Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:45

Şabranda qışı çadırda keçirən 11 ailə: «Bizi unudublar»


Ağalıq kəndi
Ağalıq kəndi
-

«BURDAN KEÇİRDİM, BİRDƏN UŞAQLAR QIŞQIRDI Kİ, BİNA UÇDU, QAÇ».

Şabranın Ağalıq kəndinin sakini Akif Baloğlanov deyir, keçən ilin sonlarından onun üçün qurulmuş çadırdan hər səhər boylanıb yaxınlıqdakı qəzalı binaya baxıb. Binanın təmir-bərpa olunacağı və evinə qayıdacağı günü səbirsizliklə gözləyirmiş. Ancaq bu ilin yanvar ayında binanın qəflətən uçması onun ümidlərini də darmadağın edib.
Söhbət Ağalıq kəndində 12 ailəlik 2 mərtəbəli binanın taleyindən gedir. Həmin bina qəzalı vəziyyətə düşdüyündən keçən ilin dekabrından sakinlərdən 11 ailə çadırlara yerləşdirilib. Bir ailə isə Bakıya üz tutub. Qəzalı bina bu ili yanvarında uçub.

Akif Baloğlanovun deməsinə görə, yerli icra hakimiyyəti qəzalı binadan çadırlara köçürülən ailələri hər dəfə arxayın edirmiş ki, yaxın vaxtlarda bina əsaslı təmir olunacaq. Ailələr çadır həyatı ilə vidalaşıb, öz evlərinə qayıdacaqlar.

«GƏLİB, YAZIB, ÇƏKİB GETDİNİZ. AMMA HEÇ NƏ OLMADI, BİZ HƏLƏ DƏ BURDAYIQ»

Asif Ağayev
Asif Ağayev
Ötən ilin dekabr ayında çadırdakılara baş çəkib, güzəranları ilə maraqlananda 11 ailə qışın «dadını» onlara verilmiş yay çadırlarında min əziyyətlə çıxarmalarından gileylənmişdilər. İstiliksiz, işıqsız, susuz çadırlarda yaşayanlarla heç kəsin maraqlanmaması, bu çadırlardakı soyuqluğu daha da artırmışdı. Bu dəfə isə bizi Ağalığa aparan səbəb çadırdakılardan gələn giley zəngləri idi: «Gəlib, yazıb, çəkib getdiniz. Amma heç nə olmadı, biz hələ də burdayıq».

Ora çatar-çatmaz çadır sakinlərindən biri Asif Ağayev bizi binaya tərəf çəkib dağıntıların, daş-kəsəklərin arasından keçirib qardaşının xarabazara çevrilmiş evi ilə tanış edir:

«GÖRDÜLƏR EVİN TAVANI BAŞLARINA YATIR, QOYUB QAÇDILAR BAKIYA»

«Burda qardaşım Ruslanın evi var idi. Bu evi ona mən almışdım. 7 il burda yaşayıb. Baxın, bu onun əşyaları, bu da evinin aqibəti. Gördülər evin tavanı başlarına yatır, qoyub qaçdılar Bakıya. Bu da dağıldı töküldü. Əşyalar da dağıntılar altında qalıb. Yer yoxdur, hara aparsın? Özü Bakıda kirayədə qalır, fəhləlik edib ailəsini dolandırır».

Çadır sakinlərinin giley-güzarları bitmir:

«SUYUN İÇİNDƏ YAŞADIQ»

«Heç kəs gəlmir, nə bələdiyyə, nə kənd soveti. Bütün qışı nə çadıra baxdılar, nə istiliyə. Suyun içində yaşadıq. Yeni ildə bir kilo qənd, bir kilo çay, bir kilo düyü gətirib verdilər, belə yardım olur?».

Qızdarxanım xala
Qızdarxanım xala
Çadırların qarşısında sacda yuxa bişirən Qızdarxanım xala təmir-bərpasını səbirsizliklə gözlədiyi binanın uçmasından danışır. Deyir, adamın yuvasının gözünün qabağında dağılmasını heç düşmənə də arzulamır:

«BU DA BİZİM, MEHDİ HÜSEYNZADƏ DEMİŞKƏN, AXIRIMIZ»

«Oturub çörək bişirirdim, səs eşitdim. Bir də gördüm bina uçdu, bir toz qalxdı. Şükür, yenə yaxşı ki, biz içərisində olanda uçmadı. İçərisində qırılardıq. Bu da bizim, Mehdi Hüseynzadə demişkən, axırımız».

Ancaq Qızdarxanım xala şükür edir ki, yenə heç olmasa soyuqdan-sızaqdan canları qurtarıb, günəş üzlərinə gülür. Çadırda gizlətdikləri sacları çıxarıb günün altında çörək, yuxa bişirə bilirlər.

Çadırlarda yaşayan uşaqlar
Çadırlarda yaşayan uşaqlar
Şabran rayon icra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş üzrə şöbənin rəisi İlkin Ağayev isə çadırlarda yaşayan 11 ailəyə ümidverici bir söz deyə bilmir:

«CAVAB GÖZLƏYİRİK»

«O bina qəzalı idi. Keçən il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyi ilə birlikdə ailələri ordan çıxarıb, elə binanın qarşısında çadırlar qurduq, onları çadırlara yerləşdirdik. Yanvar ayında bina uçdu. İndi onlara bina tikintisi üçün Ağalıq kənd bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılıb. Nazirlər Kabinetinə də yazıb göndərmişik. Cavab gözləyirik».

İcra hakimiyyəti başçısının müavini tikinti işlərinə yalnız Nazirlər Kabinetinin cavabından sonra başlanacağını deyir. Çadır sakinləri isə növbəti fəsilləri çadırda qarşılamaq istəmirlər.
XS
SM
MD
LG