Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:47
-

QANUNA DƏYİŞİKLİKLƏR NƏYƏ XİDMƏT EDİR?

Milli Məclisin son iclaslarında “Dini etiqad azadlığı haqqında” qanuna bir neçə dəfə dəyişiklik edildi. Əvvəlcə, dini təşkilatların 200 manatdan artıq ianə alması qadağan olundu. Daha sonra ölkəyə gətirilən dini ədəbiyyatların nəzarət markası olmadan satışına qadağa qoyuldu. “İslam və demokratiya” proqramında həm qanuna edilən son düzəlişlər, həm də parlamentdə səslənən bəzi fikirlər haqqında müzakirə açıldı.


MÜZAKİRƏ VAXTI SƏSLƏNƏN ÇIXIŞLAR...

Xatırladaq ki, qanunun müzakirələri zamanı Milli Məclisin üzvü İlham Əliyev vəhabilərə münasibətdə fikirlərini açıqlayıb. Deyib ki, bu dini cərəyanın davamçılarını cəmiyyətdən təcrid etmək lazımdır:

Çalışmalıyıq ki, cəmiyyətimizdəki qısa şalvarlıları və saqqalı sinəsinə qədər düşənləri təcrid edək. Axşamlar bulvara çıxanda adam onların xarici görünüşünə nifrət edir. Çalışıb onları individual qaydada və yaxud kompleks şəkildə cəmiyyətdən təcrid etməliyik. "Dini etiqad azadlığı haqqında" Qanuna edilən dəyişiklik yəqin ki, buna xidmət edir. Biz çalışacağıq ki, belə ünsürlər gələcəkdə aramızdan yığışdırılsın”.

Radioya müsahibəsinə deputat Qüdrət Həsənquliyev dini atributların dövlət idarəsində istifadəsinin, insanların iş yerində inancına uyğun geyinməsinin əleyhinə olduğunu deyir:

“Amma evdə-eşikdə, küçədə özləri bilərlər. Fransada görəndə ki, ictimai quruluşun özünə qarşı təhlükəyə çevrilirsə,”


VƏHHABİLƏR HAQDA FİKİRLƏR DÖVLƏTİN MPVQEYİDİRMİ?

“İslam və demokratiya”nın qonağı olan deputat Zahid Oruc bu məsələdə münsif olmaq istəmir:

“Ayrı-ayrı parlament üzvlərinin mövqeyini dövlət mövqeyi saymamaq olar. Bu cür fikirlərin dövlət siyasəti olmadığını, qanun tərəfindən dəstəklənib-dəstəklənmədiyini müəyyənləşdirmək lazımdır. Qanunvericilikdə bunun hüquqi qüvvəsi yoxdur”.



"BU ÇIXIŞ ÖZÜ RADİKALLIQDIR"

Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu isə bu cür fikirləri dini kəsimə qarşı radikal yanaşma kimi qiymətləndirir:

“Bəzən bu kimi çıxışlara lazımından çox diqqət ayırmaq lazım deyil. Oyun qaydaları konstitusiya ilə tənzimlənir. Anayasanıaraşdıranda, bu kimi çıxışların predmetsizliyi üzə çıxır”.



AKSİZ MARKALARI NƏYƏSƏ YARAYARMI?

Milli Məclis nümayəndəsi, qanuna dəyişiklikləri tərəfdarı Çingiz Qənizadə dini ədəbiyyatların markalanması ilə bağlı bəndin Qurani-Kərimə aid olacağını düşünmür. Amma deputat yerdə qalan ədəbiyyatın markalanmasını vacib sayır:

“Təriqətlərin təbliği, millətlər arası münasibətlərin pozulmasına xidmət edən məsələlər olur. Ona görə də dini ədəbiyyatın ölkəyə gətirilməsinə nəzarət olmalıdır, xüsusi mağazalarda satlımalıdır. Dini ədəbiyyatın gətirilməsi çoxalacaqsa, dövlət orqanlarında bu işlə məşğul olan şəxslərin sayı artırılacaq”.



ƏSLİNDƏ PROBLEM BAŞQA YERDƏDİR?

Hacı İlqar İbrahimoğlu isə hazırda inanca hörmət olmadığını deyir. Onun sözlərinə görə, son 3-4 ildə baş verənlər: azan qadağan, məscidlərin sökülməsi, inanclı insanlara qarşı repressiyalar, hicablılara qarşı təzyiqlər bunu sübut edir:

“Bu gün bunların həllinə ehtiyac var. Bu problemlərin fövqündə qanunu dəyişdirmək cəhdləri qeyri-ciddidir. Azərbaycan dövlətində tolerantlıqdan danışırlar. Ölkənin dini çoxluğunun başına oyun açasan, sonra da tolerantlıqdan danışasan - bu, qeyri-səmimi görünür”.

Deputat Zahid Oruc isə hesab edir ki, Azərbaycanda İslama tapınan, həm də digər dinlərə hər bir kəsə öz etiqadını həyata keçirmək üçün imkan yaradılıb.

Amma İslam ideyaların insanların özlərinin belə, kimlərinsə həbsinə münasibəti birmənalı deyil.
Düşünülməsin ki, yalnız siyasi hakimiyyət İslamın cəmiyyətdə üstün mövqe tutmasından, Yaşıl İnqilabdan, İranın inqilab ixracından narahatdır. Eni zamanda, dindar kəsimin də bu məsələyə münasibəti eyni deyil”.

Dini ədəbiyyatın yoxlanılmasına gəlincə, Zahid Oruc hesab edir ki, bu metod effekt verməyəcək:

“Əgər bu gün biz peykimizi kosmosa göndəririksə, informasiya dünya sərhədlərini aşıb keçirsə, biz nəyinsə qabağını sərhəddə dayanıb ala bilmərik. Hər kəs istənilən ədəbiyyatı öz bloqunda yerləşdirəcək. Lənkəranda interneti olan şəxs onu asanlıqla əldə edəcək”.

MM nümayəndəsi deyir ki, dini ekstremizmə cəhd edən tendensiyalara qarşı mübarizənin yolu dini maarifləndirmədən keçir.

“Həqiqi dini cəmiyyətə çatdırmaq, orta məktəblərdə baza bilikləri vermək, ali dini təhsili öz ölkəmizdə verməliyik. Həqiqi dinin davamçılarının sayını artırsaq ,digər təhlükəli dini cərəyanlar təhlükə törətməz”.

Hacı İlqar hesab edir ki, məhkəmə olmadan komitənin bir neçə əməkdaşının subyektiv fikirlərinə əsasən hansısa dini ədəbiyyatın qadağası qanuni deyil:

“Dünyada tendensiya başqadır. Əgər hansısa ədəbiyyatda nəsə varsa, onların yayımının qarşısı məhkəmə ilə alınır”.

DEVAMM sədri ölkə üzrə vahid xütbə verilməsini də absurd sayır:

“Din dövlətdən ayrıdırsa, dini komitənin, necə dini həyatı tənzimləyəcək, insanların ruhim-mənəvi ifadəsini tənzimləyən müdaxilə ola bilər Bu sovet yanaşmasıdır, bu, “qırmızı otaq”ları, partkomları yada salır”.
Zahid Oruc vahid xütbə verilməsini “dövlətin dinin işinə qarışması” hesab etmir. Və misal kimi Türkiyəni göstərir.
“Türkiyədə də dini işlər üzrə dövlət qurumu var. Amma orada heç kim bunu əlavə nəzarət sistemi kimi qiymətləndirmir. Azərbaycanda dini azadlıqlar tələb edən dairələrin sanki hakimiyyət əleyhinə olduqlarına görə bu mövqeyi tuturlar”.

Şərhləri göstər

XS
SM
MD
LG