Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:48
-
İndən belə daimi yaşayış yerini 60 gün müddətinə tərk edən şəxs getdiyi yerdə ən geci 10 gün içində qeydiyyata düşməlidir.

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanuna yeni dəyişiklikdə belə deyilir. Aprelin 19-da Milli Məclis dəyişiklik təkliflərini bəyənib. Elm və təhsil komitəsi sədrinin müavini Bəxtiyar Əliyev bu yeniliyi anlaşılan saymır:

«İndi güdükçülər düşməlidirlər ki, haradan gəlmisən? Bu, neqativ hallara yol açacaq. Bunun nə cəmiyyətə, nə də cəmiyyətdəki münasibətlərin tənzimlənməsinə faydası var. Bu gün azadlıqdır, insanın mülkiyyət hüququ var. Bir insanın 7-8 yerdə mülkiyyəti ola bilər və bir az orda, bir az burda qalırsa , o zaman nə etməlidir? Bunu kim yoxlayacaq? Buna kim nəzarət edəcək? Nəzarətçilər olacaqsa, demək, narazılıqlar, yayınmalar da olacaq. Hesab edirəm ki, bu, yaxşı heç bir şey vəd etmir».

Bəxtiyar Əliyevə görə, sözügedən dəyişikliklər deputatlar üçün də əsaslandırılmayıb:

«Mən öz çıxışımda qeyd etdim ki, bu, yolverilməz və qəbuledilməzdir».

«ƏSAS ODUR Kİ, ADAMI TAPMAQ OLSUN»

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov tam əksini düşünür və qanuna dəyişiklikləri yerində, həm də qaçılmaz sayır:

«Mən bu dəyişikliklərlə razıyam. Bilirsiniz, insanı haradasa axtarmaq, axtaranda da haradasa tapmaq lazımdır».

Rafael Cəbrayılov

Rafael Cəbrayılov

Deputat qanuna dəyişikliklərin bürokratik əngəllər doğuracağına da inanmır:

«Qeydiyyata düşmək deyəndə, gözümüzün qabağına, bürokratik əngəl kimi, kiminsə qapısının ağzında növbəyə dayanmaq gəlir. Gələcəkdə bunun elektron variantını yaradıb məsələni asanlaşdırmaq olar. Əsas odur ki, adamı tapmaq mümkün olsun».

«MİSAL ÜÇÜN SİZİ CƏRİMƏ EDİBLƏR...»

Rafael Cəbrayılov qeydiyyata almanın zəruriliyini əsaslandırmaq üçün misallar çəkir:

«Tutaq ki, nəqliyyat vasitəsinin sahibi kimi, sizi cərimə ediblər, amma gəlirlər evə və sizi evdə tapa bilmirlər. Bir aydan sonra cərimənin üzərinə faiz gəlir. Üç aydan sonra da avtomobilinizi cərimə meydançasına aparırlar. Amma getdiyiniz yerdə qeydiyyata düşsəniz, cərimə gələndə deyə bilərsiniz ki, mənim yerim bəlli olub və mən günahkar deyiləm».

«BU QANUN ÖLÜ DOĞULUB, ÖLÜ DƏ YAŞAYACAQ»

«Azərbaycan Miqrasiya Mərkəzi» İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev bu qanunun indiyədək mövcud olduğunu, amma işləmədiyini söyləyir. Onun fikrincə, dəyişikliklər gerçəkləşsə də, sözügedən qanun «ölü qanun» olaraq qalacaq: Əlövsət Əliyev

Əlövsət Əliyev


«Təəssüflər olsun ki, bu qeydiyyata düşmək məsələsi də vətəndaşın öz üzərinə qoyulur. Azərbaycana gələn əcnəbilərə gəlincə, qeydiyyat məsələsi onların qaldığı yerin üzərinə düşür. Amma Azərbaycan vətəndaşlarına münasibətdə məsuliyyət onların öz üzərinə qoyulur və buna əməl olunmadığı halda 20 manat cərimə nəzərdə tutulur. Bu, anormal bir şeydir».

Əlövsət Əliyevə görə, bu dəyişiklikləri qəbul edən deputatların 90 faizi yaşadığı ünvanda qeydiyyatda deyil:

«Onlar 60 gün yox, 6 ildən çoxdur başqa ünvanlarda yaşayırlar. Ona görə bu qanunların işləməyəcəyi aydındır. Bu qanun ölü doğulub, ölü də yaşayacaq. Azərbaycan əhalisinin 60 faizi Bakıda yaşayır, amma hamısı rayonlarda qeydiyyatdadır».

Birlik rəhbərinin fikrincə, belə qanunlara sosial sifariş olmalıdır. Onun dediyinə görə, hazırda sosial sifariş tikililərin sənədləşdirilməsi və vətəndaşların yaşadığı yerdə qeydiyyata alınmasıdır.

Şərhləri göstər

XS
SM
MD
LG