Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:19

Ramiz Rövşən: "Narazı qalanlara demək istəyirəm ki..."


Ramiz Rövşən
Ramiz Rövşən

Şair münsifi olduğu qalmaqallı müsabiqə haqda açıqlama verdi.

-

“Mən o fikirlə razı deyiləm ki müsabiqə yolu ilə şair, yazıçı yetişir. Amma müsabiqə müəyyən mənada müəllifin özünü təsdiq etməsi və tanıtması üçündür və mənim fikrimcə, müsabiqələr gənclər üçündür, onların meydanıdır.

Bizim seçimimiz, birmənalı şəkildə, namuslu seçim oldu, bu mənada ki, heç bir yaxşı əsər qıraqda qalmadı”.


Bu fikirləri şair Ramiz Rövşən münsif kimi iştirak etdiyi, Azərbaycan Yazıçılar Birliyi tərəfindən təşkil olunan ədəbi müsabiqənin yekunları ilə bağlı tədbirdəki çıxışında söyləyib.

R.Rövşən deyib ki, ədəbi yarışma barədə söz-söhbətlərə və narazılıqlara baxmayaraq, müsabiqə olduqca obyektiv keçib:

“Bu müsabiqə ətrafında bir az söz-söhbət oldu və çox də qəribədir ki, bu söz-söhbəti yaradanlar ən çox da mənimlə məşğuldurlar. Sizə deyim ki, mənim 67 yaşım var və 67 illik ömrüm də göz qabağındadır. İstər ədəbiyyatda, istərsə də cəmiyyətdə. Ona görə də mənasız söz-söhbətlərə yer yoxdur. Çünki hamı hər kəsi tanıyır. İkincisi, bütün bu əlavə söhbətlərin birmənalı olaraq ədəbiyyata heç bir dəxli yoxdur, bu söhbətlər ədəbiyyatdan kənar, mənasız, xırda-xuruş danışıqlardır. Mən özümə yaxın olan nöqtədən deyim ki, poeziya seçimində biz mükafatı 70-ci illər nəslinin iki bir-birindən fərqli şairinə verdik: Mahir Qarayevə və Vaqif Bəhmənliyə. Və bu mükafatlar elə-belə verilməmişdi. Mahir Qarayev də 70-ci illərdə çap olunmağa başlayıb. Bildiyiniz kimi, o vaxtlar “Ulduz”, “Azərbaycan” jurnallarında doğrudan da çox ciddi bir meydan açılmışdı gənclər üçün. 70-ci illərin sonunda Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün o jurnalların fəaliyyəti çox mühüm idi. Təbii ki, o jurnallar da 60-cı illərin sonlarında yaranmış “Qobustan” jurnalı ilə yaxından səsləşirdi. Vaqif də, Mahir də o dövrdə imzası görünən, təsdiqlənən şairlərdir. Məlumdur ki, o vaxt hansısa gənc şairin imzasının görünməsi asan iş deyildi. Sonra Mahir yaradıcılığına böyük bir fasilə verdi, 50 yaşı ərəfəsində bir poemalar kitabı çıxdı. Ümumiyyətlə, son illərdə Azərbaycanda poema janrının öldüyü haqqında danışırlar. Mən birmənalı olaraq deyirəm ki, Azərbaycan poeziyasının bu janrında ən ciddi hadisədir Mahir Qarayevin poemaları. Vaqif isə Azərbaycanın ən məhsuldar şairlərindəndir. Onun çox gözəl şeirləri var. Bu şairlərdən biri ən az çap olunan, bir ən çox çap olunan şairimizdir. Mən arzu edirəm ki, Vaqif bir az Mahirləşsin, Mahir bir az Vaqifləşsin. Mahir bir az çox yazsın, oxucularını həsrətdə qoymasın. Vaqif də bir qədər az çap olunsun, oxucularını bir azca həsrətdə qoysun”.

Mükafat almayan şairlərlə bağlı Ramiz Rövşən bunları deyib:

“Həqiqətən də müsabiqəyə təqdim olunan imzalar arasında müəyyən qədər maraq doğuranlar vardı. Bəzi inciyən dostlar da oldu. Amma mən bir məqamı qeyd etmək istəyirəm ki, bu müsabiqə Azərbaycan ədəbiyyatı müsabiqəsidir və Azərbaycan dilində, ana dilimizdə olan əsərlərə qiymət verilirdi, moltanı dilində olanlara yox. Çox təəssüf ki, orda bəzi, moltanı dilində olan kitablar da vardı. Bunu son 30 ildə ədəbiyyatı kifayət qədər ciddi şəkildə oxuyan bir adam kimi deyirəm: bütün dünyada poeziya ciddi böhran keçirir. 80-ci illərdən bəri dünyada, bir dənə də olsun, ciddi şair imzası yoxdur. Olanlar da ancaq epataja gedən, özlərindən hadisə yaradanlardır. Sırf poeziya yoxdur. Poeziya ruh hadisəsidir və mən bu mənada səmimi düşüncədəyəm ki, bizim poeziyamız hələ ki ayaq üstündədir. Bunun özü sevindirici haldır”.

Nəsr əsərləri üzrə dəyərləndirmələrini açıqlayan R.Rövşən bu nominasiya üzrə də mükafatların layiqli laureatlara təqdim olunduğunu bildirib:

“Mən çox təəssüflənirəm ki, həmin nominasiya üzrə qaliblərdən biri mükafatı almağa gəlmədi. Onu da deyim ki, o mükafatçının təqdimatda iştirak etməməsi də ədəbiyyata dəxli olmayan hadisədir. Bütün dostlarımız da daxil olmaqla, hamıya deyirəm ki, ədəbiyyata dəxli olmayan işlərlə məşğul olmasınlar. Müsabiqəyə təqdim olunan nəsr əsərləri içərisində maraqlı kitablar, yazılar vardı. Məsələn, rəhmətlik Zakir Sadatlının Əfqanıstan mövzusunda yazdığı əsər maraqlıydı. Azad Qaradərəlinin hekayələri pis deyildi. Amma Etimadla Alpayın hekayələri ən maraqlı nümunələr idi. Niyə maraqlıydı? Bu hekayələr iki tamamilə fərqli yanaşması, fərqli ifadə forması olan azərbaycanlının eyni mühit haqqında olan hekayələri idi. Mənim fikrimcə, həm Alpayın, həm də Etimadın haqqı idi bu mükafat. Və mən çox istərdim ki, Etimad bu mükafatı alsın”.

Müsabiqədə şəxsi münasibətlərə görə dəyərləndirmə aparılmadığını vurğulayan R.Rövşən tənqid və publisistika, xarici ölkələrdə Azərbaycanı və ədəbiyyatımızı təbliğ edən ən yaxşı əsərlər və ən yaxşı tərcümə əsərləri üzrə qaliblərin də mükafatlara layiq olduqlarını vurğulayıb:

“Tənqid və publisistika nominasiyası üzrə Vilayət Quliyev və Əsəd Cahangir seçildi. Bu da düşünürəm ki, çox ədalətli seçim idi. Əvvəla onu deyim ki, mən Vilayət Quliyevin gördüyü işləri çox yüksək qiymətləndirirəm. Azərbaycan səfirlərindən ikisi – Eldar Həsənov və Vilayət Quliyev Azərbaycan üçün çox böyük işlər görürlər. Biri Azərbaycanın mədəniyyətinin, ümumiyyətlə milli varlığımızın təbliği, o biri də Azərbaycanın Cümhuriyyət dövrü ilə bağlı qaranlıq səhifələrin araşdırılıb üzə çıxarılması, görkəmli insanlarımızın tanıdılması yönündə mühüm iş aparırlar. Vilayət Quliyevin gördüyü bu iş təxminən bizim də müəllimimiz olan Şirməmməd müəllimin gördüyü işə paraleldir və çox ciddi bir vətəndaşlıq işidir. Həm də Vilayət Quliyevin yazıları yüksək səviyyəsilə seçilir. “525-ci qəzet”də gedən yazıları da buna sübutdur. Mənə elə gəlir ki, bu mükafat Vilayət Quliyevin halal haqqıdır. Əsəd Cahangirə tənqid sahəsi üzrə mükafat verdik. Mən bilirəm ki, bəzi narazı qalanlar var. Demək istəyirəm ki, son on beş ilin ən ciddi tənqidçisi kimi mən Əsədi görürəm. Haqlı yazıları da var, haqsız olduqları da. Mənim haqqımda da hərdən yazılar yazır. Amma bunların heç birinin bizim tənqidçiyə, şairə, yazıçıya verdiyimiz qiymətə dəxli ola bilməz. Yəni adama qiyməti onun işinə görə vermək lazımdır. Kiminsə mənə münasibəti heç nəyi həll etmir, amma mahiyyət etibari ilə kiminsə sənə münasibəti əgər sənin ona münasibətini dəyişəcəksə, onda orda hansı ədəbi vicdandan danışmaq olar? Əsədin tənqidçi kimi təhlil qabiliyyəti güclüdür, hətta o yerdə ki, mən Əsədin fikirləri ilə razı deyiləm, orda da Əsəd mənim üçün maraqlıdır. Müsabiqədə biz iki tərcümə işinə mükafat verdik. Vilayət Hacıyev və Ələkbər Salahzadə mükafatlandırıldı. Vilayət hazırda burda yoxdur. Amma onu demək istəyirəm ki, mən Kafkanın “Məhkəmə” romanını oxuyanda hətta təəccübləndim ki, Azərbaycanda bu səviyyədə tərcümə ola bilərmiş. Bizdə təkcə roman bumu yaşanmır, həm də tərcümə bumu var. Baxıram, kitablar çıxır, amma o tərcümələrin əksəriyyəti kompüter səviyyəsindədir. Vilayət çox peşəkar tərcüməçidir. Onun tərcümə etdiyi əsər çox çətin əsər idi. Buna baxmayaraq öhdəsindən çox peşəkarcasına gəlib. Mən onun digər tərcümələrinə də baxdım, gördüm ki, eyni ustalıqla tərcümə edib. Ələkbər Salahzadəni isə, hər şeydən əvvəl, böyük Azərbaycan şairi sayıram. Bu mənim oxucu kimi ona münasibətimdir. Bu gün mənim ən çox oxuduğum, yaradıcılığını izlədiyim barmaqla sayılası şairlərdəndir. Ələkbər çox məhşur bir əsəri tərcümə edib. Selimoviçin əsəri çox ciddi romandır və Ələkbər onu çox böyük ustalıqla tərcümə edib. Biz Azərbaycanı təbliğ edən, ümumiyyətlə Azərbaycanla yaşayanların hər birinə borcluyuq. Harda olursa olsun, bizim dilimizlə, ədəbiyyatımızla, varlığımızla yaşayan, onun yolunda can qoyan, təbliğinə xidmət edən hər bir insan bizim üçün əziz olmalıdır. Bu mənada İmdat Avşarın və Mixail Sinelnikovun Azərbaycan ədəbiyyatının təbliği yolundakı işlərini yüksək dəyərləndirirəm. Mən buna mükafatlandırmaq deməzdim, minnətdarlıq deyərdim”.

Çıxışını yekunlaşdırarkən bir daha müsabiqənin kifayət qədər obyektiv keçirildiyini deyən Ramiz Rövşən münsiflər heyətinə və iştirakçılara təşəkkürünü bildirib, qalibləri təbrik edib.

Günel MUSA
525.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG