Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:57
-

Sözün sehrinə, cazibəsinə sığınarkən, sözlə nəyi isə dəyişdirməyin mümkünlüyünə inanarkən nə qədər yanıldığıma təəssüflənirəm.


Vaqif Sultanlının "Oxu zalı"ma göndərdiyi esse


Vaqif Sultanlı


HEÇLİK VADİSİ

Ömrün yarım əsrlik sərhədində düşüncələr


Həyatımın qeyb olan illərinin mənzili başında bircə anlıq nəfəs dərərkən bu qədər ömür yaşadığımın heyrətləri içərisində nədən dünyanın gözlərimdə dəyişərək bambaşqa örtüyə büründüyünü, bu zaman sərhədində hər şeyin bunca başqalaşdığını anlaya bilmirəm.

Yaşanmış illərin arxasından dönüb geriyə baxanda dumanlı bir heçlik vadisindən savayı nəyinsə xatıra gəlmədiyi o uzaq keçmişdən görünməz, bilinməz xəyalların, gerçəkləşməsi mümkün olmayan, sərgərdan arzuların arxasınca qaçmaqda, mənasız qovğalarda, çəkişmələrdə xərclənərək tükənən bir öm¬rün əzabları, ağrıları boylanır.

Bu heçlik vadisində tarixin zamansızlığına tərk edilmiş, nədən dünyaya gəldiyinin fərqində olmayan, məhkum edildiyi əzabların sərxoşluğu içərisində məzara uzanan insan selinin öz məcrasını uçurmaq, axarın səmtini dəyişmək üçün mənasız cəhdləri nə qədər gülünc görünür.

İndi heçlik vadisində xoşbəxtlik axtarışı ilə qeyb etdiyim illərə təəssüflənir, bu vadinin uzaqdan göz oxşayan, mavi tül örtüyə bürünmüş, əsrarəngiz xarabalıqlarında nəyi isə dəyişməyin mümkün olacağına inanaraq yaşadığıma acıyıram.

Əlli yaş həyatdan doyub yorulduğumu deyil, «bu ömrü yaşamağına dəyərdimi» sualı ətrafında düşüncələrə çəkərkən, qəti bir əminliklə «ömür deyilən budursa, onu yaşamağına dəyməzdi», - düşünürəm.

Zamanın arxasından ömrümün hədər keçən illərinə, yaşadığım həyəcanlara, bir zamanlar yerli-yersiz özümə dərd etdiyim cılız qayğılara görə heyfsilənirəm.

Dünyanın qəddarlığına, amansızlığına göz yumub yaşamaq istəyərkən, ömrün bu qədər mənasız olduğunu dərk etmədiyimə heyfsilənirəm.

Sözün sehrinə, cazibəsinə sığınarkən, sözlə nəyi isə dəyişdirməyin mümkünlüyünə inanarkən nə qədər yanıldığıma təəssüflənirəm.

Dar ağacına çəkilmiş haqqın, ram edilmiş azadlığın, susdurulmuş fəryadların, boğulmuş harayların, oğurlanmış gələcəyin qaibanə kölgəsinin dolaşdığı, həyat adlanan bu heçlik vadisində bir zamanlar xoşbəxt olmağın mümkünlüyünə inanaraq yaşadığım üçün sadəlövhlüyümə təəssüflənirəm.

İndi yaddaşımın uzaq toranlıqlarında bu heçlik vadisinin qüssə, kədər, ayrılıq, həsrət, dərd, əzab və iztirab qoxuyan mənzərələri baş qaldırdıqca içim sızıldayır.

Yarım əsrlik ömür tarixçəsinin bir heçlik əfsanəsinə dönüşü nə qədər kədərlidir.

Bu heçlik vadisində insanlığın alçaldılmağına, qürurun sındırılmağına, ləyaqətin tapdalanmağına seyrçi olmağın ağrı və əzabları içərisində keçən günlərə ömür deyilməsi acı bir təəssüf doğurur.

İnsanın – sayrışan ilğımlarına ovsunlandığı, ümidsizlik, çarəsizlik, çıxılmazlıq içərisində qıvrıldığı, hər an, hər saniyə ölümə bir az da yaxınlaşdığı bu heçlik vadisində ömür adına hörülmüş torların, şəbəkələrin, sədlərin bitməz-tükənməz açılmazlaqlarına təslim olmaq nə qədər üzücüdür.

Bu heçlik vadisində itirilmiş keçmişin izini-nişanəsini axtararkən arzuların, xəyalların yer üzünə əkilmiş bomboz məzar daşları bütün vahiməsi ilə baş qaldırır.

26 mart 2008,
Bakı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG