Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:01

İnternetdə izlənməkdən qurtulmaq mümkün deyilmiş


Bruce Schneier
Bruce Schneier
-

Vaxt var idi, xüsusi xidmət orqanları şübhələndiyi insanlarla bağlı "şəxsi iş" qovluğu yaradar, muzdlu-muzdsuz çuğulların çatdırdığı xəbərləri ora əlavə edərdi. İndi az qala hər kəs bu işi "özü görür". Virtual aləmdə özünə "qovluq" açır, öz əliylə o qovluğu özü haqda məlumatlarla "doldurur", öz yeri haqda "məlumat verir", məktublarının, yazışmalarının bir surətini də həmin qovluğa "əlavə edir".

On-line təhlükəsizlik eksperti, "Liars and Outliers: Enabling the Trust Society Needs to Survive." kitabının müəllifi Bruce Schneier-in Azadlıq Radiosuna müsahibəsi belə deməyə əsas verir.


- Sirr deyil ki, Google, Facebook və Twitter-dən istifadə edəndə insanlar rəqəmsal izlər qoyurlar və həmin izlər də sözügedən şirkətlərin əlinə keçir. Belə izlər istifadəçi haqda nə dərəcədə dəqiq məlumat verir və şirkətlər onlardan reklam məqsədlərindən başqa hansı məramla istifadə edə bilərlər?

- Biz bilmirik ki, o məlumatlar nə dərəcədə dəqiqdir. Şirkətlər bu məlumatlardan hansısa məhsulların reklamında istifadə edirlər. Yəni həmin şirkətlər əllərində olan belə məlumatları başqa şirkətlərə satırlar, onlar da öz növbəsində bundan həmin istifadəçilərə hansısa malları tanıtmaq üçün istifadə edirlər. Bundan başqa belə məlumatlar hökumətin də əlinə keçir. Onlar isə bundan istədikləri məqsədlər üçün yararlanırlar. Məsələn, Google şirkəti ayrı-ayrı hökumətlərin, milli təhlükəsizlik baxımından vacib olduğunu əsas gətirərək belə informasiyaları onlara məktub yazıb nə dərəcədə tez-tez istəməsi haqda məlumat dərc edir. Başqa şirkətlər bunu da etmirlər. Buna görə də biz Google-un bu sahədəki işi barədə az-çox məlumata malikik. Amma başqa şirkətlər haqda ümumiyyətlə heç nə bilmirik. Başqa sözlə, belə məlumatlar insanların fəaliyyətinə qiymət vermək üçün istifadə edilir. Ya reklam kampaniyalarında, ya da siyasi məqsədlə.

- Kimsə proxy serverler kimi vasitələrdən yararlanıb öz on-line kimliyini mühafizə edə bilərmi?

- Heç bir vasitə mükəmməl deyil. Hərəsi bir yöndə effektivdir. Əgər siz Facebook-a parol yazıb girirsizsə, hansı vasitədən istifadə etməyinizin heç bir əhəmiyyəti yoxdur. Siz Facebook-a öz kimliyinizi bildirmiş olursuz. İnternetdə axtarış üçün, bəli, çox gözəl vasitələr var. Hətta DuckDuckGo kimi kimlik məlumatları toplamayan axtarış motoru
da var. Belə vasitələr əlbəttə ki var. Amma o da məlum deyil ki, əgər kimsə izinizə düşmək istəyirsə, siz bundan qurtulmaq imkanındasınızmı? Məsələn, mobil telefonu özünüzlə götürməyə bilərsiz. Amma telefonu götürdünüzsə, həmin mobil rabitə operatoru bilir ki, siz hardasınız.

- Belə çıxır ki, on-line şəxsi təhlükəsizlik bir mifdir?

- Həm bəli, həm xeyr. Bir tərəfdən kimsə qəsdinizə durubsa və bundan ötrü yetərincə vəsaitə və təcrübəyə malikdirsə, sizin öz on-line şəxsi təhlükəsizliyinizi qorumağınız demək olar ki, mümkünsüzdür. Amma bununla yanaşı sizin öz şəxsi təhlükəsizliyinizi qorumağınız üçün xeyli təsirli vasitə də var və biz gərək onlardan istifadə edək. Amma, yenə deyirəm, kimsə izinizə düşmək fikrindədirsə, bunun qarşısını almaq imkanlarınız yoxdur.

- Böyük texnologiya şirkətləri ilə hökumətlər arasında münasibətlər haqda danışmağınızı istərdik. Məsələn Google, yaxud Skype kimi. Şirkətlər istifadəçilərin şəxsi məlumatlarını hökumətlərə verməyə nə dərəcədə həvəslidirlər?

- Şirkətlər yerli qanunlara əməl edirlər. Onlar pul qazanırlar, buna görə də hökumətlərlə dava edəsi deyillər. Onlar hökumətlərlə yaxşı münasibətlərinin olmasında maraqlıdırlar. Məncə, ümumilikdə şirkətlər hökumətlərin istədiklərini edir. Kimsə bunu həvəslə edir, kimsə buna elə də həvəsli deyil. Bəziləri hökumət nə istəyirsə, onu da edir, bəziləri isə daha çox şərt qoyur. Biz əminik ki, Microsoft müxtəlif hökumətlərə Skype-da casusluq etməyə, kimlərisə dinləməyə icazə verir. Amma onlar bunu bizə demirlər və biz bu barədə bilmirik. Çox şey məxfi saxlanır. Məlumatımız çox deyil.

- Siz vaxtilə belə bir söz demisiz: kompüter təhlükəsizliyi sahəsində "feodalizm modeli" hökmran olmağa başlayıb. Bu haqda detallı danışa bilərsiz?

- Bu elə bir modeldir ki, böyük şirkətlər bizim kompüterlə gördüyümüz işlər haqda ətraflı məlumata malikdirlər. İstifadəçilərin kömpüterləri faktiki nəzarətdədir. Bununla da bizim öz şəxsi təhlükəsizliyimizi təmin etməyimiz çətinləşir. Məsələn, əgər Gmail istifadə edirsizsə, deməli, bütün məktublarınızın surəti Google-da var.

- Siz bir dəfə demisiz ki, İnternetə ən böyük təhlükə haker və terrorçular yox, hökumət və korporasiyalardır. Sizcə, bu, gələcəkdə də belə olacaq?

- Mən öncəgörən deyiləm, amma mənim gümanıma görə belə olacaq. Ən böyük təhlükələr qanusnuz yox, qanuni risklərdən gələcək. Bunlar hökumətlərdir, korporasiyalardır. Yəni əlində hakimiyyət olanlardır ki, İnternetdən istifadə edib həmin hakimiyyəti qoruyub saxlamağa çalışacaqlar.
XS
SM
MD
LG