Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:20

Tale Bağırzadə kimdir?


Tale Bağırzaə
Tale Bağırzaə

-

Martın 31-də ilahiyyatçı Hacı Tale Bağırzadənin həbsi ölkənin bəzi bölgələrində etirazlar doğurub. Əvvəlcə aprelin 1-də Bakının Nardaran qəsəbəsinin sakinləri «İmam Hüseyn» meydanına toplaşaraq həbsdən qəzəbləndiklərini bildiriblər. Aprelin 2-də eyni narazılıq Lənkəranda da səslənib. Axşam namazından sonra «Hüseyniyyə» məscidinin önünə toplaşan dindarlar Hacı Talenin həbsini pisləyiblər.
İndi çoxlarını bir sual düşündürür: Tale Bağırzadə kimdir?
Onun 29 yaşı var. Bakıda doğulub. Əslən İsmayıllının Lahıc kəndindəndir. Evlidir, 2 oğlu var. Həm dünyəvi, həm də dini təhsil alıb. Azərbaycan İqtisad Universitetini bitirib. 2005-2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən, 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib.

Zeynəb Xanlarova Tale Bağırzadə haqda

Hacı Tale dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında «Hicab qadağasına yox!» aksiyasına qatıldığına görə həbs edilib. İlyarıma yaxın məhbəsdə qalan Tale Bağırzadə cəmi 4 ay olar ki, azadlığa çıxmışdı.
O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub. Əyalətlərdə sonuncu belə moizəni Ağsu şəhərində şəxsi həyətlərin birində söyləyib. Həmin gün Ağsu polisinin ona şəhər məscidində moizə oxumağa imkan vermədiyi də söylənilir.
TALE BAĞIRZADƏ NİYƏ HƏBS EDİLİB?
Sosial şəbəkələrdə və bəzi KİV-lərdə onun həbsinə səbəb kimi məscidlərdən birindəki və Youtube-da yayılan moizəsi göstərilir.
Hacı Tale həmin moizəsində vurğulayırdı ki, onu həbslə öz yolundan döndərmək olmaz. Onun bu sözləri də ayrıca diqqət çəkirdi: «Allaha tapınan həqiqi mömin diktatorların zülmündən qorxmamalıdır».
Hacı Tale daha sonra deyirdi:
«Bu dünyada nə qədər zalım var,- olsun, nə qədər onların silahı var,-olsun... Amma mənim Allahımla müqayisəyə gəlməz».
«XALQIN TORPAĞINI ƏLİNDƏN ALMISAN, NEFTİNİ YEMİSƏN, MALINI YEMİSƏN...»
Təhsil Nazirliyinin qarşısında etiraz aksiyasından görüntü
Təhsil Nazirliyinin qarşısında etiraz aksiyasından görüntü
Hacı Tale sözünə belə davam edirdi:
«Görün biz nə haldayıq ki, indiyə qədər danışmamışıq. İndi də bu söhbət olur ki, bu məscidə gəlmə. İndiyədək susmuşuq. Nə qədər Azərbaycanda torpaqlarımızı işğal ediblər. Haram, haram pullarla, xalqın puluyla nə qədər yerlər alıblar. Hələ onların haq-hesabını biz danışmırıq. Bu qədər xalqın torpağını əlindən almısan, neftini yemisən, malını yemisən, oturursan orada, sənə söz deyən yoxdur, gör nə qədər həddini aşmısan. Gəlib indi məscidin içində hökmranlıq etmək istəyirsən? Bu, həddi aşmaq deyil, nədir? Bu yer Allahın yeridir. Hansı boynuyoğun məmur olsun, kim olursa-olsun, məscidin içinə hökm edə bilməz... Hə qorxurlar da. O yığdıqları mallar, mülklər əllərindən çıxa bilər».
SONUNCU MOİZƏ HANSI MƏSCİDDƏ OXUNUB?
Hacı Tale hər həftənin şənbə günləri Maştağa qəsəbəsi ərazisindəki şiə təriqətinə mənsub «Əbülfəzl-Abbas» məscidində moizə söylərmiş. Bu moizənin də o məsciddə oxunduğu bildirilir. Məlumatlara görə, son günlər bəzi rəsmi qurumlardan gələrək, məscid rəhbərliyinə Hacı Taleyə moizə söyləməyə imkan verilməməsi üçün basqı göstərilirmiş.
İndi o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni qanunsuz narkotik saxlamaqda suçlanır. Tale Bağırzadənin dostları isə onun siqaret belə çəkmədiyini deyirlər. Hər halda ittiham sübuta yetirilərsə, onu daha 3 il həbs cəzası gözləyir.
XS
SM
MD
LG