Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:03

«Mənə Naxçıvan gətir»


İlanlı dağı
İlanlı dağı

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq Qapısı» - 19 aprel 2013.

Hədiyyə et, amma əmin ol ki, o, səni xatırladacaq...

... Getməmişdən öncə telefonla danışarkən uşaqdan nə istədiyini soruşdum. Cavabı xeyli qəribə oldu: «Mənə Naxçıvan gətir». «Yaxşı, gəlim, qayıdanda səni Naxçıvana aparacağam», – dedim. Amma o, narazılıqla dediyini təkrar edirdi: «Yox, mənə Naxçıvan gətir». Sonradan aydın oldu ki, bir il öncə ona hədiyyə etdiyim Möminə xatın türbəsinin mis fiquru hələ 5 yaşı olan uşağın hədiyyələrinin arasında özünə xüsusi «yer edib» və o da bunu «Naxçıvan» adlandırıb. Maraqlı məqam da burda idi; o günə qədər ona hədiyyə etdiyim, bəlkə də, yüzlərlə irili-xırdalı hədiyyələr içərisində hansısa xarici ölkədə hazırlanmış hədiyyələr deyil, elə Naxçıvanın özündə, öz sənətkarlarımız tərəfindən hazırlanmış hədiyyə yadda qalmışdı. Və bu hədiyyə ona tariximizin qədim çağlarını özündə yaşadan bir diyarı xatırladırdı.

... Nəzərə alsaq ki, biz hədiyyələri təkcə yaxınlarımıza və doğmalarımıza deyil, müxtəlif ölkələrdən və yerlərdən Naxçıvanımıza gələn qonaqlara da təqdim edirik, o zaman biz təkcə hədiyyə verməklə yox, həm də Naxçıvanımızı və ümumi mənada, Azərbaycanımızı, tariximizi və kimliyimizi təbliğ etmiş oluruq. Hər halda, Avropadan gəlmiş qonağa fransız istehsalı olan bir ətir və yaxud Çindən gəlmiş dostunuza Çin istehsallı bir suvenir hədiyyə etməniz, yayın istisində kəndə gələn qonaqlara ayran yerinə «Coca-Cola» içkisini təklif etməyə, ya da Naxçıvana satış üçün duz gətirməyə bərabər bir addımdır.

İqtisadi və mədəni inkişafa aparan yol

Etiraf edək ki, kifayət qədər uzun illərin durğunluğundan sonra öz tarixinin intibah dövrünü yaşayan Naxçıvanın əsl mənzərəsini yeni-yeni nəğmə və rəsm əsərləri ilə tərənnüm edə, sənədli filmlərlə hələlik tam əks etdirə bilməsək də, bu diyarda yaşayan insanların gözü qarşısında bir film kimi axıb gedən həyatın özü, gerçək ssenarisi onu vicdanla izləyə bilənlərə hər şeyi deyir. «Vicdan» kəlməsi ona görə burada yerinə düşdü ki, hələ də bəziləri insanlara faydalı olmaq yerinə, onsuz da onun qapısının ağzına qədər gəlmiş rifahdan, necə deyərlər, pay qoparmağı özlərinə vərdiş seçmiş, yaşadıqları diyarın sürətli inkişafını görmədən özlərinə xas dar pəncərədən xırda daşlar ataraq su bulandırmaqla məşğuldurlar. Halbuki yaxın və uzaq ətrafımızda sabitlikdən uzaq, hərc-mərcliyin hökm sürdüyü, təhlükəsiz həyat şəraitinin yoxa çıxdığı ölkələr vardır ki, bəzən buradakı bəzəkli, parıltılı reklam tablolarını «mədəni inkişaf» sayıb onları özümüzlə müqayisə etməyə də çalışırıq. Ola bilər. Nə olsun ki, bizdə hələ camaatın dilindən düşməyən yeni teatr tamaşaları səhnələşdirilmir, yaxud kinozallarımızda yüzlərlə və minlərlə tamaşaçı toplayan milli filmlər görmürük. Uşaqlarımız məcbur qalaraq xarici cizgi filmləri ilə əylənir, yabançı oyun qəhrəmanlarına tamaşa edirlər. Bədii ədəbiyyat oxumasaq da, son zamanlar qəzetlərə maraq xeyli artmaqdadır.
XS
SM
MD
LG