Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:18

«Sosial media yeni imkanlar yaratmaqla yanaşı, həm də yeni təhdidlər doğurur»


Aslan Aslanov

Aslan Aslanov

-

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov yap.org.az-a müsahibə verib. O, müsahibəsində sosial mediadan, AzərTac-ın fəaliyyətindən, müasir texnologiyaların KİV-ə təsirinə toxunub. Müsahibəni ixtisarla təqdim edirik:

– Aslan müəllim, son illər elmin, texnologiyanın sürətli inkişafı cəmiyyət həyatının bütün sahələrində mühüm dəyişikliklərə səbəb olmuşdur. Siz bu sahədə bir sıra araşdırmaların müəllifisiniz. Sizcə bu dəyişikliklər jurnalistikanın arxitekturasında hansı yeniliklərə yol açıb, hansı nəticələr doğurub?

– Yeni minillikdə dünya inkişafının paradiqmasında ciddi dəyişikliklər müşahidə olunur. İndi jurnalistikaya dair elə terminlər eşidirik ki, yaxın keçmişdə həmin terminləri təsəvvürə gətirmək belə çətin idi. Bu, o deməkdir ki, dünya dəyişir və onunla birlikdə biz də dəyişirik. Təbii ki, bu dəyişikliklər vektorunda elmin və texnologiyanın sürətli inkişafı mühüm rol oynayır. Bu inkişaf bütün sahələrdə olduğu kimi, jurnalistikanın da qarşısında yeni tələblər, çağırışlar qoymuş, geniş üfüqlər açmışdır.

İnternet də daxil olmaqla müasir texnologiyaların yaradılması və tətbiqi KİV-lərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Artıq XXI əsrdə müasir jurnalistikanın arxitekturası əvvəlki dövrdəkindən olduqca fərqlənir. İnternet, podkaslar, mobil rabitə, VOİP-telefonlaşdırma, mikrobloqqing, iPhone bazasında videorabitə, sosial şəbəkələrin və kommunikasiya vasitələrinin bir sıra başqa formaları çox qısa müddətdə gündəlik həyatımıza daxil olmuşdur. İndi insanların çoxu bu imkandan tam istifadə edir. Beləliklə, medianın strukturu əsaslı surətdə mürəkkəbləşmişdir.

Əvvəllər ən çox inkişaf etmiş ölkələrdə müəyyən fikir üç, yaxud dörd iri televiziya kanalında, bir neçə populyar radiostansiyada translyasiya ediləndə, bir neçə qəzet bu barədə yazanda bu, ictimai rəy hesab edilirdi. Bu gün isə artıq heç bir inhisarçı yoxdur. Kontentin yaradılmasında iştirak etmək arzusunda olan hər bir insan, sözün hərfi mənasında, hər kəs bu işdə iştirak edə bilər. İndi xəbər hazırlamaq üçün media maqnatı, jurnalist və ya redaktor olmaq heç də mühüm şərt deyildir. Hazırda üstünlük təşkil edən informasiya trendlərinin formalaşmasına internetin milyonlarla istifadəçisi güclü təsir göstərir. Sadəcə təsir göstərmir, çox vaxt bu trendləri olduqca ziddiyyətli şəkildə formalaşdırır. Prinsip etibarilə indi internetin hər bir istifadəçisi dünyaya elə informasiya yaymaq şansına malikdir ki, bu xəbər mövcud reallıqları əsaslı surətdə dəyişə bilər.

Beləliklə, sosial media yeni imkanlar yaratmaqla yanaşı, həm də yeni təhdidlər doğurur. Məhz belə şəraitdə bu günün jurnalistikasının, xüsusən də xəbər agentliklərinin qarşısında duran əsas məsələ hər bir insanın həyatının ayrılmaz hissəsinə çevrilmiş internetlə, sosial şəbəkələrlə qarşılıqlı fəaliyyətdə olmaq və eyni zamanda, informasiyanın əsas təchizatçısı rolunu qoruyub saxlamaqdır.

Bu gün dünya jurnalistikasında ən çox müzakirə olunan mövzulardan biri bəşəriyyətin bu yaxınlarda qədəm qoyduğu yeni minilliyin çağırışlarına bütün cəmiyyətlərin hazır olub-olmaması məsələsidir. İndi jurnalistikanı düşündürən əsas sual odur ki, XXI əsrdə müasir medianı nə gözləyir? Jurnalistika arealında meydana çıxan yeni trendlər, eləcə də ənənəvi medianın müasir çağırışlara cavab verməsi nəhəng informasiya agentlikləri ilə yanaşı, müxtəlif beynəlxalq forumların da gündəliyinin əsas mövzularından birinə çevrilmişdir...

- Ənənəvi media ilə müqayisədə sosial jurnalistikanın əsas üstünlüyü nədən ibarətdir?

– Xəbər istehsalının və çatdırılmasının tamamilə yeni bir növü olan sosial jurnalistikada yüksək texnologiyaların tətbiqi, sosial medianın ənənəvi medianı get-gedə üstələməsi dünya informasiya nəhənglərini ən çox narahat edən mövzulardandır. Səbəb odur ki, texnoloji inkişaf nəticəsində yeni yaranan sosial jurnalistika sürətlə inkişaf etməkdədir. İnsanlar innovasiya texnologiyalarının yeniliklərindən çox ağılla, dərrakə ilə istifadə edərək artıq özləri bir-birilərinə müxtəlif janrlı – həm görüntülü, həm səsli, həm də infoqrafik xəbərlər göndərir, özləri bir-biriləri ilə xəbərləşirlər. Etiraf edək ki, ənənəvi media bu operativlikdən xeyli geri qalır. Daha operativ olması, xəbər istehsalına hər kəsin qatılması, informasiyanın daha rahat və sürətlə yenilənə bilməsi, bir sözlə, hər kəsin jurnalist ola bilməsi imkanı sosial medianın ənənəvi mediadan üstünlüyünü artırır. Əvvəllər peşəkar KİV-lər üçün mətnlərin, fotoşəkillərin, videosüjetlərin hazırlanmasında jurnalistikadan uzaq olan qeyri-peşəkarlar heç vaxt bu dərəcədə iştirak etmirdilər.

Belələrini hətta həvəskar və ya ştatdankənar müxbirlər də adlandırmaq düzgün deyildir. Onlar adi oxucular və tamaşaçılardır. Lakin, necə deyərlər, lazımi vaxtda lazımi yerdə olmuş, bəzən özlərindən asılı olmadan bu və ya digər hadisənin şahidinə çevrilmiş bu adamlar həmin məlumatı müəyyən üsulla əks etdirərək sosial şəbəkələrdə yerləşdirirlər. Xəbər agentlikləri müəyyən fakt barədə yenicə xəbər tutduğu halda, hadisənin şahidi artıq onu «YouTube» və ya «Facebook» vasitəsilə yayır. Beləliklə, bu cür müəlliflər peşəkar reportyorlardan daha operativ olurlar.

Lakin sosial jurnalistikanın çox təhlükəli cəhəti də vardır, bu, əsasən, faktın qeyri-dəqiqliyi ilə bağlıdır. Odur ki, ənənəvi medianın gələcəkdə də mühüm əhəmiyyəti olacaq, son xəbərlər isə indiki rolunu qoruyub saxlayacaqdır. Məhz buna görə xəbərlər sektorunun nümayəndələri kimi biz çalışırıq ki, dəqiq, qərəzsiz və peşəkarlıq baxımından qüsursuz informasiya yaradaq və onu istehlakçıya dərhal çatdıraq. Müasir dövrdə yüksək texnologiyaların tətbiqi bu məqsədə nail olmağa və cəmiyyəti ən qısa vaxtda planetin ən müxtəlif nöqtələrindən xəbərlərlə tanış etməyə imkan verir. AzərTAc bu istiqamətdə çox iddialı proqram hazırlayıb həyata keçirir. Bunu multimedia proqramı da adlandırmaq olar. Bu proqramın trendlərini sosial şəbəkələrlə iş, multimedia və videoxəbərlər, görüntülü və səsli slaydşoular, infoqrafika məhsulları təşkil edir.

– Müasir jurnalistika arxitekturasının tələblərinə cavab vermək istiqamətində AzərTAc hansı yenilikləri tətbiq edir?

– Qeyd etdiyiniz kimi, müasir jurnalistikanın həyatında yaşanan yeniliklər bütün xəbər agentliklərində olduğu kimi, AzərTAc-ın da qarşısında yeni tələblər qoymuşdur. Azərbaycanın ən qocaman xəbər agentliyi olan AzərTAc-ın son onillikdə bu istiqamətdə keçdiyi təkamül yolu bu tələblərdən irəli gəlmişdir. Agentliyimizdə hamı çox yaxşı bilir ki, xəbərin aktuallığı onun təzə olmasındadır. Buna görə də informasiyanın istehlakçılara çatdırılma sürəti olduqca vacibdir.

Agentliyimizdə həyata keçirilən struktur yeniliklərindən biri də sosial şəbəkələrlə iş şöbəsinin yaradılmasıdır. Bu strukturun fəaliyyətə başlaması nəticəsində «Twitter» və «Facebook» sosial şəbəkələrində agentliyin səhifələri açılmışdır. İl ərzində hər gün həmin sosial şəbəkələrdə müxtəlif dillərdə informasiyalar, fotolar, videolar və infoqrafikalar yerləşdirilir. Məhz bu tədbirlərin nəticəsində artıq AzərTAc-ın oxucularının getdikcə daha çox hissəsi yeniliklərdən agentliyimizin «Twitter» və «Facebook» profilləri vasitəsilə xəbər tutur. Halbuki bir neçə il bundan əvvəl digər böyük agentliklər kimi, AzərTAc-ın da sosial şəbəkələrdə özünə möhkəm mövqe qazanacağını heç kim ağlına gətirməzdi...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG