Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:24

Azərbaycan peyki işə düşdü, hökumət qiymətlərdə endirim vəd edir


Azərbaycanın ilk kosmik peyki orbitə buraxılarkən. 8 fevral 2013
Azərbaycanın ilk kosmik peyki orbitə buraxılarkən. 8 fevral 2013
-


PEYK DƏ MİLLİ, İDARƏÇİLİK DƏ

Azərbaycanın ilk milli peykini aprelin 2-dən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərkosmos ASC-si idarə edir. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Nazirliyin İnternet səhifəsində milli peykin orbitə çıxarılmasının üstünlükləri –vətəndaşlara faydası sadalanıb. Misal üçün həmin məlumatlarda qeyd olunur ki, milli peykin istismarından sonra rabitə xidməti xərcləri azalacaq, İnternetin keyfiyyət və sürəti artacaq.

Elmir Vəlizadə
Elmir Vəlizadə
Amma nəyin nə qədər ucuzlaşacağı, İnternetin sürətinin nə qədər yüksələcəyi barədə, hələ ki, konkret rəqəm göstərilmir. Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə AzadlıqRadiosuna müsahibəsində, sadəcə, işlərin yolunda getdiyini deməklə kifayətlənib:

“Xidmətlər göstərilməyə başlayanda vətəndaşlar bunu hiss edəcəklər. Ona görə ki, bu peyk birbaşa əlaqələr yaratmağa imkan verəcək. Aralıq məsrəflərin hamısı aradan qalxacaq və bunun da sayəsində ucuzlaşma olacaq”.

AVROPANIN İNTERNETİNİ BƏYƏNMƏYİBLƏR

“Milli peykin xidmətindən sonra Azərbaycanda İnternetin sürəti Avropa səviyyəsinə çatacaqmı?” sualını nazir müavini belə cavabladı:

“Avropanı belə fetişləşdirməyə dəyməz. Biz bu yaxınlarda Romada tədbirdə iştirak edirdik. Onların İnternetinin keyfiyyət və sürətini görüb Azərbaycandakı vəziyyəti onlardakından yüksək qiymətləndirdik. Yəni durub desək ki, orada hər şey yaxşıdır, bu, düzgün deyil”.

Elmir Vəlizadə İnternetlə bağlı işlərin milli peykin orbitə buraxılmasından öncə başlandığını xatırlatdı:

“Azərbaycanda böyük bir layihə həyata keçirilir. Nəzərdə tutulub ki, kəndlərimizə “optika” çəkilsin və onun vasitəsi ilə ən müasir xidmətlər göstərilsin. Layihədə nəzərdə tutulub ki, şəhərlərə 100 Mbt, rayonlara 10-30 Mbt sürət verilsin. Bu elə sizin dediyiniz keyfiyyətdir və təmin olunacaq”.

“Azerspace-1” peykinin idarəetmə işini öz üzərinə götürən Azərkosmos ASC yerli televiziyaların milli peyklə yayımlanması üçün hazırlıq işlərinə başlasa da, görülən işlərdə kommersiya sirri olduğunu əsas gətirib detalları açıqlamır. Cəmiyyətin ictimaiyyətlə əlaqələr üzrə idarəçisi Nigar Mədətlinin sözlərinə görə, gərəkli məlumatı aprelin ortalarında açıqlamaq niyətindədirlər:

“Bu, televiziya və radio kanalları rəhbərlərinin şəxsi qərarıdır. Məhz milli peykə köklənmək kimi məcburiyyət yoxdur. Sadəcə, bizim peykin yerli kanallara sərfəli texniki və maliyyə üstünlükləri var. Bu baxımdan güman edirik ki, yerli kanallar bizim peyk üzərindən yayımlanmağı seçəcəklər”.

NƏYİN NEÇƏYƏ OLDUĞU GƏRƏK AÇIQLANA...

Osman Gündüz
Osman Gündüz
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün fikrincə, xidmətlərlə bağlı məlumatlar cəmiyyətin və eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin internet səhifəsində çoxdan yer almalı idi:

“O məlumatlar gərək indiyədək saytda yerləşdiriləydi. “Türksat”ın saytına girib müqayisə aparmaq olar. Orda çox şeylər aydın yazılıb və göstərilib”.

“Azerispace-1” ilk milli telekommunikasiya peyki 2013-cü il fevralın 8-də orbitə buraxılıb. Azərbaycan peykin imkanlarının 20 faizindən özü yararlanmaq istəyir. Qalan hissə digər ölkələrin operatorlarına təklif ediləcək.

Nazirliyin məlumatına görə, artıq Malayziya hökuməti «Azerspace-1»in xidmətindən istifadə üçün Azərbaycanla müqavilə bağlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG