Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:32

Lənkəranda film festivalını yarımçıq dayandırdılar


Video kamera
Video kamera
-
Ötən həftə Lənkəranda CAUCADOC Cənubi Qafqaz film festivalı çərçivəsində insan haqlarından bəhs edən filmlərin nümayişi keçirilirmiş. Ancaq Lənkəran şəhər İcra Hakimiyyətinin müdaxiləsi ilə nümayişin dayandırıldığı bildirilir.

Bunu AzadlıqRadiosuna film festivalının aparıcısı Aytən Fərhadova da təsdiq edib.

O, filmlərin «Dalğa» restoranında nümayiş etdirildiyini, festivalın ikinci günü icra hakimiyyəti nümayəndələrinin müdaxiləsi ilə bunun dayandırıldığını dedi:

«Guya qabaqcadan onlara xəbər verməliydik. Bunu bəhanə edib film nümayişini dayandırdılar. İlk gün ictimai-siyasi şöbənin əməkdaşı gələrək festivalla maraqlandı və filmin nümayişini izlədikdən sonra geri qayıtdı. Aprelin 6-da səhər saatlarında Lənkəran şəhər İcra Hakimiyyətindən Lənkəranda fəaliyyət göstərən Hüquqi Yardım İctimai Birliyinin sədri İlqar Qasımova zəng edərək, festival haqda soruşublar. Onları əsas maraqlandıran sual CAUCADOC-un layihə-meneceri Şarka Zaqradnikova haqda olub. Daha sonra Lənkəran icra hakimiyyətinin 2 nümayəndəsi «Dalğa» restoranının rəhbərliyi və festivalın təşkilatçıları ilə görüşdülər. Bundan sonra isə filmin nümayişinin təxirə salındığı deyildi».

«VƏZİYYƏT ÇƏTİNLƏŞİR»

CAUCADOC Sənədli Filmlər Festivalının Azərbaycan üzrə koordinatoru Teyyub Mirqasımov bizimyolinfo.com-a bildirib ki, bu, seçki ilinə görə QHT-lərin regionlarda fəaliyyətinin məhdudlaşdırılmasıdır:

«Getdikcə vəziyyət daha da çətinləşir. Necə ola bilər ki, festivalın birinci günü icra hakimiyyətinin əməkdaşı uğurlar arzulayır, ikinci günü isə festival bağlanır?».

Lənkəran şəhər İcra Hakimiyyəti məsələyə münasibət bildirmək istəmədi.

Bununla belə, Rumıniya, Çin və Ukraynada insan haqları ilə bağlı 4 sənədli filmin daxil olduğu festival öz işini davam etdirir. Növbəti film aprelin 9-da Mingəçevirdə göstəriləcək.

CAUCADOC sənədli filmlər festivalına Avropa İttifaqı və Çexiya hökuməti maliyyə dəstəyi verib. Festivalı Tbilisidəki Mərkəzi Ofisi, Azərbaycan nümayəndəliyi və Lənkəran Hüquqi Yardım İctimai Birliyi təşkil edib.
XS
SM
MD
LG