Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:19
-

Axı sən Yetərə Fantinadan danışsan elə bilər parklarımızdakı fontanlardan danışırsan...


Mövlud Mövlud


Axı Yetərə Fantinadan danışsan...


- Bu gün onu gördüm...
- Harda?
- Metronun qabağında. Məni görəndə üzünü yana tutdu. Addımlarını yeyinlədib getdi. Gözdən itənəcən arxasınca baxdım... Onu sevirəm, Mövlud.

Yazar dostum Ayxan Ayvaz neçə ildir Yetər adlı bir qızı dəli kimi sevir. Nə qədər eşq elan eləyib, yalvar-yaxar edib, dil töküb. Pah atonnan, qızın ürəyi daşdır ki, daşdır! Ziyalı, yaraşıqlı oğlana Allahın quruca “hə”sini də demək istəmir. Dostumun bütün dostları –içi mən qarışıq- neçə ildir Ayxanı o qızdan soyutmağa çalışırıq. Alınmır. Bütün cəhdlərimiz uğursuzluğa düçar olur.

Ayxan o qızı hələ universitetə hazırlaşdığı illərdən tanıyır. Qonşu məhəllələrdə yaşayırmışlar. Bir repetitorun yanına gedirmişlər. İndi ikisi də da universiteti bitirmək üzrədir. Görün nə qədər müddət keçib. Dostum hələ də o qızın dalınca düşür.

-Bu gün onunla rastlaşdım.
- Hə, nə dedin?
- Qulaq asmadı ki...”Sonra danışarıq”,- deyib getdi...

Dostumun əziyyət çəkməsi məni kədərləndirir. Həmişə bir yol tapıb onu Yetər xəyallarından xilas etmək istəyirəm. Ancaq faydası olmur. Hələ bir dəfə üstünə bir az çox getdim. Az qalırdı mənimlə dalaşsın. Həmən sözümü geri götürdüm. Güclə sakitləşədirə bildim.

İncəvara Ayxan bu neçə ildə əlini-qolunu yanına sallamayıb. Daim axtarışda olub. O qızı unutmaq, başqasını sevmək istəyib. Ancaq hər dəfəsində uğursuzluğa düçar olub. Yetəri unutdurası qızlar, Yetərə daha çox bağlayıblar Ayxanı. Onu hər dəfə gözəl bir qızla tanış etdiyim gün gecə mənə mütləq belə bir mesaj yazıb:

-Mövlud, bağışla, onu unuda bilmirəm...

O günü yenə başlamışdı. Yetərə olan sonsuz məhəbbəti barədə danışırdı:

-Hamıya yalandan deyirəm ki, vaxtiylə sevgili olmuşuq. Bir il olar ayrılmışıq. Ömrümdə üç gün belə olsa sevgili olmadığım, heç bir xatirəmiz olmayan bir qıza bu qədər bağlılığımı adamlar başa düşməz. Bu neçə ildə çox cəhd elədim. Onu unutmaq istədim. Alınmadı. Bacara bilmədim. Ancaq o da sevmədi məni, sevə bilmədi. Bu illər ərzində iki sevgilisi olub. Hələ uşaqlar mənə deyir ki, parkda onu oğlanla öpüşən görüblər. Bilirsən, Mövlud...

Sözünü kəsdim dostumun. Əlimi çiyninə qoyub danışmağa başladım:

-Ayxan kişi, “Səfillər”i oxumamış deyilsən. Balaca Kozettasına pul göndərmək üçün ağzındakı dişini satan Fantinadan danışanda göz yaşlarını tuta bilmirsən. Dişini satandan sonra evdəki güzgünü atmağı səhnəsi... Həmişə bu barədə danışanda gözün dolur. Elədir, elə deyil?

- Düzdür, düz deyirsən...

- Ay sağ ol, indi icazə ver səndən soruşum, Hüqonu oxuyanda gözləri dolan, insan əzabları qarşısında baş əyən bir yazıçını sevməyi bu qədərmi asan iş hesab edirsən? Axı sən Yetərə Fantinadan danışsan elə bilər parklarımızdakı fontanlardan danışırsan. Orta statistik bir Azərbaycan qızını niyə bu qədər yükləyirsən? Niyə imkan vermirsən getsin, maşını, evi, pulu olan, şəhərin beş yerində mağaza işlədən bir oğlan tapsın özünə?

Ayxan cavab vermədi. Başını aşağı salıb siqaret yandırdı.

QAYNAR.İNFO

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG