Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:33

Naxçıvanın DİN-nin İbrahim İbrahimli ilə bağlı açıqlaması


Aprelin 11-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq millət vəkili İbrahim İbrahimli ilə bağlı açıqlama yayıb.

İbrahim İbrahimli aprelin 6-da Naxçıvanda zorakılığa məruz qaldığını deyir.

«Media forum» saytının məlumatına görə, Naxçıvan DİN İbrahim İbrahimlinin qohumunun yas mərasimində döyülməsi, özlərini DİN əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılaraq fiziki təzyiqlər göstərilməsi və təhqir edilməsi barədə səsləndirdiyi ittihamları «tam əsassız və uydurma» sayır.

DİN bildirir ki, İ. İbrahimli «Babək rayonunun Tumbul kəndində qohumunun yas mərasimində olarkən saxta xalq diplomatiyası haqqında söhbətlər aparıb, orada iştirak edən sakinlərə ermənilərlə qeyd-şərtsiz barışıq içində yaşamağın lazım olduğunu təbliğ etməyə çalışıb, yazıçı Əkrəm Naibovu və onun «Daş yuxular» adlı romanının ideya xəttini müdafiə edib, bu isə yas mərasimində iştirak edən yaşlı ağsaqqalların, gənclərin və yas mərasimini aparanın hiddətinə səbəb olub». Naxçıvan DİN-nin bildirdiyinə görə, bundan sonra yaşlı nəslin bir neçə nümayəndəsi İ. İbrahimlidən yas mərasimini tərk etməsini tələb edib: «İ. İbrahimli kəndi tərk edərkən sakinlərlə təkrar mübahisəyə girişib, onu müşayiət edən qohumları ilə birlikdə gənclərə qarşı təhqirlər səsləndirməsi dava-dalaşla nəticələnib».

Naxçıvan DİN «İ. İbrahimlinin bu kimi əsassız ittihamlarını ucuz siyasi dividentlər qazanmaq cəhdi kimi qiymətləndirir və müraciət edəcəyi halda hadisənin istintaq yolu ilə araşdırıla biləcəyini» bildirir.
XS
SM
MD
LG