Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:35
-
«Naxçıvana qaytarıb, məni cəzalandırmaq üçün hər vasitədən istifadə edirlər. İndi də məhkəmə icraçılarının görməli olduğu işi prokurorluğa gördürürlər. Yaxın qohumlarımı yenə aparıblar Şahbuz rayon prokurorluğuna. Deyiblər ki, ya müxalifətçi qohumunuz geri qayıtmalıdır, ya da sizdən əl çəkməyəcəyik».
Müsavat Partiyası Naxçıvan MR Təşkilatının fəalı Əfqan Məmmədov deyir ki, özünə və yaxınlarına olan təzyiqlər onun siyasi əqidəsinə görədir. Onun sözlərinə görə təzyiqlər yuxarıdan gələn siyasi sifariş əsasında Şahbuz rayon prokurorluğu tərəfindən həyata keçirilir.
«ORTADA GİROV OLMASINA BAXMAYARAQ...»
Əfqan Məmmədov 2011-ci ildə torpaq sahəsini girov qoyub, «Naxçıvan kredit» Bank Olmayan Kredit Təşkilatından (BOKT MMC) 1000 manat kredit götürüb. Borcu qaytara bilmədiyi üçün ötən ilin sonlarında MMC onu məhkəməyə verib. Onun sözlərinə görə, Şahbuz Rayon Məhkəməsi borcun qaytarılması ilə bağlı ötən ilin sonlarında qərar çıxarıb:
«Məndən xəbərsiz məhkəmə keçirildi. Ortada girov olmasına baxmayaraq, borcun qaytarılması ilə bağlı qərar çıxarıldı. Məhkəmə icraçıları mənə zəng edib pulu istədilər. Mən də dedim ki, gedin, girov qoyduğum torpaq sahəsini satın. Bundan sonra işə prokuror Ramiz Məmmədov qarışdı və pulu qaytarmaq üçün mənim Naxçıvana gəlməyimi tələb etdi».
Əfqan Məmmədov ötən ilin avqust ayında AzadlıqRadiosuna bildirmişdi ki, siyasi əqidəsinə görə, öncə çalışdığı Naxçıvan Dövlət Filarmoniyasından, daha sonra dərs dediyi Culfa Rayon Bənəniyar kənd musiqi məktəbindən uzaqlaşdırılıb. O, hər iki iş yerindən eyni vaxtda çıxarılmasını özünə qarşı siyasi təzyiq sayıb. Müsavatçı fəal belə hesab edib ki, onun işdən çıxarılması heç bir qanuna söykənməyib. O, Naxçıvan şəhər məhkəməsinə üz tutsa da, şikayətini qəbul etməyiblər.
Naxçıvan Dövlət Filarmoniyasının müdiri Elman Əliyev və Culfa Rayon Mədəniyyət Şöbəsinin direktoru Fikrət Cəfərov AzadlıqRadiosuna Əfqan Məmmədovun əmək intizamını pozduğuna görə işdən uzaqlaşdırıldığını bildirmişdilər. Naxçıvan Şəhər Məhkəməsi bu barədə hər hansı müraciətin daxil olmadığını diqqətə yetirmişdi.
«BU YOLLA DİGƏRLƏRİNİ DƏ SUSDURMAĞA ÇALIŞIRLAR»
Əfqan Məmmədov

Əfqan Məmmədov

Əfqan Məmmədov deyir ki, Naxçıvanda səsi eşidilmədiyindən hüquqlarını qorumaq üçün Bakıya üz tutub. Bakıya gələndən sonra telefon açaraq ondan Naxçıvan haqqında mətbuatda çıxış etməməsini istəyiblər. Əfqan Məmmədovun bildirdiyinə görə, kredit məsələsi də məhz bu tələbi rədd etməsindən sonra başlanıb:
«Məndən tələbləri o idi ki, Müsavat Partiyasından istefa verim. Mən də razılaşmadım deyə başıma bu oyunları açdılar. Kredit məsələsi mülki məsələdir. Hüquq-mühafizə orqanlarının bu işə qarışması məsələnin siyasi sifariş olduğunu sübut edir. Bilirəm ki, Naxçıvana gedən kimi, müxtəlif bəhanələrlə həbs olunacağam. Çünki, onların şərtinə əməl etməmişəm. Məni gətizdirmək üçün qohumlarıma təzyiqlər birinci dəfə deyil. Ötən il də onları prokurorluğa çağırmışdılar. Hər kəsə göstərmək istəyirlər ki, Naxçıvanda haqq sözünü deyənlərin başına istədikləri oyunu aça bilərlər. Bu yolla digərlərini də susdurmağa çalışırlar».
«BU ÜNVANA BİR DƏ ZƏNG VURMAYIN»

Müzəffər Baxışov

Müzəffər Baxışov

Şahbuz Rayon Prokuroru Ramiz Məmmədov haqqında deyilənləri təkzib etsə də, Əfqan Məmmədovun banka olan borcunu qaytarılmalı olduğunu vurğuladı:
«Heç kimin qohumunu bura gətirməmişik. Borcu var, getsin dövlətin borcunu ödəsin. Getsin məhkəmə ilə məsələsini həll etsin, kreditini ödəsin, qəbzini də göstərsin məhkəməyə. Bu ünvana bir də zəng vurmayın».
Hüquqşünas Müzəffər Baxışov bildirir ki, məhkəmə qərarlarının icrasını yalnız məhkəmənin icra məmurları apara bilər:
«Cavabdeh məhkəməyə gəlmirsə, onun iştirakı olmadan da məhkəmə keçirilə bilər. Lakin iş icraya yönəldikdən sonra bu işlə icraçılar məşğul olmalıdırlar. Prokurorluğun bu işə qarışması qanunsuzluqdur. Kiminsə hərəkətinə görə onun qohumlarını hüquq-mühafizə orqanına aparılması isə cinayətdir. Həmin məmur cinayət məsuliyyətinə cəlb olunmalıdır».
XS
SM
MD
LG