Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:19

Həmid Herisçi: “Mən “Molla Nəsrəddin”çiləri şarlatan sayıram” (Debat)


Akif Aşırlı və Zamin Hacı

Akif Aşırlı və Zamin Hacı

-

Həmid Herisçi: “Mən “Molla Nəsrəddin”i, Mirzə Cəlili Azərbaycan ədəbiyyatına yamaq sayıram”.

Zamin Hacı: "İndi durub pirlərə inanan adamla ədəbi mübahisə etməyin mənası yoxdur".

Mehriban Vəzir: "Əli bəy Hüseynzadə çox böyük və Turan üçün əhəmiyyətli adamdır. Amma Mirzə Cəlilin hədəfləri Novruzəlidir, Məmmədhəsən əmidir."

Akif Aşırlı: "İslama qarşı çıxa bilməzdi. O, Şərqi ətalətdə saxlayan mövhumata qarşı idi".



Aprelin 7-də Azərbaycan mətbuat tarixində ən məşhur satirik jurnalın – “Molla Nəsrəddin”in 107 yaşı tamam olur.

“Molla Nəsrəddin” jurnalının hədəfi mövhumat idi, yoxsa İslam dini? “Pen klub”dakı debatda yazıçı Həmid Herisçi, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, yazar Mehriban Vəzir və “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı iştirak etdilər.


AKİF AŞIRLI: “MİRZƏ CƏLİL ALLAHSIZ OLA BİLMƏZDİ”

Akif Aşırlı:

- Təbii, “Molla Nəsrəddin”in hədəfi mövhumat idi. “Molla Nəsrəddin” daha çox sovet dönəmində öyrənildi. Onda da Mirzə Cəlil və “Molla Nəsrəddin”i olduğu kimi yox, ideologiyaya bürüyərək allahsız kimi təqdim etdilər. Amma özünün də “Xatiratı”nda yazdığı kimi Allahü-əkbər sədaları altında dünyaya gələn, ilk olaraq dini təhsil alan Akif Aşırlı

Akif Aşırlı

nsan allahsız ola, İslama qarşı çıxa bilməzdi. O, Şərqi ətalətdə saxlayan mövhumata qarşı idi. Onun hədəfində İslam yox, mövhumat idi, İslama xələl gətirən mollalar, din xadimləri, onların əməlləri idi. Məsələn, hansısa din xadimi 7-8 yaşında qızla 50 yaşında kişinin kəbinini, siğəsini kəsirdisə, onu tənqid edirdi.

ZAMİN HACI: “HƏMİN ŞEYXLƏR ELƏ İSLAMIN SİFƏTİYDİLƏR”

Zamin Hacı:

- Səhv etmirəmsə, Akademik Milli Dram Teatrında “Ölülər”i tamaşaya qoymuşdular. Orda dəyişikliklər etmişdilər, Akif bəy dediyi kimi guya Mirzə Cəlil dini-filanı tənqid etməyib. Şablon var ki, filan şey əsl İslam deyil, filankəs İslamı təmsil etmir. Bunu aparıb Mirzə Cəlil dövrünə də tətbiq edirik, guya Mirzə Cəlil İslamı yox, şeyxləri tənqid edib. Başa düşmürəm, həmin şeyxlər kim idi? Onlar da İslamı təmsil edirdi, onlar da İslamın sifətiydilər. “Molla Nəsrəddin” daim müqayisələri ermənilərlə, xristianlarla aparırdı. Onun bir felyetonu belə adlanır: “Bizim şeyxin 32 arvadı var”. Söhbət orda nədən gedir? Avropada da 32 arvadı olanlar var, amma onlara orda lotu deyirlər, məclisdə aşağı başda oturdurlar, bizdəsə şeyx deyib yuxarı başda oturdurlar. Fərqi bu cür göstərirdi. Üstəlik İslamda çoxarvadlılıq var axı. Dörd arvad almağa icazə var. Yaxud azyaşlı ilə evlənmək məsələsi, İslamda yoxdumu? Bunu “Molla Nəsrəddin” daim tənqid edib.

Akif A:

- İslamda uşaqla ailə qurmaq məsələsi var ki?

Zamin H:

- Ailə qururlar axı.

Akif A:

- Qursalar da, bunun axı “Quran”a aidiyyatı yoxdur.

Zamin H:

- Akif bəy, mən burda dini polemika açmaq istəmirəm.

Akif A:

- Amma bizim maarifpərvər şeyxülislamlarımız da olub.

Zamin H:

- Mən tanımıram təəssüf ki...

Akif A:

- Əli bəy Hüseynzadənin babası kimiydi? Ağa Əlizadə. Axundovla dostluq edən bir şeyxülislam idi.

Şahnaz Bəylərqızı:

- Əlifba islahatına da dəstək verib.

Akif A:

- Bəli. Axundovla həmfikir olub.

Zamin H:

- Bir güllə bahar olurmu, Akif bəy?

Akif A:

- Şeyx Camaləddin Əfqani Məmməd Əmin Rəsulzadənin fikir babası olub. Biz onları necə kənarlaşdıra bilərik? Mirzə Cəlil isə yolunu azmış şeyxləri tənqid edirdi.

Şahnaz B:

- Deputat Rəbiyyət Aslanova mətbuata deyib ki, Azərbaycan tarixində çox böyük din xadimləri olub və onların əsl obrazı “Molla Nəsrəddin”də olduğu kimi deyil. Misal da çəkib: “Məsələn, axund Pişnamazzadə Bakıda dünyəvi məktəblərin açılmasında, onların dərsliklərlə təmin olunmasında çox böyük rol oynamışdı ”.

Zamin H:

- Pişnamazzadə necə böyük rol oynamışdı ki, Zeynalabdin Tağıyev qızlar üçün Həmid Herisçi

Həmid Herisçi

əktəb açanda nə zülmlər çəkdi. Hətta Ərəbistandan məktub gətirtdi. O məktubu gətirməyə nə ehtiyac vardı, əgər şeyxülislamlar dəstək verirdilərsə? Uydurma söhbətdir. Cəhalətə dəstək veriblər.

"MƏN MİRZƏ CƏLİLİ AZƏRBAYCAN ƏDƏBİYYATINA YAMAQ SAYIRAM”

Həmid Herisçi:

- Ümumiyyətlə, mən çox ciddi suallara lətifə səviyyəsində cavabları qəbul etmirəm. Bizim “Molla Nəsrəddin” də lətifəçilikdir. Məsələn, Dostoyevski, Tolstoy kimi yazıçılar böyük suallara roman çərçivəsində cavab verirlər, bir cümləylə yox. Lətifəçilik ziyanlıdır. İkincisi, Azərbaycan ədəbiyyatı Axundova, Cəlilə, “Molla Nəsrəddin”ə qədər mistik ədəbiyyatdır. Ədəbiyyat özü mistik hadisədir, Azərbaycan mistisizminə, onun yaradıcı təfəkkürünə amansız zərbəni elə axundovlar, cəlil məmmədquluzadələr vurub. Mən ümumiyyətlə, “Molla Nəsrəddin”i, Mirzə Cəlili Azərbaycan ədəbiyyatına yamaq hesab edirəm. Minillik Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadənin, onun jurnalının ciddi yeri yoxdur. Yeri gəlsə, onlar İslamın üstünə hücum da çəkə bilməyiblər. Əgər onlar İslamla mübarizədə olublarsa, cılız nəticələr əldə ediblər. Xurafatla mübarizə aparıblarsa... Mən indi pirlər haqda silsilə verilişlər edirəm. Pirlər Azərbaycan xalqının ana mayasıdır. İdealizmin mərkəzi bax, bu pirlərdir. Cəlillər o pirlərlə mübarizə aparıblarsa, yerləri bəllidir onların. Mən qətiyyən “Molla Nəsrəddin”çilərdən deyiləm. Mən onları şarlatan sayıram. Azərbaycan ədəbiyyatı mistik ədəbiyyat olub. Mirzə Cəlilin ənənəsini süni surətdə sovet ədəbiyyatı davam etdirib və Azərbaycan ədəbiyyatını mistik təfəkkürdən məhrum edib. Halbuki müasir Avropa ədəbiyyatı, kinematoqrafiyası mistisizm üzərindədir.

“SABİR AZƏRBAYCAN ƏDƏBİYYATINA NECƏ ZƏRBƏ VURA BİLƏRDİ?”

Akif Aşırlı:

- Həmid bəy Azərbaycanda tanınan qələm adamlarındandır. Mən çox təəssüf edirəm ki, o bu cür yanaşma ortaya qoyur. Və hətta “Molla Nəsrəddin”i, Mirzə Cəlili şarlatan adlandırır. Bu, bağışlanmaz günahdır. Belə yanaşma doğru deyil. Mirzə Cəlil dünyasını dəyişəndə bizim yazıçılardan biri demişdi ki, Mirzə, biz sağlığında səninlə mübarizə aparırdıq, öldün, elə bilirsən o dünyada rahat olacaqsan, sənin qəbrinlə də mübarizə aparacağıq. Təəssüf ki, Həmid Herisçi bu cür düşüncə tərzini formalaşdırır.

Şahnaz B:

- Həmid bəy “Molla Nəsrəddin”çilərin Azərbaycan ədəbiyyatına ciddi zərbə vurduğunu deyir, buna münasibətiniz.

Akif A:

- Sabir “Molla Nəsrəddin” məktəbinin ən böyük dühalarındandır. Sabir Azərbaycan ədəbiyyatına necə zərbə vura bilərdi? Və ya Haqverdiyev, yetərincə cəsarətli yazıçıdır, onun əsərləri Azərbaycan klassik ədəbiyyatının sütunudur. O hardan çıxmışdı? “Molla Nəsrəddin” məktəbindən.

“PİRLƏRƏ İNANAN ADAMLA ƏDƏBİ MÜBAHİSƏ ETMƏYİN MƏNASI YOXDUR”

Zamin H:

- "“Molla Nəsrəddin”çilər heç nə etmədilər” demək gülməlidir. XX əsr Azərbaycan ədəbi dilinin formalaşmasında Mirzə Cəlilin çox böyük rolu var. Ondan əvvəl yazanlar, hətta Axundovun özü qəliz yazırdı. Amma Mirzə Cəlil ədəbiyyata danışıq dilini gətirdi. Mahiyyət etibarilə inqilabi işlər gördü. İndi durub pirlərə inanan adamla ədəbi mübahisə etməyin mənası yoxdur. Pirşünas Dostoyevskinin adını çəkdi. Rus ədəbiyyatında məşhur söz var: “Biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq”. Qoqol kimiydi? O da məşhur satirik idi. Düzdü, ömrünün sonunda mistisizmə getdi və onu buna görə tənqid edirdilər... Maarifçiliyi bəyənməmək olar, amma onlar olmasaydı, bu gün o pirdən danışanlar da olmazdı.

HƏMİD HERİSÇİ: “TARİX GÖSTƏRDİ Kİ, BİZİM DƏRVİŞLƏR DOĞRUDAN DA PARİSLƏRİ DAĞIDIRDILAR”

Həmid H:

- Axundov “Müsyö Jordan və Məstəli şah” əsərində dərvişlərin zəlzələ yaratmaq qabiliyyətinə gülür. Ancaq maraqlıdır ki, zəlzələ yaradan silahın müəllifi sonralar həqiqətən azərbaycanlı olub – Kərimov, onun işləri sovet vaxtı məxfi saxlanırdı. Yəni zəlzələ yaratmaq silahı Azərbaycanda yaranıb, özü də dərviş texnologiyaları ilə. Tarix göstərdi ki, bizim dərvişlər doğrudan da parisləri dağıdırdılar. Axundovların, cəlillərin Azərbaycan mistisizminə gülüşləri yersizdir, özünü doğrultmur. Mən burda söhbətə nöqtə qoyuram.

Zamin H:

- Ümumiyyətlə, zəlzələ yaradan silah yoxdur. Kərim Kərimov elə silah kəşf etməyib, uydurmadır. Həmid bəy elə şeylər uydurur ki, adamın əli ağzında qalır. Müasir ədəbiyyatda mistisizmin aparıcı rol oynadığını demək özü də gülməlidir.

MEHRİBAN VƏZİR: “MİRZƏ CƏLİL İSLAMIN ƏLEYHİNƏ İDİ... SƏN NƏFƏSİNDƏ DEYİB Kİ, MOLLA ÇAĞIRMAYIN”

Mehriban Vəzir:

Mehriban Vəzir

Mehriban Vəzir

- “Molla Nəsrəddin” mövhumatın əleyhinə idi, yoxsa İslamın? Bu bir-birinə qarışmış məsələdir. Mirzə Cəlil İslamın əleyhinə idi. Onun son sözü həyat yoldaşı Həmidə xanıma bu olub: “Mən ölürəm, molla çağırmayın”. Bu da mübahisəli məsələdir, molla İslam deməkdirmi? Yoxsa bunlar fərqli şeylərdir?.. Bu gün demək olmaz ki, həmin jurnalın faydası çox idi, yoxsa qüsuru? Bu gün bu iş bizə qüsurlu görünə bilər. Onun ifrata varan tənqidləri də var. Amma dövrü üçün fövqəladə cəsarət idi. Düzdür, dövrü üçün də qüsurları vardır. Birini şişirtmək, o birini azaltmaq olmaz. Biz 70 ildə “Molla Nəsrəddin”i ali orqan kimi qələmə vermişik. Amma o dövrdə elə deyildi, “Füyuzat”çılar “Molla Nəsrəddin”i bəyənmirdilər. Məsələn, Yusif Vəzirin Mirzə Cəlilə belə bir məktubu var: “Bəy, insan xalqını bu qədər aşağılamaz”.

Akif A:

- “Molla Nəsrəddin”çilərlə “Füyuzat”çılar arasında fikir çəkişməsi var idi. Fərqlilik problemə yanaşmada və bir də dil məsələsində idi. “Füyuzat” hesab edirdi ki, türk-İslam dünyasının birliyi üçün vahid dil lazımdır və İstanbul ləhcəsində yazırdı. Mirzə Cəlil tərəfdarları isə xalqın anladığı dili ədəbiyyata gətirdilər.

“MİRZƏ CƏLİLİN TƏHSİLİ VƏ HƏDƏFLƏRİ ƏLİ BƏY HÜSEYNZADƏNİNKİ QƏDƏR DEYİLDİ”

Mehriban V:

- Əli bəy Hüseynzadə və onun silahdaşları bütün Qafqazın, türk dünyasının gələcəyini düşünürdülər. Mirzə Cəlili onlarla müqayisə etmək olmaz. Onların çox yüksək təhsili vardı, dünyanı gəzmişdilər. Əksəriyyəti Sarbonna Universitetinin məzunudur. Mirzə Cəlilsə Qoridə təhsil almışdı, bildiyi dil də bu idi, Qafqazdan o tərəfə çıxmamışdı. Bir az hüquqi təhsili vardı. Sadəcə Səkinə xanım Kəngərli ilə evlənməsinə icazə vermirdilər deyə hüquq təhsili aldı - məmur işləmək üçün. Onun təhsili və hədəfləri Əli bəy Hüseynzadəninki qədər deyildi. Hüseynzadə çox böyük və Turan üçün əhəmiyyətli adamdır. Amma Mirzə Cəlilin hədəfləri Novruzəlidir, Məmmədhəsən əmidir. Sadə adamları öz bildiyi dildə danışdırırdı. Bir də o hər şeyi ələ salırdı, məzələnirdi, bu da onun talantı idi. Mirzə Cəlil ayrı aləmdir, onu Əli bəy Hüseynzadə davasına gətirmək lazım deyil. (ardı aşağıda)

Proqramdan sonra: proqramın aparıcısı Şahnaz Bəylərqızı (solda) və prodüseri Cavid Zeynallı (sağda) qonaqlarla

Proqramdan sonra: proqramın aparıcısı Şahnaz Bəylərqızı (solda) və prodüseri Cavid Zeynallı (sağda) qonaqlarla



Zamin H:

- Novruzəlini Mirzə Cəlil əslində faciəvi şəkildə təsvir etməyib axı. Həmin obraza nə qədər məhəbbət var. O sadədir, ürəyi təmizdir, sadəlövhdür, amma nə qədər sədaqətli, etibarlıdır. Bu tərəfinə də baxaq. Onun başqa əsərlərində - “Danabaş kəndinin əhvalatları”, “Ölülər”də faciə içində işıq da var axı. Sadəcə, onun əsərində işığı görən də var, qaranlığı görən də... Mirzə Cəlil milləti aşağılamırdı.

Akif A:

- Təbii ki, düşüncə miqyası, fikir insanı olmaq etibarilə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu unikal şəxsiyyətlər olsalar da, Mirzə Cəlil də balaca şəxsiyyət deyildi. Bunların istədiyi nə idi? Normal, savadlı Azərbaycan insanı yetişdirmək. Bu istəklər də üst-üstə düşürdü. Bir də həmin dövrdə “İrşad”, “Həyat” qəzeti bağlandı, cəmi 200-300 tirajla çıxırdılar. Amma xalqın anladığı dildə yazan “Molla Nəsrəddin”in elə ilk tirajı 1000 nüsxə oldu. Məncə, şəxsiyyətləri üz-üzə qoymaq düz deyil.

PROQRAMI TAM İZLƏ

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG