Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 06:16

Hakerlər Rabitə Nazirliyinin qapalı sənədlərini ələ keçirdiyini bildirir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytı
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytı
-
«Anonymous» adlı beynəlxalq hakerlər qrupu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus 1.5 GB tutumlu qapalı sənədləri ələ keçirdiyi barədə məlumat yayıb. Qrup bu məlumatların bəzilərini par-anoia.se saytına yerləşdirib.

NAZİRİN FOTOŞƏKİLLƏRİ YAYILIB?

Nazirlik haker hücumunu təsdiqləyir, amma bu barədə ətraflı məlumat verməyə tələsmir. Nazir müavini Elmir Vəlizadə AzadlıqRadiosuna məsələnin araşdırıldığını və nəticələrin daha sonra açıqlanacağını söyləyib:

«Araşdıraq, ondan sonra nə isə məlumat verərik».

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «Qafqazinfo»ya hər hansı gizli sənədlərin ələ keçirilmədiyini, heç bir şəkil və sənədin oğurlanmadığını deyib.
Müşfiq Əmirovun dediyinə görə, haker qrupu yalnız nazirin beynəlxalq və yerli tədbirlərdə çəkdirdiyi fotoşəkilləri ələ keçirərək yayıb.

«QIRMIZI OKTYABR»IN DAVAMI

«Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz baş verənləri ciddi hadisə sayır. Onun fikrincə, haker qrupu nazirliyin bazasından ən əhəmiyyətsiz sənədləri götürsə belə, bu, ölkədə informasiya təhlükəsizliyi işlərini əlaqələndirən bir dövlət qurumu üçün ciddi nöqsandır:

«Necə yəni elə bir ciddi informasiya götürülməyib? Nə götürülməsindən asılı olmayaraq, sizin informasiya bazanıza girilibsə, bu, ciddi hadisədir. Dəxli yoxdur ordan foto götürülüb, ya hansısa müqavilə...
Osman Gündüz
Osman Gündüz
Məsələ odur ki, bazaya daxil olublar. Bundan da ciddi daha nə ola bilər ki? Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti buna cavab verməlidir. Açıqlama verməlidirlər ki, hakerlər bazaya necə daxil olublar, haradan giriblər, kim buna məsuliyyət daşıyır və s. İnformasiya təhlükəsizliyi ilə bağlı məsələlərə cavabdeh qurumun özündə, zaman-zaman, belə hadisələr baş verirsə, bu, kifayət qədər ciddi məsələdir. Bəs hanı koordinasiya?».

Buna oxşar hadisənin bir-iki ay əvvəl «qırmızı oktyabr» adlı virusla gerçəkləşdirildiyini xatırladan Osman Gündüz sonuncu haker hücumunu da bunun davamı sayır:

«Biz onda məsələ qaldırdıq ki, bu məsələyə reaksiya verilsin, amma təəssüf ki, nə Rabitə Nazirliyi, nə də Xüsusi Dövlət Mühafizə Xidməti hər hansı açıqlama verdi».

Osman Gündüz deyir ki, informasiya təhlükəsizliyinin qorunması ilə bağlı yaradılan və vaxtilə müsbət qiymətləndirdiyi qurumların bu sahədəki fəaliyyətsizliyi onda təəssüf doğurur.

«GƏRƏK BU İŞƏ 10 MİN MANAT AYIRAYDI»

Peşə təhlükəsizliyi baxımından adının açıqlanmasını istəməyən azərbaycanlı haker bu məsələdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini günahkar sayır. O deyir ki, hakerlər həmişə hər hansı bazaya daxil olmaq istəyəndə, həmin bazada ən zəif nöqtələri müəyyənləşdirir və beləcə, öz istəklərinə nail olurlar:
Haker.
Haker.
«Təsəvvür edin ki, bir serverdə bir neçə sayt var və onların birində hansısa problem var. Hakerlər həmin o problemli sayta virus göndərməklə onu sındırırlar və burdan da digər saytlara keçirlər. Ortada milyon variant olsa da, hamısı təhlükəsizliyin aşağı səviyyəsindən qaynaqlanır».

O, haker hücumunu nazirliyin elektron məlumat bazasının zəif qorunması ilə izah edir və düşünür ki, nazirlik lazımı qədər vəsait ayırıb, bu sahəni bacarıqlı mütəxəssislərə həvalə etsəydi, belə problemlərlə üzləşməzdi:

«Yaxşı olar ki, Rabitə Nazirliyi milyonlar xərcləyib göyə peyk buraxmazdan öncə öz informasiya təhlükəsizliyinə 10 min manat pul ayırıb bu işləri daha yüksək səviyyədə quraydı. Bu olay Rabitə Nazirliyinə yaraşmır. Kompüter dili ilə desək, gərək nazirlik işə yaxşı kadrları cəlb etsin və onlara yaxşı pul versin. Axı bu işlərdən başı çıxanlar gedib nazirliyin ayda 300 manatına işləməz və daha gəlirli sahələrdə çalışar».

BU İLK HÜCUM DEYİL

«Anonymous» qrupu Azərbaycanın dövlət qurumlarının elektron məlumat bazasına ilk dəfə deyil hücum edir. Daha öncə hakerlər Azərbaycan nazirləri ilə bağlılığı olan ofşor şirkətlər haqqında məlumat yaymışdılar.
XS
SM
MD
LG