Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:18

Polisdə şərləndiyini deyən Göyçay sakininə 4 il həbs cəzası verildi…


-

Göyçay rayon sakini İlhamə Ağayeva deyir ki, bu ilin yanvar ayında həyat yoldaşı Nağı Babayev şərlənərək həbs edilib. O, səbəb kimi həyat yoldaşının işlətdiyi çayxanaya görə polis işçilərinə «aylıq haqq» verməməsini göstərir:

«Həyat yoldaşım bir müddət idi ki, icarəyə çayxana götürmüşdü. Ancaq polislər işlətməyə imkan vermirdilər. Hər gün çayxanaya biri gəlib, biri gedirdi, yoldaşımdan haqq istəyirdilər. Deyirdilər, ya şöbəyə aylıq haqq ödəməlisən, ya da çayxananı işlətməyəcəksən. Buna görə yoldaşımla polislərin arasında narazılıq yaranmışdı».

İlhamə Ağayevanın deməsinə görə, bu il yanvarın 3-də Nağı Babayevi qandallayaraq rayon polis şöbəsinə aparıblar:

İlhamə Ağayeva polislə mübahisə edir
İlhamə Ağayeva polislə mübahisə edir
«Yoldaşımı gündüz saat 11-də tutub polisə aparıblar. Çayxananın açarlarını əlindən alıblar, özünü polisdə saxlayıblar, axşam saat 6-da özləri yoldaşımın iştirakı olmadan çayxanaya gediblər. Apardıqları narkotik maddəni çayxanaya qoyandan sonra qayıdıb, polis şöbəsindən yoldaşımı da ora aparıblar. Elə görüntü yaradıblar ki, guya narkotik maddə elə əvvəldən çayxanada imiş».

POLİSLƏRDƏN ŞİKAYƏT ETMİŞDİ...

Şikayətçinin dediyinə görə, həyat yoldaşı Nağı Babayev polis əməkdaşları tərəfindən sıxışdırılması barədə rayon prokuroruna da məlumat verib:

«Prokurora da, polis rəisinə də onu hədələyən, haqq istəyən polislərdən şikayət etmişdi. Şərlənib tutulandan sonra məni polis rəisinin müavini Faiq İlyasov şöbəyə çağırdı, Nağının azad olunması üçün 5 min manat istədi. Ondan şikayət edəcəyimi deyəndə, məni hədələdi ki, elə etmə evindən də narkotik çıxsın».

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə «Qaynar xətt»ə bildirmişdi ki, işlətdiyi çayxanaya görə, aylıq haqq vermədiyi üçün Nağı Babayevin şərlənərək tutulması barədə deyilənlər əsassızdır:

POLİS JURNALİSTƏ DƏ ZOR TƏTBİQ EDİB...

Orxan Mansurzadə
Orxan Mansurzadə
«Göyçay RPŞ-nin əməkdaşlarının bu il yanvarın 3-də həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Qarayazı kənd sakini Əbülfəz Əsgərov saxlanıb, üzərindən marixuana aşkar edilib. O, izahatında bildirib ki, həmin narkotik vasitəni Göyçay rayon sakini Nağı Babayevdən alıb. Tədbirin davamı olaraq Nağı Babayev də saxlanaraq şöbəyə gətirilib. Hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən onun da üzərindən 1 kibrit qutusunda marixuana tapılıb. Həmin gün özünün və hal şahidlərinin iştirakı ilə onun işlədiyi çayxanaya da baxış keçirilib. Bu zaman sellofan paketdə 469.34 qram marixuana aşkarlanıb».

Aprelin 16-da isə Nağı Babayevin məhkəməsi keçirilirdi. Təqsirləndirilən şəxsin həyat yoldaşı İradə Ağayeva da həmin gün Nağı Babayev üçün polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasına siqaret və yemək gətirmişdi. İradə Ağayevanın dediyinə görə, zənbili həyat yoldaşına çatdırmaq əvəzinə onu təhqir ediblər. Polis hadisəni lentə alan bu sətirlərin müəllifinə də zor tətbiq edib. Hətta jurnalistin kamerasını belə əlindən almaq istəyiblər.

Artıq Nağı Babayevə Göyçay rayon məhkəməsi 4 il həbs cəzası verib. Nağı Babayevin həyat yoldaşı İradə Ağayevanın sözlərinə görə, onlar bu hökmdən apellyasiya şikayəti verəcəklər.
XS
SM
MD
LG