Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:14
-
Prezident İlham Əliyev Azərbaycan dilinin, ölkədə dilçiliyin inkişafına yönələn dövlət proqramını təsdiqləyib. Məqsəd – Azərbaycan dilinin çağın, qloballaşan dünyanın tələblərinə uyğunlaşdırılması, dilin tədqiqinə dövlət qayğısının artırılması, dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.

Dilçi alimlərin fikrincə, belə bir proqramın qəbuluna ehtiyac vardı. Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlliyə görə, bu proqram ilk növbədə Azərbaycan dilinin dirəniş gücünü artıracaq:

«Dünyada vahid qlobal dilin hökmranlığı başlayıb. İngilis dili bütün dünyada geniş yayılıb. Belə bir dövrdə təbii sualla üzləşirik: Hansı işləri görək ki, bizim də dilimiz, xalqın ünsiyyət vasitəsi olaraq, bütün sahələrdə fəaliyyət göstərə bilsin? Sözügedən proqramla bağlı xüsusi işlərimiz olacaq. Harada, hansı konkret işi və necə görəcəyimizi müəyyənləşdirəcəyik. KİV-də, idarəetmədə, hər yerdə Azərbaycan dilinin maneəsiz işlənməsinə nail olmalıyıq. Yəqin ki, monitorinq qrupu yaradılacaq. Beləcə, yol verilən nöqsanlar üzə çıxarılacaq, öyrəniləcək və onları aradan qaldırma yolları müəyyənləşdiriləcək».

AZƏRBAYCAN DİLİ ELEKTRON MƏKANDA DA GENİŞ YAYILMALIDIR

Firudin Cəlilov

Firudin Cəlilov

Proqramda göstərilir ki, Azərbaycan dili qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişaf etməli, qorunmalı, elektron məkanda daha geniş istifadə olunmalı, dilçilik sahəsində yüksəkixtisaslı kadrlar hazırlanmalıdır. Dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq da gözardı edilə bilməz. Dilçi alimlər çağdaş informasiya və kommunikasiya texnologiyalarının yaradılmasına fəal qatılmalıdırlar. Dil və nitq mədəniyyəti yüksəldilməli, Azərbaycan dilinin lüğət tərkibi və qrammatik normaları sistemləşdirilməlidir.

Dil mütəxəssisi Firudin Cəlilov Azərbaycan dilinin indiki durumundan narazıdır:

«Şəhərə çıxıb təkcə reklamlara baxmaq o vəziyyəti göstərir. Rus, ingilis dillərində reklamlar çoxdur. TV-də diktorların çıxışlarında baxınca, müxtəlif ləhcələr qulaq deşir. Əvvəllər ən təmiz danışıq diktorların danışığı olardı. Tələbələrə də deyərdilər ki, nitq mədəniyyətini onlardan öyrənin. Ancaq indi tamam tərsinədir».

DİLİN DÜNYANI DİNDİRƏCƏK
Nizami Cəfərov

Nizami Cəfərov


Milli Məclisin Mədəniyyət komitəsinin sədri, bir başqa dilçi alim Nizami Cəfərov deyir ki, dünyada Azərbaycan dilində 50 milyona yaxın adam danışır. Bu dil Azərbaycan dövlətinin də dilidir və bu dildə çoxlu ədəbiyyat var. Ona görə müqavimət imkanı güclüdür. Ancaq bu proqrama da ehtiyac vardı, çünki dünyanın böyük dillərinin danılmaz təsir imkanları var:

«Bir vaxtlar Azərbaycan dilinə yalnız rus dili təsir göstərirdi. Bu gün rus dilinin də təsiri var, ingilis dilinin də, Türkiyə türkcəsinin də. Ehtiyac ondan irəli gəlir ki, bizim dilimiz bu təsirlər qarşısında müqavimətsiz qalmasın. Azərbaycan dövləti öz dilini yad təsirlərdən qorumağa ehtiyac duyur. Bunun üçün də proqram lazımdır. Dövlət öz məsuliyyətini proqramla ifadə edir».

Dövlət proqramında ayrı-ayrı nazirliklərin, dövlət qurumlarının görəcəyi işlər sadalanıb. Afişa və reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan ədəbi dil normalarının pozulmasının qarşısı alınmalı, əcnəbi vətəndaşlar üçün təsərrüfat hesablı Azərbaycan dili kursları açılmalı, Azərbaycan dilində internet resursları çoxaldılmalı, elektron və interaktiv dərsliklər yaradılmalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG