Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:03

Yerdə əsir qalmış göyərçinlərik... (Seçmə şeirlərdən)


Sumqayıt
Sumqayıt
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Aygül Qurbanova


Qarışıqlıq


Bir filimlik hadisə..
Bir silah, bir siqara, bir qara..
Silah sənin gözlərin,
Bir siqar gözlərin üçün..
Qara bizim bəxtimizdir, əzizim..
Ancaq bunlar, bütün bunlar..
Yetmir sənə anladım,
Qaranlıqdakı ağlığı..
Anlamasan da olar..
Boş və məsum baxışlarına
Qaldırıram bu sağlığı...
Bir yalnızlıq yoxlamasıdı bunlar..
Oyan yatağım, oyan yastığım..
Nə qımıldanırsan, ay asılqandan asdığım..
Səni geyinib getməyə yerim yox..
Yaxşı yatın..
Oyanmağa halım yox..
Qurtul bu mənasızlıqdan..
Qaranlıqdakı ağlıq da
Qaraya boyanmadan..
Beynimdə sən olmadan
Hansı ölüm daha
çox ağrıdar canı..
yorğan üzünəmi
dolasam boynumu..
yoxsa açıq qoyum qazı
qoy evə qaz dolsun..
beynimdə sənli olmazlar
uyuşsun..
ya bir kəndir, ya bıçaqmı?
Ölüm ağrıdacaqmı..?
Bütün bunları dəli şeytan deyir..
Qorxma, heç nə olmaz, əzizim..
Şeytan qələt eləyir...


***


Salam, görmədiyim oğlan,
Necə keçir həyatın?
Deyəsən qane etmir,
Işləri kainatın..
Bilirəm ki, belədi,
Bilirəm ki, beləsən,
Mən səni görməsəm də
Bilirəm ki, görəcəm.
Mənim kimi şairsən?
Yəni bir gün sənin də
Qəddin, belin bükülər,
Sən çəliklə gəzərsən
Şeirlərin yürüyər..
Bilirəm çox çətindi
Buralarda yaşamaq,
Başda Heminqueylə
Birgə adət daşımaq..
Hələ bunun vərdişi,
Mentaliteti də var.
Bunların yaratdığı
Sayısız dərdi də var.
Bəlkə elə bunlardı
Məni səndən ayıran
Daha məqbul olardı,
Azərbaycan əsilli,
Amerikada yaşayan
Sənin də mənim kimi
Kirayə borcunmu var?
Sənin də bu ölkədə
Əlavə xərcinmi var?
Indi hara getməyə
Bizim gücümüz yetər?
Indi qar üstündə də
Bizim izimiz itər...
Bu ölkədə kasıbın
Uşağı da kasıbdı,
Şərəfsiz olmaq gücdü,
Kasıb olmaq ayıbdı..
Buna görə, əzizim
Hər şey belə çətindi..
Məmurlar yenə yeyər
Lap bilsə ki, yediyi
Elə sənin ətindi..
Bax belə xarabadan
Axı Hara qaçasan?
Çatmağa yer də yoxdu
Qaçıb kimə çatasan?..


***


Yadımda uşaqlıqdan
Xatirələr var..
Sumqayıt küçələrində,
Sumqayıt evlərində
Keçmiş xatirələr..
Atamın işlədiyi
Zavodun tüstüsü
Bizim evin
Eyvanından görsənirdi..
Anam deyirdi ki, atan
Bax o tüstü gələn
Yerdə işləyir..
O işdən gələndə
Elə bilirdim ki,
tüstülər ölkəsindən gəlir..
həmin tüstü
səmaya doğru qalxırdı,
buludları ağuşuna alırdı..
yadımdadı məktəbdə müəllimim
buludun necə yarandığını
soruşanda demişdim ki,
onları atamın işlədiyi
zavodda düzəldirlər..
sonra tüstü ilə səmaya ötürürlər..
Sumqayıt səması həmişə
Dumanlı olurdu,
Bozumtul, birtəhər..
Mənim uşaqlığımın
Yatdığı tüstülü şəhər..
Hökümət müəllimə
Az maaş verir deyə
Atam məcbur oldu ki,
Zavodda işə düzəlsin..
Məktəbdə şagirdlərə
“təbiəti qoruyaq” deyən insan
Indi təbiəti zəhərləsin..
Hökümət atamı
Oksigenin qatili elədi..
Atamgilin zavodunun
Buraxdığı tüstü insanları,
elə atamın özünü də zəhərlədi..
bizim uşaqlığımız
firavan keçmədi
hökümətin bizə
bizim də təbiətə
yazığımız gəlmədi..
çətin oldu dolanmaq..
ancaq bu çətinlik
bizi uşaq vaxtından agah etdi ki,
ağır olur hökümət tərəfindən “dolanmaq”..
anam da atam da işdən
YAPa üzv edildilər..
Hər ay üzvlük haqqı verdilər..
Ancaq, qarşılığında
Bizə insan kimi
yaşamaq haqqı vermədilər..
babam həmişə
“Baba”nı söyəndə..
Atam deyirdi ki,
Yavaş ol, “yer” in qulağı var..
Amma, ac qaldığımız
Günlərdə heç vaxt demirdi ki,
“yer”in ürəyi də var,
Bizi sürünməyə qoymazlar..
Bozumtul şəhərimizin
Rəmzi ağ göyərçindi..
Heç kimin onu
Zəhərli səmaya uçurmağa
əli gəlmədi..
bizlər bu şəhərin də,
ölkənin də “zəhərli səmasın”da
ölməyək deyə
yerdə əsir qalmış göyərçinlərik
Təslim olsaq ölərik..

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG