Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:23

Təhqiqat şöbəsinin rəisinə qarşı rüşvət ittihamı


-
«500 manat özü üçün aldı, hələ üstəlik prokurorun adından da 1000 manat istəmişdi. Deyirdi ki, cinayət işi açmaq üçün prokurora da pul vermək lazımdır»
Hövsan qəsəbəsinin sakini Mənzər Talıbova «Qaynar xətt»ə Xətai rayon polis idarəsinin təhqiqat şöbəsinin rəisindən şikayət edib. Onun sözlərinə görə, 18 yaşına çatmayan qızının qaçırılması ilə bağlı idarəyə şikayət etdikdə, şöbə rəisi İlqar Qafarov ondan qızının yerinin müəyyən edilməsi və evə qaytarılması üçün rüşvət alıb:
Mənzər Talıbova:
«Martın 17-də qızım yoxa çıxdı. Məlum oldu ki, Xətai rayonu ərazisində yaşayan bir tanışına qoşulub qaçıb. Qızım 18 yaşına çatmadığına görə evə qaytarılması və onu qaçıran adamın cəzalandırılması üçün Xətai rayon Polis İdarəsinə ərizə yazdım. İdarənin təhqiqat şöbəsinin rəisi İlqar Qafarov məni çağırdı, 500 manat pul istədi. 1000 manat da rayon prokuroru üçün istədi, dedi, prokurora pul verməsən, cinayət işi qaldırılmasına nail ola bilməyəcəksən. Mən İlqar Qafarova 500 manat verdim, prokuror üçün də 1000 manat axtarmağa başladım. Pul tapa bilmədiyimə görə qərara aldım ki, özüm prokurorluğa gedim, yalvarım-yaxarım. Prokuror köməkçisinə vəziyyəti danışdım, o da prokurora xəbər verdi. Prokuror köməkçisi idarəyə gəldi, idarənin rəisi məni də, İlqar Qafarovu da yanına çağırdı. Rəis də, prokuror köməkçisi də İlqar Qafarovu danladılar. Məndən aldığı 500 manatı geri qaytarmasını tələb etdilər. O da pulu özümə qaytardı. Dedi ki, mən rüşvət almamışam, sadəcə, bu xanım mənə hörmət kimi bu pulu verib. Onda məlum oldu ki, İlqar Qafarov rayon prokurorunun adından istifadə edib, 1000 manatı da özü üçün istəyirmiş».
«MƏKTƏBLİ QIZIMI QAÇIRIBLAR»
Mənzər Talıbova deyir ki, rüşvət qismində ondan alınmış pul özünə qaytarılsa da, qızının özünə nə vaxt qaytarılacağı barədə ona heç nə deyilməyib:
«Mənim qızım hələ 11-ci sinfi bitirməyib. Polisdən tələb edirəm ki, yaşı nigaha düşməyən qızımı qaçıran oğlanı məsuliyyətə cəlb etsin, qızımın evə qaytarılmasını təmin etsin. Hələ də qızımın üzünü görə bilmirəm. Polisin nə marağı var ki, qızımı evə qaytarmaq, onu oğurlayanları məsuliyyətə cəlb etmək istəmir?»
Orxan Mansurzadə

Orxan Mansurzadə

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Xətai RPİ-nin Təhqiqat şöbəsinin rəisi barədə Mənzər Talıbovanın iddialarının həqiqətdən uzaq olduğunu bildirib. O, məsələnin kökündə ana ilə qızının problemli münasibətlərinin dayandığını deyir:
«Mənzər Talıbovanın müraciəti əsasında Xətai RPİ-nin Təhqiqat şöbəsində müvafiq araşdırma aparılıb. Tərəflərdən izahatlar alınıb. Araşdırma zamanı Leyla Talıbovanın anasının evində qalmaq istəmədiyi, buna isə ananın öz övladı ilə kobud rəftarının səbəb olduğu müəyyən edilib. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib və orda həmin material əsasında cinayət işi başlanıb».
DİN sözçüsü bildirib ki, istintaq davam edir və ananın tələblərinə istintaqın sonunda hüquqi qiymət veriləcək.

Şərhləri göstər

XS
SM
MD
LG