Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:52
-
Aprelin 8-də tanımış Çili şairi Pablo Neruda-nın cənazəsi İsla Neqradakı məzarlıqdan çıxarılıb.

Xəbəri «Reuters» yayıb.

Neruda-nın məzarının açılacağı barədə qərar bu ilin fevralında verilmişdi.

Ölkə rəhbərliyi şairin Augusto Pinochet-in tapşırığı ilə zəhərləndiyi iddialarına aydınlıq gətirmək üçün şairin məzarını açmaq qərarına gəlib.

Şairin qalıqları Santyaqoya gətirilib.

Mütəxəssislər burada onun ölüm səbəbini dəqiqləşdirəcəklər. Müəyyən nümunələrin xaricə göndərilməsi nəzərdə tutulub.

Nəticələrin yaxın aylarda açıqlanacağı xəbər verilir.

«Nobel» mükafatçısı Pablo Neruda 1973-cü il sentyabrın 23-də – Çilidə silahlı çevrilişdən 12 gün sonra ölüb.

Həmin çevriliş hərbi xuntanın – Augusto Pinochet-in hakimiyyətə gəlməsi ilə nəticələnmişdi.

Rəsmi versiyaya görə, şair prostat vəzinin xərçəngindən ölüb.

Ancaq 2011-ci ilin iyununda Çili hökuməti şairin nədən öldüyünü araşdırmaq fikrinə düşüb.

Pablo Neruda

Pablo Neruda

Şairin dostu və şəxsi köməkçisi Manuel Araya məhkəməyə üz tutaraq istintaq təşəbbüsü qaldırıb.

Araya-nın fikrincə, 40 il öncə sentyabrın 22-də Santyaqodakı Müqəddəs Mariya xəstəxanasında Pinochet-in əmri ilə şairə ölümcül iynə vurulub.

Şairin ölüm səbəbini araşdıran hakim Mario Carroza Pablo Neruda-nın xərçəngdən deyil, ürək tutmasından öldüyünü müəyyənləşdirib.

Ondan sonra Çili Kommunist Partiyası 2011-ci ilin dekabrında Pablo Neruda-nın eksqumasiyası ilə bağlı məhkəməyə üz tutub.

İki il öncə keçmiş Çili prezidenti Salvador Allende-nin də məzarı açılmışdı. Pablo Neruda-nın yaxın dostu olan Allende çevriliş vaxtı ölmüşdü.

Rəsmi versiya onun özünə qəsd etdiyini bildirir, amma bəziləri onun güllələndiyini deyirdi.

Tibbi ekspertiza Allende-nin «Kalaşnikov» avtomatı ilə özünü vurduğunu sübut etdi.

Pablo Neruda 1904-cü ildə doğulub.

1971-ci ildə Ədəbiyyat üzrə «Nobel» mükafatına layiq görülüb.

69 yaşında dünyadan köçüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG