Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:42

Elə xalqlar var ki, onların dilində “sağ” və “sol” sözləri yoxdur


Guy Deutscher

Guy Deutscher

-

"Onlar isə belə deyirlər: “Mən indi telefondan cənub tərəfdə danışıram”. Və ya “məndən şərq tərəfdə bir fincan qəhvə var”.


Bu mübahisə uzun illərdir davam edir: ana dili insanların şəxsiyyətinə və mədəni baxışlarına təsir edirmi? “Dil “eynəy”indən baxanda: Nə üçün dünya müxtəlif dillərdə fərqli görünür” kitabının müəllifi, dilçi Guy Deutscher bu kimi nəzəriyyələr üzərində işləyib və deyir ki, dillər insanların əşyaları, coğrafiyanı və hətta rəngləri necə qavramalarına təsir edə bilər. AzadlıqRadiosunun müxbiri Daisy Sindelar onunla bu barədə söhbət edib.

- Ondan başlayaq ki, siz neçə dildə danışa bilirsiniz?

- Mən uşaqkən ivrit dilində danışırdım. İsraildə təkdilli olaraq böyüdüm. Sonra məktəbdə müxtəlif dilləri, əsasən ingilis, alman və ərəb dillərini, bir az da latın dilini öyrəndim. Bir müddət Skandinaviyada tələbə olaraq yaşadım və həmin vaxt mən Danimarka və İsveç dillərində alababat danışıdım. Elmi fəaliyyətim ixtisasım olan qədim Mesopatamiya dilləri ilə bağlıdır. Bu dillərdə 4000 ildir ki, kimsə danışmayıb. Mən bu dillərdə yazılanları oxuya bilirəm, amma danışa bilmirəm. Lap danışa bilsəydim də, danışmaq üçün kimsə tapılmayacaqdı.

- Belə bir fikir geniş yayılıb ki, dillər bizim düşüncəmizi formalaşdırır. Məsələn, bir konsepsiyanı bir dildə açmaq mümkün olanda, başqa bir dildə bu, mümkün olmaya bilər, çünki həmin dildə müvafiq söz ehtiyatı yoxdur. Belə mülahizələrdə həqiqət varmı?

- Mən düşünmürəm ki, bizim ana dillərimiz başqa dillərdə danışanların asanlıqla başa düşdüklərini qavramaq üçün bizə əngəl yaradır. Bu hər yerdə, həmişə eşitdiyimiz arqumentdir. Bunu deyən adətən dilçilər deyil. Başqa dillərdə danışanlar deyirlər ki, bəzi dillərdə danışanlar bizim bir sıra konsepsiyalarımızı – məsələn, demokratiya və azadlığı başa düşmürlər, ona görə ki, onların dillərində bu anlayışlar üçün lazım olan sözlər yoxdur. Məncə bu, yanlış fikirdir. Bir dildə danışanların başqa bir dildə danışanları lazımi sözün yoxluğuna görə başa düşmədiyini göstərən dəlillər yoxdur. Elə bir şey yoxdur ki, onu hər hansı dildə danışan şəxslə oturub onun öz dilində izah edə bilməyəsən. Lap hətta onlar bütün konsepsiyalar üçün hazır ifadələrə malik deyillərsə də...

- Digər tərəfdən siz iddia edirsiniz ki, danışdığımız dil bizim düşüncəmizə təsir göstərir, çünki sadəcə olaraq “düşüncə vərdişi” deyilən bir şey yaranır.

- Yəqin ki, bunun ən dramatik nümunələrindən biri bizim müxtəlif dillərdə bizi əhatə edən məkanı təsvir etmək tərzimizdir. Elə dillər var ki, onlarda “sağ” və “sol” və ya “qarşımda” və “arxamda” kimi sözlər yoxdur. Əvəzində onlar məkan üçün yalnız coğrafi terminləri işlədirlər. Məsələn, mən sizə belə deyirəm: “Mən indi sizinlə danışıram və telefonun qarşısındayam”. Onlar isə belə deyirlər: “Mən indi telefondan cənub tərəfdə danışıram”. Və ya “məndən şərq tərəfdə bir fincan qəhvə var”. Bu bizə qəribə görünə bilər. Amma dünyada belə dillər və cəmiyyətlər var.

- Sizin gətirdiyiniz misaldan belə çıxır ki, tanıdığı məkandan çıxarılmış şəxsi ona tanış olmayan məkanda coğrafi orientasiya aldada bilər.

- Bu, İndoneziyanın Bali adasında yaşayan və çox yaxşı rəqqas olan balaca bir oğlanın və həmin adanın başqa bir kəndində yaşayan kanadalı musiqişünasın 1930-cu illərdə başına gələn əhvalatı xatırladır. Musiqişünas balaca oğlanı rəqs müəlliminin yaşadığı kəndə gətiribmiş ki, dərs ala bilsin. Çünki onların öz kəndində rəqs müəllimi yox imiş. Beləliklə, musiqişünas uşağı rəqs müəlliminə tapşıraraq çıxıb gedir. Bir müddətdən sonra musiqişünas həmin kəndə qayıdanda düşünürmüş ki, uşaq daha yaxşı rəqs etməyi öyrənib. Lakin məlum olur ki, uşaq heç nə öyrənməyib, çünki müəllimin təlimatlarını başa düşməyib. Səbəbi də bu imiş ki, müəllim uşağa təlimatları coğrafi cəhətlərlə verirmiş. Məsələn, müəllim dərs vaxtı belə deyirmiş: “İndi də cənuba tərəf bir addım at” və ya “indi də qərb qolunu qaldır”. Uşaq öz kəndində bu cür təlimatları icra edərkən çətinliklə üzləşmirmiş, çünki orda bütün coğrafi cəhətləri tanıyırdı. Lakin yad kənddə o, oriyentasiyanı itirmişdi, çünki burada landşaft fərqli idi və o, cəhətləri tanıya bilmirdi.

- Bəzi dillərdə, məsələn, ingilis dilində cansız əşyalar üçün cins kateqoriyası yoxdur. Lakin bir çox dillərdə bu var. Əşyaların cinslərə bölünməsi düşüncə tərzinə təsir edirmi?

- Əgər sizin diliniz sizdən ağaclara, pəncərələrə, kürsülərə və başqa cansız obyektlərə qadın və ya kişi kimi baxmağı tələb edirsə, bu sizdə həmin obyektlərə münasibətdə müvafiq assosiasiyalar doğurur. Vərdiş yaradır. Bu hal indiyədək bir çox dillərin materialı əsasında yaxşı tədqiq edilib. Məsələn, əgər “körpü” sizin dilinizdə, alman dilində olduğu kimi (Brücke) qadın cinsindədirsə, bu o deməkdir ki, belə dillərdə danışanlar obyektlə qadın cinsi arasında əlaqə axtaracaqlar: “Körpü – qadın kimi qamətli, zərif və uzundur”. Yox əgər sizin dilinizdə ispan dilində olduğu kimi “körpü” (Puente) kişi cinsindədirsə, assosiasiya kişi cinsi ilə bağlı olacaq: “Körpü kişi kimi güclü, möhkəm və irigövdəlidir”. Dil düşüncənin məntiqi tutumuna təsir göstərmir, lakin dil bizim ətraf aləm ilə bağlı assosiasiyalarımıza təsir göstərə bilir.

- Siz deyirsiniz ki, bəzi dillər o dildə danışanları hətta rəngləri müxtəlif cür görməyə vadar edir. Misal göstərə bilərsinizmi?

- Rus dili çox maraqlı dildir. Məsələn, İngilislərin “açıq mavi” və “tünd mavi” ifadələri iki oxşar, lakin fərqli rəngləri bildirir. Rus dilində isə bu iki rəng üçün “siniy” (göy) və “qoluboy” (mavi) sözləri var. Onlar tamamilə fərqli səslənirlər və aralarında etimoloji bağlılıq yoxdur. Bu iki söz rus dilində iki fərqli rəngi bildirir, ingilis dilindəki “blue” (mavi) və “green” (yaşıl) sözləri kimi. Lakin inglislərin “açıq mavi” və “tünd mavi” birləşmələrini işlətmələri o demək deyildir ki, onlar bu rənglər arasındakı fərqi başa düşmürlər. Lakin rusca danışanların, ana dili rus dili olanların, hətta ikinci dili rus dili olan yerlərdə yaşayanların beyinləri uşaq yaşlarından bu iki rəng arasındakı fərqi – “siniy” və “qoluboy” rəngləri arasındakı fərqi qabartmağa “köklənib”. İngilis dili isə yox.

Çevirdi: Zülfüqar Rüfətoğlu

Günün bütün mövzuları

XS
SM
MD
LG