Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:09

Milyonçunun dilənçi balaları - Quşçu qəsəbəsinin sakinləri...


Quşçu dəmiryolçular qəsəbəsi

Quşçu dəmiryolçular qəsəbəsi

-
Daşkəsənin Quşçu dəmiryolçular qəsəbəsində 150-dən çox ailə yaşayır. Sanki dağın yamacından asılan bu evlərin bəziləri gil və saman qarışığından, bəziləri isə kərpiclərdən tikilib. Bir neçə evlərin çəpərinə dəmir vaqonlarla «yamaq» da vurulub. Kəndin adının dəmiryolu qəsəbəsi adlanması da təsadüfi deyil. Ərazinin lap yaxınlığındakı dəmiryolu xətləri 40 ildən çoxdur ki, Daşkəsən Filiz Saflaşdırma Zavodunun sərvətlərini - xammalını daşıyır.

QƏSƏBƏDƏ NƏ MAVİ YANACAQ VAR, NƏ DƏ SU...

İndi burada az sayda köhnə dəmiryolçu var. Onlardan biri Sahib Cəfərov deyir ki, hər gün başları üstündən yüzlərlə kiçik vaqonlarla dəmir filizi daşınır. Bu qədər sərvətin altında yaşasalar da, qəsəbədə nə mavi yanacaq var, nə də su. İnsanlar əllərini yumağa belə su gətirmək üçün hər gün bulaq başına getməli olurlar.

Sahib Cəfərov qeyd edir ki, həmin bulağı da Sovet dönəmində kənddə yaşayan almanlar qazıb çıxarıblar:

«Onu elə çəkmişdilər ki, bir o tərəfdən (hazırda camaat su götürdüyü yeri deyir), bir də bizim qapının ağzından su gəlirdi. Almanlar böyük su çəni tikiblər o vaxt. İndi də onun artığıdır, gəlir bizə. Boruların hamısı çürüyüb gedib. Bəzən su gəlir, bəzən yox. Su hamıya lazımdır».

BULAQBAŞI...

Vedrələrlə su daşımaq qış aylarında çox çətin olur

Vedrələrlə su daşımaq qış aylarında çox çətin olur

Bulaqbaşına toplanan qadınlar danışırlar ki, hər gün vedrələrlə su daşımaq qış aylarında çox çətin olur:

- Qazımız yoxdur. Odundan istifadə edirik. Suyumuz da gördüyümüz sudur, bulaq suyudur, dağ suyu. Hamı ordan istifadə edir, içməyə də, paltar yumağa da. Vedrə ilə daşıyırıq. Əziyyət çəkirik.

- Bax qabları doldururuq, maşın olanda maşınla aparırıq. Olmayanda da, əlimizlə daşıyırıq. Hər gün daşıyırıq. Bu səhər aparmışdım yenə boşalıb, uşaqlıyam.

- Bəs evinizi necə qızdırırsınız?

- Peç qalayırıq qışda.

Sovet dönəmində köhnə dəmiryolçu ailələrinə də, elə qəsəbənin başqa sakinlərinə də müəssisədən tonlarla kömür verilirmiş. Bütün evlər kömürlə qızınırmış:

«1 ton, ton yarım, sovetin vaxtı idi. İndi kimi solyarka, kimi odun alıb yandırır».

Quşçu dəmiryolçular qəsəbəsi

Quşçu dəmiryolçular qəsəbəsi

İCRA HAKİMİYYƏTİ YAXŞI HEÇ NƏ VƏD ETMİR...

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısının müavini Cavanşir Qocayev deyir ki, həmin qəsəbədə heç sovet dönəmində belə qaz xətti olmayıb. Üstəlik, qəsəbədə köhnə su xətləri belə yoxdur.

Cavanşir Qocayev deyir ki, qəsəbəyə su və qaz xəttinin çəkilib-çəkilməyəcəyi barədə məlumat yoxdur.

Quşçu qəsəbəsi Daşkəsən filizsaflaşdırma müəssisəsinin bir addımlığında yerləşir. Müəssisənin meneceri Nadir Quliyev deyir ki, hazırda ayda 25-30 min ton arası filiz istehsal olunur. Kəşf olunmuş dəmir filizi ehtiyatı isə 350 milyon tondan artıqdır.

Bu qəsəbə sakinləri isə başları üstdə hərəkət edən milyonlardan onlara da bir pay düşməsini, qazı, suyu olan normal şəraitdə yaşamağı arzulayırlar:

«Başımızın üstdən bu qədər filiz daşıyırlar, xammal daşıyırlar, pullar qazanırlar. Bir fikirləşən yoxdur ki, bu adamlara da qaz çəkək, su çəkək, yazıqdırlar... Adam yerinə qoyan yoxdur...».
XS
SM
MD
LG