Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:21

İşdə ölümə görə təqaüdü əldə etməyin çətinlikləri


Arxiv foto: süd məhsulları fabriki

Arxiv foto: süd məhsulları fabriki

-

«Dedilər, şirkət rəhbərinin sizə yazığı gəlsə, təqaüdün verilişini bərpa edəcək. Bir müddət gözlədik, gördük, səs-soraq yoxdur, yenə zəng vurdum. Bu dəfə də dedilər ki, rəhbərlik təqaüdü bərpa etmədi».

Cəlilabad rayon sakini Rafiq Qədirov «Qaynar xətt»ə «MKT» İK (İstehsalat Kommersiya) MMC-dən şikayət edib. Deməsinə görə, atası Rza Qədirov 1993-cü ildə işlədiyi Əli-Bayramlı Yağ-Piy Kombinatında yanğın zamanı həlak olub. Müsahibim əvvəlcə Rza Qədirovun himayəsində olmuş azyaşlılara görə təqaüdü əldə etmək üçün bir neçə il əvvəl keçdikləri çətinliklərdən danışır:

«UŞAQLAR ATAMIN HİMAYƏSİNDƏ OLMUŞDU»

Cəlilabad rayonu

Cəlilabad rayonu

«Atam 1993-cü ildə işdə həlak olmasına baxmayaraq, ölümündən sonra onun aylıq əməkhaqqısının himayəsində olmuş azyaşlılara verilməli olmasını 10 il bilməmişik. Bu müddət ərzində heç iş yerindən də təşəbbüs göstərib, bu qanuni təqaüdü bizə verməyiblər. 2003-cü ildə mən bu məsələni Əli-Bayramlı Yağ-Piy ASC-nin rəhbərliyi qarşısında qaldıranda və 10 il bizə ödənilməyən təqaüdləri tələb edəndə ASC rəhbərliyi cavab verdi ki: «Sizin atanızı biz öldürməmişik və sizə biz tərəfdən təqaüd düşmür». Mən Əmək Müfəttişliyinə və başqa aidiyyəti orqanlara şikayətlər yazandan sonra ödənilməli olan 10 ilin təqaüdünü birdəfəlik ödəmə ilə bizə verdilər. Ondan sonrakı ödənişlər də aybaay olurdu. Həmin təqaüdü bizə iki qardaşımın üç azyaşlı balalarına görə verirdilər. Çünki həmin uşaqlar atamın himayəsində olmuşdu».
Rafiq Qədirov deyir ki, sonradan Şirvan Yağ-Piy ASC-yə çevrilən kombinat «MKT» İK (İstehsalat Kommersiya) MMC-nin tərkibinə keçib. Təqaüd alan azyaşlı uşaqlar 18 yaşına çatdıqlarına görə 2011-ci ildə MMC təqaüdü kəsib:

«DEDİLƏR, RƏHBƏRLİYİN YAZIĞI GƏLSƏ, TƏQAÜDÜ BƏRPA EDƏCƏK»

««Şirvan Yağ-Piy» ASC uzun illərdir ki, MKT İK MMC-nin tərkibindədir. Mən də əvvəl həmin MMC-yə ərizə yazdım, hüquqşünasları ilə danışdım. MMC-nin hüquqşünası Eldəniz Quliyev bildirdi ki, baş direktor İkram Kərimli ərizəyə baxaraq, «Şirvan Yağ-Piy ASC-yə göndərib. Hüquqşünasın sözlərindən belə aydın oldu ki, ASC-nin rəhbəri Tahir müəllimin bizə yazığı gəlsə, ali məktəbdə təhsil alan qardaşım oğlunun müavinətinin verilişini bərpa edəcək. Bir müddət səs-soraq çıxmadığını görüb, ASC-nin kadrlar şöbəsinə zəng vurdum. Bildirdilər ki, Tahir müəllim müavinəti bərpa etməyib».
İndi Rafiq Qədirov tələbəyə verilməli olan təqaüdün bərpasını tələb edir.
«MKT» İK MMC pambıq və pambıq məhsulları istehsalı və satışı ilə məşğul olan Azərbaycan şirkətidir. «Şirvan Yağ-Piy» ASC də bu MMC-yə daxildir. Şirkətin hüquqşünası İlqar İbrahimov «Qaynar xətt»ə bildirib ki, Rza Qədirov işdə vəfat edərkən himayəsində heç kəs olmayıb. Mərhumun qardaşlarının azyaşlı uşaqlarına isə şirkətin həmkarlar təşkilatı sadəcə yardım edib:

«O TƏQAÜD DEYİLDİ, SADƏCƏ YARDIM İDİ»

Namizəd Səfərov

Namizəd Səfərov

«Uşaqlar o kişinin rəsmi himayəsində olmayıb. Sadəcə, iş yoldaşları bilirdilər ki, kasıb ailədir, işləyən yoxdur, uşaqlar körpədir, həmkarlar təşkilatı öz təşəbbüsü ilə o uşaqlara yardım edirdi. Pul da ailəyə əlbəəl verilirdi, rəsmi təqaüd kimi yox. Bu, könüllü olan bir yardım idi. Baxmayaraq ki, kombinat 15 ilə yaxındır fəaliyyət göstərmir, ancaq yardımı kəsməmişdik. Uşaqlar 18 yaşına çatandan sonra yardım dayandırıldı».
Hüquqşünas deyir ki, mərhum Rza Qədirovun hazırda tələbə olan nəvəsi Ceyhun Qədirovun babasının rəsmən himayəsində olması barədə sənəd təqdim olunarsa, şirkət 2011-ci ildən kəsilmiş yardımı birdəfəlik ödəməyə və o, 23 yaşına çatanadək yardımı davam etməyə hazırdır.

QANUNUN YARATDIĞI İMKANLAR

Hüquqşünas Namizəd Səfərov deyir ki, Mülki Məcəllənin 1121-ci maddəsi ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsinə zəmin yaradır. Həmin maddənin 3.1-ci hissəsi himayədə olanların 18 yaşına çatanadək, 3.2-ci maddəsi isə 18 yaşından yuxarı tələbələrə əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu 23 yaşınadək bu təqaüdü almaq hüququ verir.

Hüquqşünas: «Əgər himayəçilik rəsmən təsdiqlənirsə və şirkət təqaüdü ödəməkdən boyun qaçırırsa, Ceyhun Qədirov həddi-buluğa çatdığına görə şəxsən özü şirkətə qarşı məhkəmə iddiası qaldıra bilər».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG