Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:46

Daşkəsəndə sahibkarların yuxusu qaçıb


-
Bir neçə gündür ki, Daşkəsəndəki ticarət obyektlərinin sahiblərinin yuxusu qaçıb. Səbəb çox sadədir. Artıq abadlaşma və söküntü işləri bu rayonda da start götürür. Bu səbəbdən şəhərin mərkəzi küçəsindəki 16 sahibkara mağazalarını təcili boşaldılma göstərişi verilib. İllərdir çörək pulu qazandıqları məkanın dağıdılması ilə yanaşı, üstəlik onlara heç bir kompensasiya verilməyəcəyi də qayğılarını artırıb. Uşaq geyimləri satan sahibkar Gülnar Həsənova danışır ki, qazancı ilə 15 ildir ki, atasız 2 evlad böyüdür , başqa da gəlir yeri yoxdur:
«Bizi çağırdılar, rayon polis şöbəsinə, dedilər ki, bu ərazi layihəyə düşür. Guya bu mağazaların altından kanalizasiya gedir. Mənim də bir dolanışıq yerim buradır. 15 ildir, 2 atasız yetim uşaq saxlayıram. Dedik ki, ya kompensasiya verin, ya da hardasa dükan tikin, verin. İcra nümayəndələri dedilər ki, yox, heç nə verəsi deyilik. Biz narahatıq, 3 gün vaxt qoydular ki, sökün».
Sahibkar Mahir Əliyev
Sahibkar Mahir Əliyev
Başqa sahibkar Mahir Əliyevin sözlərinə görə də, iclasda icra hakimiyyətinin rəsmiləri deyiblər ki, kompensasiya verilməyəcək. Ancaq onlara müəyyən köməklik ediləcək.
«Bildirdilər ki, hamısı sökülməlidir. Öz iradımızı bildirdik ki, bizə kompensasiya, filan veriləcəkmi? Dedilər yox, heç nə ayrılmayıb. Sadəcə sizə aşağıda yer var (Şəhər avtovağzalının arxa hissəsini nəzərdə tuturlar. G.R) onu verə bilərik. Bir də daşınıza kömək edə bilərik. Biz də narazıyıq, hazırda imkansızıq. 89 manat pensiya alıram, 2-ci qrup əliləm, ürəyimdən əməliyyat olmuşam. Hardan alım tikdirim? İcra nümayəndəsi Nüsrət müəllim demirdi ki, siz kompensasiya ayrılacaq».
“YA KONPENSASİYAMI VERSİNLƏR YA DA TİKİLİ YER VERSİNLƏR”.
Elşən Əliyev
Elşən Əliyev
Başqa bir sakin Elşən Əliyev:
«3 bankdan mən pul götürmüşəm. Bura dağılsa mən hardan alıb keçirməliyəm həmin pulu? Tələbim budur ki, ya konpensasiyamı versinlər ya da tikili yer versilər».
Sakinlərin toplandığını görüb əraziyə gələn, Daşkəsən RİH-nin nümayəndəsi Nüsrət Əliyev isə deyib ki, sahibkarlara kompensasiya da veriləcək, hazır tikili mağaza yeri də:
«HEÇ BİR SAHİBKARA ZƏRƏR DƏYMƏYƏCƏK»
«Bütün Azərbaycan bölgələrində olduğu kimi, Daşkəsəndə də abadlıq işlərinin aparılması üçün 2 miyon manat vəsait ayrılıb. Bu sərəncamla bağlı layihələr hazırlayırıq, şəhərin abadlaşması ilə bağlı işlər görülməlidir. Bu mağazalar artıq primitiv vəziyyətdədir. O gün də mən bir-bir hər birinə demişəm, indi də deyirəm, əgər bu obyektlər yolun genişlənməsi və ya su kanalıyla bağlı sökülərsə, onun kompensasiyası qəpiyinədək ödəniləcək. Tikintilərinə kömək ediləcək. Heç bir sahibkara zərər dəyməyəcək».
Nüsrət Əliyev
Nüsrət Əliyev
Sahibkarlar isə deyirlər ki, bu vədlər onları qane etmir. Bir gün içində rəsmi nümayəndənin ziddiyətli fikirlər söyləməsi məsələnin ictimiailəşməsi, çəkiliş aparılması ilə bağlıdır.
Sahibkarların Daşkəsən RİH-nin nümayəndəsi Nüsrət Əlieyevlə dialoqundan :
- Niyə dünən polis idarəsində 2 gün vaxt qoyduz sahibkarlara? Hətta dediz ki, kompensasiya düşmür.
- Mən də səhər gələndə dedim veriləcək.
- Jurnalistlərin gəlməyini eşidəndəndən sonra belə dediniz.
Sahibkarlar deyir ki, əgər həqiqətən onlara dəymiş ziyan ödənilsə onlar obyektlərini sökülməsi ilə razı olarlar:
- Kompensasiya verilməsi, obyektlərin tikilməsi varsa biz də razıyıq. Dünən deyirdilər ki, 3 gün ərzində boşaltmalısız, heç bir kompensasiya da verilməyəcək sizə. Malınızı da aparın hara yığırsız yığın. Dağıtmaqla biz hara getməliyik? Ailəm onla dolanır. Camaatda nisyə malımız var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG