Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:24
-

OFŞOR SÜZGƏCİNDƏN KEÇƏN NEFT PULLARI

«Bizim yol» qəzeti isə yazır ki, «neft pulları Azərbaycana ofşordan keçib gəlir».

Qəzet yazır ki, «Azərbaycan nefti bir çox şirkətlər, iri maliyyə şəbəkələri və ofşor şirkətlərin qurduğu «karusel əməliyyatlarının əsas obyektidir. Maraqlıdır ki, belə ofşor şirkətlərin arasında SOCAR-ın törəmə şirkətlərinə də rast gəlmək olur».

OLİQARXLARIN OFŞOR NARAHATLIĞI

«Yeni Müsavat» oliqarxların ofşor sirlərinin açılmasından qorxuya düşdüyünü yazır. Qəzet bu təlaşın səbəblərini bəzi amillərlə izah edir:

«Təşviş onunla bağlıdır ki, sirlərin üzə çıxması oliqarxların «ümumi qazandan» gizlətdiklərini də faş edəcək. Bu səbəbdən hazırda hakimiyyət dəhlizlərində Beynəlxalq Araşdırmaçı Jurnalistlər Təşkilatının əlində olan sənədlərdən daha hansıları yayacağını ciddi narahatlıqla izləyirlər».

FUTBOLÇUNUN VURDUĞU SÜPÜRGƏÇİ

«Arazın mənə baş çəkməməsindən inciyirəm». Bunu «Futbol+» qəzetinə müsahibəsində «Neftçi» futbol klubunun oyunçusu Araz Abdullayevin törətdiyi yol qəzasında xəsarət alan və hazırda xəstəxanada müalicə olunan təmizlikçi Gülsabah Nuriyeva deyib:

«Heç polisə Araz haqqında şikayət də yazmadım. Çox sorğu-sual oldu, ancaq mən onu ittiham etmədim. Sadəcə, sona kimi mənə dəstək olsunlar. Bir neçə il əvvəl qızım və yoldaşımla birgə Biləsuvarın Aşağı Cürəli kəndindən gəlib, Xətai rayonunda kirayə qalmağa başladıq. Pis-yaxşı iş tapıb işləyirdim, axırı da belə oldu. ...narahatlığım ancaq tam sağalmağımla bağlıdır. Çünki bunun üçün imkanımız yoxdur. Olsa, heç onlardan kömək istəməzdik. Bir də Arazın gəlib mənə baş çəkməməsindən inciyirəm. İndi bədbəxt hadisədir olub, ancaq onun özünü kənara çəkməsini başa düşmürəm. Heç olmasa, bir dəfə gəlsin. Heç kim onu öldürəsi deyil. Əksinə, insanlığını, mərhəmətini göstərmiş olar».

5,2 FAİZƏ DÜŞƏN İŞSİZLİK, 6 FAİZ TƏŞKİL EDƏN YOXSULLUQ

«Azərbaycan iqtisadiyyatı son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olub». «Azərbaycan» qəzetinin yazdığına görə, bunu ölkə prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya İqtisadi Forumunda (Davos Forumu) çıxışı zamanı deyib:

«Biz işsizliyi azalda bilmişik. Hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu son 10 ildə müşahidə olunan inkişafdır».

AZƏRBAYCANLA YAPONİYANIN FƏRQİ

«Azadlıq» qəzeti Azərbaycanın kənd təsərrüfatından yazır. Qəzet rəsmi rəqəmlərə istinad edərək, ölkənin ərzaq tələbatının 50 faizdən çoxunun idxaldan asılı olmasını aqrar siyasətin effektivsizliyi ilə izah edir:

«Yaponiya Azərbaycanın torpağı qədər torpaqla 65 milyon nəfəri saxlayır. Niderland isə ölkəmizdəkindən 2,2 dəfə az torpaqla Azərbaycan neft gəlirlərindən çox qazanır...Rəsmilər isə hələki bundan nəticə çıxarmaq niyyətində deyillər».

ƏVVƏLLƏR AVROPADAN AZƏRBAYCANA, İNDİ AZƏRBAYCANDAN AVROPAYA

«Azərbaycan Avropaya bu qitədən aldığından daha çox töhfə verməyə çalışır, çünki biz Avropanı bir ailə kimi görürük», Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova məxsus fikirlər «Yeni Azərbaycan» qəzetində dərc olunub.

Şöbə müdiri Azərbaycanın Avropaya əsas töhfələrindən birinin iqtisadiyyat olduğunu deyir:

«Əvvəllər Azərbaycan Avropa ölkələrindən sərmayə yatırılmasını gözləyirdi. Lakin indi Azərbaycan özü Avropa dövlətlərinə fəal şəkildə investisiyalar yatırır. Bundan başqa, biz Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın artan rolunu görürük».

AZƏRBAYCANDA CADUGƏRLƏRƏ İLDƏ 200 MİLYON XƏRCLƏNİR?

«Exo» qəzeti 2012-ci ildə Azərbaycan vətəndaşlarının cadugərlərə və ekstrasenslərə 200 milyon manat pul xərclədiyini yazır. Yazıda bu məbləğin artmaqda davam etdiyi qeyd edilir. Qəzet digər ölkələrdə bu məsələlərə daha çox pul xərcləndiyini də yazır:

«Rusiyalılar hər il cadugərlərə və ekstrasenslərə 30 milyard dollara yaxın pul xərcləyirlər».

Günün bütün mövzuları

XS
SM
MD
LG