Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:43

Azərbaycanda ilk dəfə süni yolla kürü yetişdirilib


Arxiv foto
Arxiv foto
Azərbaycanda Xıllı Nərə Balıqartırma zavodunda ilk dəfə olaraq süni yolla kürü yetişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 2003-cü ildən istifadəyə verilən Xıllı Nərə Balıqartırma zavodunda yetişdirilən törədici döllük səviyyəsinə çatdırılmış 7-8 yaşlı 2 dişi nərə balığından süni yolla 5 kq - 260 min ədədə yaxın kürü alınıb. Süni yolla alınmış kürülər eyni üsulla yetişdirilmiş 2 erkək nərə balığının mayası ilə mayalandırılaraq inkubasiya aparatlarına yerləşdirilib və bundan 200 mindən çox sürfə alınacağı gözlənilir.

Əməliyyat cərrahiyyə üsulu ilə aparıldığından balıqlar sağ qalıb və gələcəkdə onlardan yenidən kürü almaq məqsədilə nohurlara buraxılıb.

Hazırda zavodda 4 minə yaxın 1-9 yaş arası süni yolla alınmış törədici döllük nərə balıqları (nərə, uzunburun və kələmo) bəslənilir.

Nazirlikdən bildirilib ki, təbiətdə nərə balıqlarının sayının xeyli aşağı düşməsi ilə əlaqədar süni balıqartırma zavodlarında döllük balıqların tədarük edilməsində çətinliklər mövcuddur. Ona görə də süni yolla nərə kürüsünün alınmasına başlanılması mühüm əhəmiyyət kəsb edir və alınmış nəticələr ölkədə əmtəə balıqçılığının (akvakulturanın) inkişafına xüsusi təkan verəcək.
XS
SM
MD
LG