində olduğuma görə hər şeyə öz zəhmətimlə nail olmağa çalışıram. Allahdan hər zaman mənə işlərimdə kömək olmasını diləyirəm!».

«ƏSAS HƏDƏF NAZİR İŞLƏYƏN ATAMDIR»

Londonda biznes rayonu

Londonda biznes rayonu

«Azərbaycan mətbuatında məmurların övladları haqda tez-tez yazılır. Son zamanlaradək sizin adınız hallanmamışdı. Sizcə, niyə mətbuatda birdən-birə haqqınızda davamlı yazılar yazılmağa başlandı?» sualını isə nazir oğlu belə cavablandırıb:

«Bu yazılar mənim haqqımda olsa da, hesab edirəm ki, əsas hədəf nazir işləyən atamdır. Hər prezident seçkisi öncəsi atama belə hücumlar olur, beş ildən bir bunlar təkrarlanır... Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istəyirəm ki, atam öz vəzifəsini ləyaqətlə, vicdanla həyata keçirməyə, ona göstərilən etimadı doğrultmağa çalışır. Biz, övladları ona bu işlərə görə təşəkkür edəndə həmişə deyir ki, əsas təşəkkür ümummilli liderimiz Heydər Əliyevə və prezident İlham Əliyevə düşür. Çünki onlar müstəqil Azərbaycanı qurub inkişafına nail olublar, dünyada tanıdıblar və siz də bunların sayəsində yaxşı təhsil ala, iş sahibi ola bilmisiniz».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG