Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:06

Bəziləri üçün incəsənət və kürü, başqaları üçün məhbəs


-
Simon de Pury-nin «Phillips de Pury» Auksion Evini tərk etdiyi barədə məlumat bütün incəsənət aləmini lərzəyə gətirən xəbər olub. Lakin bundan da sarsıdıcı xəbər bu olub ki, Simon de Pury-nin bu istefadan sonrakı layihələri arasında «Bakıya uçuş / Fly to Baku» layihəsi də var.
Britaniyanın nüfuzlu və dəbdəbəli sənət jurnalı «Spears»-in redaktoru Josh Spero yazır ki, bu layihə Azərbaycanın repressiv rejimindən gələn sərgi layihəsidir.
Bunu da demək yerinə düşərdi ki, iki ayda bir dəfə çıxan bu jurnal «maliyyə baxımından dəyərli» insanlar üçün buraxılır və bəzi dairələrdə «Bankir qardaşlığının İncili» adını qazanıb.
Simon de Pury-nin də adı Azərbaycanda çoxları üçün naməlum ola bilər, lakin o bütün dünyada ən məşhur auksionçu və kolleksiyaçı kimi tanınır və Azərbaycan elitasının nəzər-diqqətini də, ehtimal ki, bu yöndən çəkib.
O, «Phillips de Pury and Company» şirkətinin qurucusudur və onu istedadına görə auksion dünyasının Mick Jagger-i adlandırırlar.
Bakı ilə bağlı layihəsinə gəlincə isə, bu, artıq London, Berlin, Moskva və Romada nümayiş etdirilmiş «Müasir Azərbaycan incəsənəti» sərgisi ilə işbirliyidir.
BAKININ FLORASI VƏ FƏRDİ ALLAHLARI
Simon de Pury Azərbaycana ilk səfərini 2011-ci ildə edib. 48 saatlıq bu səfər daha çox kəşfiyyat xarakteri daşıyırdı.
Özünün dediyinə görə, həmin 48 saat ərzində onu Bakıda emalatxanadan-emalatxanaya gəzdirirdilər və o, «əvvəllər tam xəbərsiz olduğu çox canlı sənət səhnəsi ilə tanış olurdu».
«Özünün flora və fərdi allahlarına malik kəşf olunmamış ada kimi dünyanın qalan hissəsindən uzun müddət təcrid olunmuş Bakı sırf Azərbaycan zövqü olan rəssamlar yetirmişdir»- de Pury deyib.
Onun fikrincə, bu rəssamların əsərlərində böyük zənginlik, nəhəng ekspressionizm var.
Josh Spero yazır ki, «de Pury Azərbaycanın diktator prezidenti İlham Əliyevin qızı Leyla Aliyeva ilə söhbət edib».
Sonra onlar birlikdə nüfuzlu LVMH-in incəsənət üzrə məsləhətçisi Hervé Mikaeloff-u kurator təyin ediblər.
Mikaeloff-a rəssamların və rəsmlərin seçilməsində son söz sahibi olmaq səlahiyyəti verilib. Beləliklə, «Bakıya uçuş» layihəsi tezliklə işə düşüb və ilk sərgi o vaxtkı «Phillips de Pury»-nin iştirakilə 2012-ci ilin yanvarında Londonda baş tutub.
«Simon de Pury-ni Azərbaycan rəssamlarına cəlb edən onların texniki bacarığıdır» – müəllif yazır.
Qərbdə mövzu məsələsində sərbəst olan rəssamlar üçün texniki tərəf o qədər də mühüm deyil, lakin keçmiş Sovet İttifaqında, o cümlədən Azərbaycanda mövzu baxımından çərçivə içində olan rəssamlar texniki səriştələrini cilalandırırdılar.
İNCƏSƏNƏT VƏ SİYASƏT
Josh Spero yazır: «Bakıya uçuş» layihəsi məni bir qədər narahat edir. Bu sadəcə olaraq pullu avtoritar hökumətin diqqəti rejimin repressiyalarından yayındırmaq üçün incəsənətdən istifadə etdiyi PR deyilmi?»
«Azərbaycanda rəssamların vəziyyəti, yazıçıların vəziyyətindən çox da fərqli ola bilməz, - yazır Spero, - onlar nəyi yazmaq məsələsində limitə malikdirlər».
Bakıda "Əsgər ölümlərinə son" aksiyasından görüntü
Bakıda "Əsgər ölümlərinə son" aksiyasından görüntü
Speronun fikrincə, bu hüdudlar aşıldıqda onlarla Human Rights Watch-un «Döyülmüş, Damğalanmış və Barmaqlıqlar arxasında» adlı hesabatında göstərilən kimi rəftar edilə bilər.
Həmin hesabatda deyilir: «Azərbaycan hökuməti bu ölkədə ifadə azadlığının meydanını məhdudlaşdırmaq üçün əlaqələndirilmiş cəhdlər edir. Onlarca jurnalist mühakimə edilmiş, həbsə atılmış və ya cərimə olunmuşdur».
Josh Spero yazır ki, «Bakıya uçuş» layihəsindəki əsərlərin siyasi məzmunu dərin deyil və bu bəlkə də ona görədir ki, sənətkarlar özünüsenzura ilə məşğuldurlar.
​Spero düşünür ki, bəlkə də bu rəssamların çardaxlarında repressiya və dikatorluğu, habelə hakim ailənin ölkənin pullarını xaricdə şöhrətpərəst layihələrə sovurmasını faş edən radikal rəsm əsərləri gizlin saxlanır.
Yarat incəsənət təşkilatının loqosu
Yarat incəsənət təşkilatının loqosu
Spero ötən fevral ayında Londonda nəşr olunan «Private Eye» siyasi jurnalında dərc olunmuş tənqidi materialı xatırlayır.
Məcmuə yazırdı ki, «ötən il ərzində ən azı 11 Britaniya siyasətçisi azərilərin «kürü diplomatiyası»ndan mənfəətlənib və bu siyasətçilər Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icradan boyun qaçıran Azərbaycanı Avropa Şurasında qeyri-adi rəğbətlə müdafiə edirdilər».
O vaxt «Private Eye» həmçinin Azərbaycanın birinci ledisinin bacısı qızının rəhbərlik etdiyi Yarat incəsənət təşkilatının keçirdiyi yeni festival barədə də fikir yürütmüşdü: «Qısası bu incəsənət festivalları daxili yox, beynəlxalq istehlak üçün keçirilir və keçmiş Sovet Respublikasının insan haqları sahəsində dəhşətli reputasiyasından diqqət yayındırır».
«Beləliklə, - nəticəyə gəlir Spero, - bəziləri üçün incəsənət və kürü, bir başqaları üçünsə zindan. Bakıya uç? Bu asandır. Ən əsası odur ki, sən orada nə deyəcəksən»

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG