Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:26

Övladı və ev-eşiyi əlindən çıxmış ata başqa ölkələrdən sığınacaq istəyir


-
“AzadlıqRadiosunu dinləyənlər mənim vəziyyətimdən xəbərdardılar. Qızımın həkimlərin əlində ölməsindən və ev-eşiksiz qalmağımdan bir dəfə “Qaynar xət”də danışmışam. Mən bu barədə qəzetlərə də çox danışmışam, ancaq bu günə kimi də heç nəyə nail ola bilməmişəm”.
“Qaynar xətt”in növbəti şikayətçisi Bahəddin Fərəcov. Ev-eşiyini dəyər-dəyməzinə satıb son qəpiyinədək övladının sağalması üçün xərcləyən, ancaq onun həyatda qalmasına nail ola bilməyən ata. Müsahibimi ürəkağrısız dinləmək olmur.
“QlZIM ƏMƏLİYYAT MASASINDA ÖLDÜ”
Şikayətçi:
“Dedilər qızımın beynində şiş var, təcili əməliyyat lazımdır. Evini 3-4 dəfə ucuz qiymətə satdım. Mərkəzi klinik Xəstəxanaya qeyri-rəsmi və rəsmi, ümumilikdə 20 min manata yaxın pul ödədim. Bu pula əməliyyat xərci, müayinələr, analizlər, dava-dərmanlar, xəstəxanada qalmaq üçün başqa xərclər daxil idi. Qızım əməliyyat masasında öldü, ancaq məndən gizlətdilər. Gedirdim, gəlirdim, xəbərləri xəstəxananın qapısındaca alırdım, içəri keçməyə imkan vermirdilər. Bir neçə gün sonra orda işləyən bir həkimin mənə yazığı gəldi, kənara çəkib dedi ki, sənin uşağın elə əməliyyat masasında keçindi. Ondan sonra uşağın ölüsünü tələb etdim, verdilər, aparıb basdırdım. O vaxtdan həkimlərdən prokurorluğa, prezidentə şikayətlər edirəm, ancaq nəticəsi yoxdur”.
Bahəddin Fərəcovun qızı 18 yaşlı Vüsalənin beynində Mərkəzi Klinik Xəstəxanasında bir türkiyəli həkim əməliyyat aparıb. Əməliyyat uğursuz alınıb. Vüsalə vəfat edib. Ata iddia edir ki, 4 ildir klinikaya və qızını əməliyyat etmiş türkiyəli həkimə verdiyi pulları geri ala bilmir. Hər dəfə klinikaya müraciət edəndə əməliyyatdan əvvəl onunla bağlanmış «razılıq müqaviləsi»ni göstərib deyirlər ki, müqaviləyə görə, klinikaya və əməliyyata görə ödənilmiş pullar geri qaytarılmır. Atanın iddia etdiyi ümumi məbləğ 20 min manat civarındadır. O, qızının ölümü ilə bağlı Səbail rayon Prokurorluğuna da şikayət edib. Ancaq cinayət işi başlanmasına nail ola bilməyib.
İTTİHAMLARLA RAZILAŞMAYAN KLİNİKA
Mərkəzi Klinik xəstəxananın hüquq şöbəsinin müdiri Ramin Rzayev isə atanın ittihamları ilə razılaşmayıb. Şöbə müdiri atanın müxtəlif qurumlara yazdığı şikayətlərin xəstəxanaya yönəldildiyini, xəstəxana da həmin müraciətlərə ətraflı cavab verildiyini deyib.
Yeniyetmə qızının, ev-eşiyinin əlindən çıxması azmış kimi, indi də həyat Bahəddin Fərəcovu başqa cür sınağa çəkməklə məşğuldur. Deyir, bütün qışı xəstə həyat yoldaşı ilə binaların girişində yaşayıb:
“BİNALARIN BLOKUNDA YATIRDIQ...”
“Ev-eşiyimizi satandan sonra bir müddət kirayədə qaldıq. Həyat yoldaşım ağır əməliyyata düşdü, əlimizdə olan pulların qalanı da ona xərcləndi. Sonra evin kirayəhaqqısını ödəyə bilmədiyimizə görə ev sahibi bizi çölə atdı. Bir müddət qohumların evində qaldıq. Ancaq qohum da adamı uzağı bir ay saxlayar, ondan artıq yox. Beləcə, qohumların da evləri tükənəndən sonra küçədə qalmalı olduq. Bu qışı həyat yoldaşımla binaların girişlərində yatdıq. Elə vəziyyətlərə düşdük ki. Həyat yoldaşım ağır xəstələndi. Yenə qohumlara üz tutduq. Onların köməkliyi ilə həyat yoldaşım ankoloji əməliyyat olundu”.
Əsəbləri pozulmuş, ürək xəstəliyinə tutulmuş və işləmək qabiliyyətini itirmiş Bahəddin Fərəcov ankoloji xəstə olan həyat yoldaşı ilə birlikdə indi qohumların onlar üçün kirayələdiyi mənzildə qalırlar. Ancaq ilk vaxtlar mənzilin kirayəsini qohumlar ödəsələr də, son ayların ödəmələri işsiz-gücsüz Bahəddin Fərəcovun üzərinə düşdüyündən borc borc üstündən qalanıb. Müsahibim deyir ki, evin sahibi artıq öz xəbərdarlığını edib və yaxın vaxtlarda ərlə arvadı yenə binaların girişləri, parkların skamyaları gözləyir.
“İT DAMI OLSUN, ANCAQ AZƏRBAYCANDAN KƏNARDA OLSUN”
Ancaq Bahəddin Fərəcov deyir ki, Mərkəzi Klinik Xəstəxana ilə 4 illik çəkişməsi onda halət qoymayıb. İndi o, itirdiyi pulların özünə qaytarılmasından, vətəndə bir koma alıb içərisinə yığışmaqdan əlini üzüb və bütün ümidlərini qəriblikdə sığınacaq əldə etməyə bağlayıb:
“Nə qədər o məmurun, bu məmurun qapısında dayanmaq olar? Bir uşağımı öldürüblər, bir ev-eşiyim əlimdən gedib, küçədə qalmışam, bir də az qala özümü borclu çıxarırlar. Mənimlə elə rəftar edirlər ki, sanki mən bunların balasını öldürmüşəm. Qanunların insanları yox, insanların qanunları idarə etdiyi ölkədə yaşamaq istəmirəm. Razıyam, bir it damı olsun. Ancaq Azərbaycandan kənarda”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG