Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:17

Qobustan həbsxanasında məhbuslar aclıq edir


Aprelin 18-də Qobustan həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar müddətsiz aclıq aksiyasına başlayıb.

Bu haqda AzadlıqRadiosuna Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova məlumat verib: «Bu gündən kütləvi şəkildə dinc aclıq aksiyasına başlayıblar. Aclıq aksiyası qeyri-qanuni ömürlük həbs cəzası ilə bağlıdır. Onlar işlərinə yenidən baxılmasını, hər kəsə öz cəzasının verilməsini istəyir».

Bir neçə gün əvvəl ömürlük məhbuslar adından ombudsman Elmira Süleymanovaya müraciət olunmuşdu. Ömürlük məhbus Əli Quliyevin imzaladığı həmin müraciətdə deyilirdi ki, «1998-ci il fevralın 10-da Milli Məclisin qəbul etdiyi qanunla ölüm hökmü ləğv olunub və həmin sənədin 4-cü bəndi vaxtilə ölümə məhkum edilmiş şəxslərin cəzasının ömürlük həbslə əvəzlənməsini nəzərdə tutub. Milli Məclisin öz səlahiyyətlərini aşaraq, məhkəmə hakimiyyətinin səlahiyyətlərini mənimsəyərək bizə təyin etdiyi ömürlük həbs cəzası Azərbaycan qanunvericiliyinə, tərəfdarı olduğumuz beynəlxalq hüquq normalarına, Avropa İnsan Hüquqları Konvensiyasına tamamilə ziddir. Cinayət qanununun zamana görə qüvvəsi hüquqi prinsipinə və 2000-ci il sentyabrın 1-nə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən, bizim hər birimizin işinə məhkəmədə fərdi qaydada baxılmalı, 15 il azadlıqdan məhrumetmə cəzası kəsilməli və yaxud prezidentin əfv sərəncamı qaydasında 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası verilməli idi. Nəzərinizə çatdırıram ki, indiyə qədər bizim ömürlük məhkum olunduğumuza dair heç bir məhkəmə qərarı yoxdur».

Penitensiar Xidmət İdarəsi mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, aclıq edənlər rəsmi müraciət etməlidirlər:

«Amma hələ rəsmi müraciət etməyiblər. Müraciət edəndən sonra qanunvericiliyə görə onlar digər məhbuslardan təcrid olunub, həkim nəzarətinə götürüləcəklər».

Bundan əvvəl ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar bir neçə dəfə prezidentə, Ombudsmana müraciət etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG