Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:49

Aslan Quliyevin onluğa düşməyən romanından parça (Oxu)


Aslan Quliyev
Aslan Quliyev
-

- Köpək balığı sənin evindədi?

- Hə, evimdədi, əvvəldən yox idi. Mən evdən gedəndən sonra gəlib. Həyatın işi bu imiş, sən öz evindən getdinmi, əvəzinə köpək balığı gəlməliymiş...



Yazıçı Aslan Quliyev Milli Kitab Mükafatının onluğuna keçməmiş "Köpək balıqları" romanından bir fəsli "Oxu zalı"na yollayaraq çap edilməsini xahiş edib.


Aslan Quliyev


23. XƏRÇƏNG

("Köpək balıqları" romanından parça)


Ürəyimi məktuba qoyub
sənə yolladım.
Açarkən əllərin titrəməsin…

Rəsmiyyə Sabir


Yağışın izləri hələ küçələrdən, səkilərdən silinməmişdi, ağacların gövdələri, səkinin gün düşməyən hissələri nəm idi, havadan yağış və rütubət qoxusu gəlirdi.

Kənddə payız qoxularına saralan heyvaların, çürüyən xəzəllərin, göyərən çöllərin qoxusu da qarışardı. Burda isə mazut, tüstü, yeməkxanalardan qalxan ucuz yağların qoxusu yağışın, saralan yarpaqların qoxusunu boğurdu.

Səkiylə sərxoş adamlar kimi yeriyirdi, ona elə gəlirdi ayaqları altda səki qalxıb yatır, yıxılmamaq üçün addımlarını ehtiyatla atırdı.

Dükanın qarşısında ayaq saxladı, qapının dəstəyindən yapışıb özünə tərəf çəkdi, qapı üstünə aşırdı, heç cür bu lənətə gəlmiş qapını bir kənara verib içəri keçə bilmirdi.

Güc verməkdən alnını tər basır, boğazının damarları şişirdi.

- Sən neyleyirsən? – kobud kişi səsiydi, dərindən gəlirdi.

- Qapını qaldırıram, - heysiz halda dedi.

- Hara?

- Üstümə aşır…

- Sən qapıdan sallana qalıbsan!

Kimsə onun əlini dəstəkdən qopartdı, dərhal da qapı kənara çəkildi, onu qapıdan xilas eləmiş adama təşşəkkür eləmədən pərt halda dükana girdi.

İçəridə satıcılar və alıcılar neçə illər öncəsi çöldə gördüyü qarışqa yuvası kimi qaynaşırdı.

Bir müddət hansı satıcıya yanaşmağı qərarlaşdıra bilmədi, ən qəribəsi də buydu ki, dönə də bilmirdi, düz gedirdi, dönəndə müvazinətini itirir, yıxılmamaq üçün qollarını qaldırırdı və nədənsə qulaqlarında babasının sözləri səslənirdi.

Babası deyirdi, qabanlar düz gedirlər, dönə bilmirlər. İndi də ona nə olmuşdu, niyə qabanlar kimi düz gedir, dönməkdə bunca çətinlik çəkirdi?

Saçlarını qısaca vurdurmuş, mavi gözlü qızın qarşısında ayaq saxladı.

- Mənə bıçaq verin, - dedi.

- Nə? – qız heyrətlə səsləndi.

- Bıçaq. İri olsun.

- Bıçaq, iri? – qız onun dediklərini təkrarlayırdı.

- Hə, - başıyla təsdiqlədi.

- Burda bıçaq satılır?

- Satılmır? – duruxdu.

- Bura ərzaq dükanıdı! – qızın səsi cingildəyirdi.

- Eləmi? Necə olubsa…

Sözünü sona çatdırmadı, qarışdırdığını, ərzaq dükanı olduğunu bilmədiyini deyə bilməzdi. Rəflərə başdan-başa işıldayan, alışıb yanan etiketli, çöl, mənzərə şəkilli araq, çaxır şüşələri, çay, şokalad qutuları, yağ bankaları düzülüb, necə qarışdıra bilərdi? Nələr olurdu ona bu gün? Başını yuxarı qaldırmadan qıza; “Bağışlayın!” dedi və qapıya doğru yönəldi. Qapını açmaq gözünü qorxutmuşdu, dəstəyindən yapışıb dartan kimi üstünə aşacağını düşünürdü.

Gombul birisi yanından keçib qapını açdı, o da fürsətdən istifadə eləyib, çölə çıxdı, belə asanlıqla qapıdan qurtardığı üçün sevinirdi. Səki isə yenə də yatıb qalxır, yellənirdi. Ehtiyatla yeriyir, dükanların qarşısında dayanıb üzərlərindəki yazıları oxuyur, ona lazım olmayan dükan olduğunu görəndən sonra yoluna davam eləyirdi.

Hər dəfə də qapıların qarşısında dayananda, bu qapını açmalı olacağını düşünür, alnını soyuq tər basırdı. Onda klaustrofobiya var idi, qapalı, darısqal yerdə qalmaqdan qorxurdu, indi də qapı açmaq qorxusu yaranmışdı.

Üzərində “Təsərrüfat malları” yazılmış qapının qarşısında ayaq saxladı. Ona lazım olan dükanı tapmışdı, burda mütləq iri bıçaq olacaqdı, amma qarşıda hələ qapını açmaq da var idi.

Ehtiyatla dəstəkdən yapışdı, burub özünə tərəf dartdı, nahaq qorxmurmuş, qapı üstünə aşırdı.

Bu dəfə köməyinə gələn də yox idi. Nəydi, bu gün bu qapılara nə olmuşdu, niyə əl vuran kimi aşırdılar? Yox, qapılara heç nə olmamışdı, nə olmuşdusa, ona olmuşdu.

Bir təhər qapını kənara verə bildi, alnını tər basmış, gözləri alacalanmışdı. Üzü tüklü satıcı ona heyrətlə baxırdı.

- Sizə bir şeymi lazımdı? – batıq səslə soruşdu.

- Hə, - dedi, - bıçaq. İri olsun.

- Nədən ötrü istəyirsən?

- Köpək balıqlarını…

- Nəyi?

- İri bıçaq ver… - səsi xırıldayırdı.

Satıcı çiyinlərini çəkdi, daha bir söz demədən piştaxtanın üstünə əyri, yaşıl dəstəyi olan iri bıçaq qoydu, onu sınayıcı baxışlarla süzürdü, yəni yarayarmı? O da başıyla təsdiqlədi, yaradığını dedi.

Satıcı bıçağı qalın kağıza büküb, sellofan torbaya qoydu. Bıçağın pulunu verib dükandan çıxdı. Çöldə sanki yuxudan ayıldı, dükanın qapısını necə açıb çölə çıxdığından xəbəri olmamışdı. Əvvəldən aça bilməyəcəyimi düşünürəm, öz-özünə dedi, yəqin ona görədi, yoxsa aça bilərəm.

Səki yatıb qalxır, yellənir, ağaclar sərxoş adamlar kimi səntirləyirdi. Evə piyada qayıda bilməzdi, taksi saxladı, keçib arxa oturacaqda oturdu və ünvanı dedi. Taksinin də qapısını asanlıqla açmışdı, amma düşmək lazım gələndə dəhşətlə hiss elədi ki, yenə də qapını aça bilmir. Dəstəyi burub qapını çölə itələməyə qollarının taqəti yox idi.

- Qapını aç, - sürücüyə dedi.

- Dəstək soldadı, bir az aşağıda, - sürücü geri qanrılıb dedi.

- Sən qapını aç!

- Özün niyə açmırsan? – sürücü gözlərini bərəltmişdi.

- Aç…ç!

Sürücü düşüb onun tərəfindən qapını açdı, oturacağın üstünə beş manat atıb düşdü. Qapıdan yapışıb onun hərəkətlərini heyrətlə izləyən sürücünün yaxasından yapışdı, sıxır, hər sözü xüsusi intonasiya ilə təkrar eləyirdi: “Sənə aç deyirlərsə, aç! Sual vermə! Sən murdar adam isə sual verirsən! Aydın oldumu?” “Aydın oldu”, - sürücü qorxmuş halda dedi.

Sürücünün yaxasını buraxıb geri döndü, gedir, arxaya baxmırdı. Qoşalay dəmir qapının qarşısında ayaq saxladı, bu qapını açmaq onun işi deyildi. Qapını döyməyə başladı, cavab verən yox idi, iki əlli döydü və nəhayət qapı açıldı. Balıqların şahı idi, başıyla onu salamlayıb içəri keçdi.

Həyətdə samovar tüstülənir, stolun üstündəki fincanda çay buğlanırdı. Balıqların şahı yaşıl çay dəmlədiyini deyirdi, ancaq birdən onun dediklərini xatırladı. Hə, sən yaşıl çayı içı bilmədiyini demişdin, unutmuşdum. Sənin üçün əsl çay dəmlərəm. Mənim əlavə çaynikim var.

Yarısını his qaraltmış, balıq qoxuyan çayniki var idi, nə qədər qaynar suyla yusalar da, balıq qoxusu getmirdi. İçə bilməzdi bu çaynikin çayını, əlini yellədi, mənsiz için, dedi və evə doğru getdi. Yenə səntirləyirdi, gözü ayaqlarının altını əməlli seçmirdi. Balıqların şahı arxadan səslədi:

- Nəsə özündə deyilsən.

- Hə, - dedi, - özümdə deyiləm.

- Nə olub?

- Başım ağrıyır…

- Qızıb?

- Ağrıyır… Mən bu gün qapıları aça bilmirəm…

- Niyə?

- Bilmirəm… üstümə aşırlar. Aç bu qapını.

Balıqların şahı heç nə demədən, əlavə nəsə soruşmadan evin qapısını açdı. İçəri keçən kimi vedrəni stolun üstünə qoydu, soyuducudan üç şüşə buzlu su götürüb vedrəyə tökdü. Başını vedrəyə salan kimi də bədəninə xoş bir rahatlıq yayıldı. Başının ağrısı çəkilir, yorğunluğu çıxır, özünü rahat hiss eləməyə başlayırdı.

Saçlarını quruladı, soyunub yatağına girdi, başının ağrısı çəkilsə də, bayaq gördükləri gözləri önündən çəkilmirdi. Səki yatıb qalxır, küçə yellənir, ağaclar səntirləyirdi. Gec yuxuya getdi.

Dəniz, balıq qoxusu gəlirdi, gözlərini aça bilmirdi. Hardaydı, bu qoxu hardandı? Nəhayət çətinliklə də olsa gözlərini aça bildi, bir anlığa gözləri tor vurdu, qarşısındakı stulda oturan adamı aydın görə bilmirdi. Heysiz halda gözlərini ovuşdurub baxırdı, Balıqların şahı idi. Oturub pəncərədən çölə baxırdı. Onun ayıldığını görüb: “Balıq buğlaması bişirmişəm, - dedi, - sənin üçün də bir qazança gətirib soyuducuya qoydum. Qızdırıb yeyərsən”. “Nahaq… əziyyət çəkibsən, - dili söz tutmur, fikrini cəmləşdirə bilmirdi. – Yeməyim var idi”. “Özünü yaxşımı hiss eləyirsən? Halın yaxşıdımı?” “Yaxşıdı, narahat olma”. “Mən dənizə gedirəm, bəlkə axşama qayıtdım”.

Balıqların şahı çıxıb getdi, amma dəniz qoxusu qalmışdı. Həmişə beləydi, adam çıxıb gedər, özündən sonra bir müddət çəkilməyən qoxular qalardı.

Ayaqlarını çarpayıdan sallayıb çətinliklə də olsa ayağa qalxdı, divarlardan yapışa-yapışa hamama getdi. Soyuq suyu açıb duş qəbul elədi. Soyuq suyla yuyunduqca əzginliyi, halsızlığı keçir, tədricən özünə gəlir, başı ayazıyırdı. Yalnız üşüyüb suyun altında daha qala bilməyəndə, krantı bağladı, dəsmalla bədənini qızarıncaya qədər silib, geyindi. İndi özünü yaxşı hiss eləyirdi.

Qəhvədanı qaynadıb çay dəmlədi, bir stəkan çay içdi. Yeməyə iştahası olmasa da, Balıqların şahı gətirən buğlamadan bir boşqab qızdırıb çörəksiz yeməyə başladı. Yaxşı bişirmişdi, ləzzətliydi, heyf sarımsağını, acı bibərini, turşusunu az vurmuşdu. Adamda tərsinəydi, çayı zəhər kimi tünd eləyirdi, yeməyə isə acı bibəri xəsisliklə vururdu. Buğlama nə qədər tünd, turş olurdusa, onun o qədər xoşuna gəlirdi.

Qırmızı köynəyini, təzə aldığı boz kostyumunu geydi. Sabit özü də rəngli köynəklər geyərdi, amma nədənsə onun qırmızı köynək geyməsinə həmişə irad tutardı.

Ayaqqabıları tozlu idi, adətən ayaqqabılarını axşamdan silər, təmizlərdi. Nədənsə çəkmə yağının qoxusu axşamlar ona elə də pis təsir eləməzdi, səhərlər isə yağ qoxusu burnuna dəydimi, ürəyi bulanardı. Daha çəkmə yağından istifadə eləmədi, ayaqqabılarını yalnız cod parça ilə silməklə kifayətləndi.

Həyətdən çıxanda gözü ani olaraq alüminium ləyəndəki suya sataşdı, su köhnəlmişdi, üzündə göy rəngli nazik pərdə əmələ gəlmişdi. Payızda su bol olurdu, quşlar, ilanlar üçün su tapmaq çətin olmazdı, amma suyu dəyişmək lazım idi. Suyu tut ağacının dibinə boşaldıb ləyəni təzədən doldurdu. Boylanıb həyəti, ağacları, pəncərədən asıla qalan yovşanları ani nəzərdən keçirtdi və qapını açıb küçəyə çıxdı.

Fikrli halda gedir, başını qaldırıb adamların üzünə baxmırdı. Daha səki yatıb qalxmır, küçə yellənmirdi. Payız küçəsində payız qüssəsi dolaşırdı.

Pilləkənə yağda qızardılan qutabların, qoğalların qoxusu yayılırdı, qəssabın iti kəsik-kəsik hürürdü.

Dincini alıb düyməni basdı.

Qapını Qus açdı, onu görəndə heyrətləndi, gözlərinə inanmırdı, ancaq çaşqınlığı çox sürmədi, ürəkdən, ləzzətlə gülürdü. Yəqin yenə də dayanacaq, deyəcəkdi, vur əng-başıma, ancaq şikayətini geri götür.

- Sən köpək balığısan? – Qusdan soruşdu.

- Yox, - Qus dedi, - xərçəngəm.

- Mən də xişnikəm.

- Nəsən? – heyrətdən Qusun sifəti uzandı.

- Yırtıcıyam. Hansısa filosof elə belə də deyib: “Человек самый опасный хишник!” (İnsan ən təhlükəli yırtıcıdır!)

- Bunun sənə dəxli yoxdu, - Qus nifrətlə dedi. – Hər qoz girdədi, hər girdə şey isə qoz deyil. Sən ovsan, canavar ola bilməyənlərdənsən.

Başını yuxarı qaldırıb Qusun üzünə baxmır, astadan, boğuq səslə danışırdı. Sən mənə dedin, dayan, əllərini tərpətmə, vurum, sonra da gedib şikayətimi geri götürəcəyəm, mən də dayandım, yoruluncaya qədər vurdun, amma şikayətini geri götürmədin, əksinə, təzədən şikayət elədin.

Qus başını yırğalayırdı, hə, elə oldu, bilirsən, keçən dəfə az vurdum, ürəyimcə olmadı. Düşündüm, bir halda bu adam əllərini yanına salıb belə farağat dayanırsa, niyə bir dəfə də dayanmasın? Dayan, əllərini tərpətmə, cıqqırını da çıxartma, ənginə beş-onunu şaxarrayım, ürəyimcən olsun, elə yanındaca gedib polisdən şikayətimi geri götürüm. Leyla da evdə yoxdu, mane olan olmayacaq.

- Səndə qırmızı rəng qıcıq yaradır?

- Nə? – Qus gözlərini bərəltdi.

- Qırmızı rəng.

- Nə yaradır?

- Qıcıq.

- Başın xarabdı?

- Başı xarab olan Sabitdi. Dedi, yəqin qırmızı köynək geyibsən, bəzi adamlarda da qırmızı rəng qıcıq yaradır. Qusda da yaradıb, tullanıb üstünə. Mən ona dedim qırmızı rəng yalnız ispan buğalarını qıcıqlandırır.

Qusa baxırdı, onu gülmək tutmuşdu, bilmirəm, sənin yadındamı, deyirdi, birinci sinfə gedəndə rus dili dərsində mahnı oxuyardıq:

Гуси, гуси,
Га, га, га, га.
Есть хатити?
Да, да, да, да.

(Qazlar, qazlar,
Qa, qa, qa, qa.
Dən istəyirsiz?
Hə, hə, hə, hə,)

İnanmazsan, mən bu mahnının sayəsində rus dilini öyrəndim. Qus isə hirslənmiş, tutulmuşdu, ona hövsələsizcə qulaq asırdı. Sən mənim başımı ağrıdırsan, dedi, de görüm, dayanırsan, ya yox? Yoxsa mən təzədən polisə gedib, daha bir şikayət ərizəsi yazaram, qonşular da hamısı imzalayacaqlar. Qəssab qardaşım deyir, xətrin nə istəyir, necə istəyir, yaz, mən qol çəkəcəyəm. Şahidlərim də hazırdılar.

- Polisə gedə bilməyəcəksən, - yorğun halda dedi.

- Niyə? – Qusun sifəti uzanmışdı.

- Daha heç yerə gedə bilməyəcəksən, - Qusu eşitmirmiş kimi təkrar elədi. - Çünki öləcəksən. Ölülər yeriyə, harasa gedə bilmirlər. Şikayət ərizəsi də yaza bilmirlər.

- Mən öləcəyəm? – Qusun səsində inamsızlıq var idi.

- Hə, sən.

Sənin qarşını almaq lazımdır, deyirdi, yoxsa elə hey polis şöbəsinə qaçıb şikayət ərizələri yazacaqsan. Bilsən bu ərizələrlə məni necə bezdiribsən! Mən köpək balıqlarının ovuna çıxmışam, qarşıma xərçəng çıxıbsa, xərçəngləri də öldürməliyəm. Amma bilmirəm, iri bıçaqla xərçəng öldürmək bəlkə də oyunun qaydalarına ziddir.

Qus qışqırırdı, hansı oyunun, sən hansı köpək balıqlarından danışırsan? Cəhənnəm ol, çıx mənim evimdən!

Tfu, sənin həyasız sifətinə! Yenə də “mənim evim” deyirdi! Adam, sənin evinmi var, bu evi sənmi alıbsan? Necə “mənim evim” deyərsən?

Sonra Qus gözlərini bərəltdi, hədəqəsindən çıxan bu gözlərdə ağrı, heyrət ifadəsi var idi. Baş verənlərə inana bilmirdi.

Bıçağı asılqandan asılmış mavi köynəyə sildi, ağır addımlarla mətbəxə keçdi, soyuducunu açdı, bir şüşə buzlu su var idi, suyu başına tökür, döşəməyə axan suyun niyə qırmızı rəngdə olduğunu başa düşə bilmirdi. Cib telefonu zəng çaldı, qürbətdəki qonşu oğlan idi, salam verib hal-əhval tutdu. Yenə də harda olduğunu soruşdu, öz evində olduğunu deyəndə, dedi, ayağa qalx. O da ayaq üstə olduğunu dedi, qonşu oğlanla danışırdı, bir gözü isə buzlu su şüşəsində idi, şüşə hələ yarımçıq idi, istədi oğlana desin, sən bir az gözlə, başımı soyudum, sonra danışarıq, üzü gəlmədi. Oğlan qürbətdən danışırdı, sözünü necə kəsəsən?

- Üzünü tut evdəkilərə. Denən, dostum uzaq Sibirdən hamınızı salamlayır.

- Deyə bilmərəm, - etiraz elədi. – Burda heç kim yoxdu axı, yalnız bir köpək balığı var.

- Köpək balığı sənin evindədi?

- Hə, evimdədi, əvvəldən yox idi. Mən evdən gedəndən sonra gəlib. Həyatın işi bu imiş, sən öz evindən getdinmi, əvəzinə köpək balığı gəlməliymiş. Narahat olma, ölüb. Mən bu balığı öldürmüşəm.

Qonşu oğlan bir şey başa düşə bilmədi, söhbətin hansı balıqdan getdiyi, onun nəyə görə haqqında söhbət gedən balığı öldürdüyü ona çatmırdı. “Balıqları kimsə öldürmür, - deyirdi, - onlar özləri ölürlər. Sahilə çıxdılarmı, havaları çatmadımı, öləcəklər. Daha kimsənin onları öldürməsinə ehtiyac yoxdu!” “Elə iş də ondadı! – dedi. – Bu balıq sahildə yaşasa da, havası çatırdı, ölüb eləmirdi. Mən onu öldürməsəydim, ölən deyildi. Elə hey polisə qaçacaq, şikayət ərizələri yazacaqdı. Yəni suda-quruda yaşayan balıqdı. Sən dərs oxumadın, belə şeyləri bilməzsən, əsrlər öncəsi balıqlar həm suda, həm də quruda yaşayırmışlar. Yox, bu o balıqların nəslindən deyil”.

Qonşu oğlan yenidən onu dilə tuturdu. Uç, gəl bura, oturaq, ötən günləri yada salaq. Gələndə mənim üçün torpaq, bir də öz ağaclarımızın yarpaqlarından gətir. “Gələ bilmərəm, - dedi, - bizim ölkədə pulsuzlar uça bilmirlər. İstəsən məktubla göndərərəm, torpaq da, yarpaq da. Ehtiyatla açarsan, yoxsa torpaq dağılar, yarpaqları külək aparar”. “Pulsuzlar heç yerdə uça bilmirlər. Gəl aerporta, mən sənin üçün pul göndərərəm”. “Yaxşı, mütləq gələrəm, - söz verdi, - ancaq burda köpək balıqları var, onların hamısını öldürməliyəm. İşimi qurtaran kimi aerporta gedəcəyəm, sən mənim üçün pul göndərərsən”.

Telefonu söndürəndən sonra yarımçıq şüşəni götürdü, yenidən soyuq suyu başına tökürdü, ancaq su başını soyutmurdu, elə bil qızmış dəmirin üzərinə su tökürdün. Su buxarlanır, otağa ağappaq duman yayılırdı.

Həyətə çıxdı, qəssabın dükanı yolun kənarındakı ağacların arasındaydı. Dəmr çəngəllərdən cöngə qabırğaları, budları asılmışdı, alveri yaxşı getməmişdi, nəydi, qəssabın qaşqabağı yer süpürürdü. Onu görəndə isə lap qanı qaraldı. Adam, gedibsən, bir dəfəlik get də, nə işin var buralarda? Quldurluq eləmək zəmanəsi getdi, indi yumruq oynadanın öz əngini əzirlər. Sonra da qollarını qandallayır aparıb atırlar içəri. Daha ətrafdakılara bir zərər vura bilmir. Çürüyür orda, sümükləri də çürüyür!

Qəssaba dinməzcə qulaq asırdı, yalnız o ara verəndə astadan dedi:

- Sabit haqlıymış. Dedi, qırmızı köynək geymə, qırmızı rəng bəzi adamlarda qıcıq yaradır. Mənsə geydim.

- Bunun mənə nə dəxli? – qəssab ona inamsızlıqla baxırdı.

- Səni də qıcıqlandır da.

- Nə?

- Köynək.

- Allahım mənə səbr ver!

Qəssab dəvət eləməsə də, keçib içəridəki yeganə plastik stulda oturdu, heyrətlə qəssaba baxırdı. Bu adam nəsə danışırdı. Deyəsən onu hədələyirdi. Sanki başı üzərində çibin vızıldayırdı. Bir anlığa belə ara vermir, eynən Leyla kimi üyüdüb tökürdü. Demişəm ona, haçan şikayət ərizəsi yazdı, qol çəkəcəyəm! “Yox, - nəhayət onun sifəti canlandı, gülümsəyirdi, - çəkə bilməyəcəksən”. “Niyə?” “Əlin qələmi qaldıra bilməyəcək, ona görə. İnsan öləndə qolları da ölür, bütün orqanları da. Ölü orqanlar hərəkətsiz, fəaliyyətsiz olurlar. Səninsə başın qarışıb heyvanları öldürməyə, belə şeyləri bilmirsən. Nə gözlərini bərəldirsən, mal öldü, başını kəsdin, əlinə qələm götürə bilərmi? Hə, sən bağışla, mən qarışdırıram, mal ölməsə də, başı yerində olsa da, əlinə qələm götürə bilməz. Çünki o bir mal, yazı-pozu bilməz. Amma bilsəydilər nə olardı, oturub malların nə yazdıqlarını oxuyar, nələr düşündüklərini, bizim haqqımızdakı fikirlərini öyrənərdik”.

Qəssabın heyrətdən ağzı açıla qalmışdı, nəsə demək istəyir, amma deyə bilmirdi, söz onun boğazında pərçimlənmişdi, özünə yol tapıb çıxa bilmirdi. O isə qəssabı heyrətləndirməkdə davam eləyirdi.

- Sən köpək balığısan? – qəssabdan soruşdu.

- Mən? – qəssab gözlərini bərəldirdi.

- Sən.

- Balığam?

- Balıq yox, köpək balığı! – dilxor halda dedi.

- Köpək?

- Karsan? Hə də, köpək balığı!

Qəssab əlini baltaya uzadırdı, əli baltaya çatmadı, cöngənin budundan yapışdı, amma budu əlində saxlaya bilmədi, divarla ağır-ağır sürüşüb yerə oturdu. Başı çiyinləri üstə düşdü.

Bıçaqdan qan axırdı, bıçağı qəssabın köynəyinə sildi, kağıza büküb təzədən sellofan torbaya qoydu. Ayaq üstə dayanıb qəssaba etinasız baxışlarla baxırdı.

Sən məni tələsdirdin, deyirdi, sənə deyiləsi çoxlu sözüm var idi. Onda, sən oğlunu əsgər yola salanda cibinə beş manatı, sonra da bir manatı salan mən idim. Xalanın da yasına gəlmədim, çünki sən də mənim xalamın yasına gəlməmişdin. Başa düş, nəyə görə sən mənim xalamın yasına gəlmədiyin halda, mən sənin xalanın yasına gəlməliyəm? Bir də deyəcəkdim bizlər evimizdə it saxlamırıq, heç sən də evində bir yox, on it saxlasan da, avropalı olan deyilsən. Lap elə çöldə gəzib dolaşdığın ayaqqabıyla evdə gəzsən də olan deyilsən!

Mən səni heç sevmədim, dedi və divardan yapışaraq ayağa qalxdı.

Çöldə hava sərin idi. Evlərin arasıyla əsib gələn sərin külək tərini soyudur, dükanda paltarlarına, üst-başına hopmuş ət, qan qoxusunu ondan uzaqlaşdırırdı.

Birbaşa evə gəldi, həyətdə sakitlikdi, bu onu sevindirdi, kimləsə danışmaq, kiminsə suallarına cavab vermək həvəsində deyildi. Yalnız uzanıb yatmaq, dincəlmək istəyirdi, təki ona mane olmasınlar, toxunmasınlar.

Birtəhər soyunub çarpayıya uzandı, yata bilmirdi, başında hər şey bir-birinə qarışmışdı. Hər tərəf duman idi, mavi duman və dumana baxdıqca heyrətlənirdi, indiyə kimi heç dumanın mavisini görməmişdi. Duman çəkildikcə də şüuru ayazıyırdı, ağappaq bir otaqdaydı. Adam əllərini stolun üstündə cütləmişdi, gözlərinii ona zilləmişdi.

- Danış, - dedi.

- Ucqar bir kənddə anadan oldum. Nənəm məni yüyrükdə yelləyəndə yüyrüyün ipi qırılmış, başım üstə yerə dəymişdim, beynim silkələnmişdi. Başım qızmağa başladı. Qardaşım zorla sü çəninə salandan sonra da məndə klaustrofobiya yarandı. Torbanı oğurlatdırdım... Hamısınımı danışım?

- Yox, əsaslarını.

- Günlərin birində Balıqların şahı ilə qarşılaşdım.

- Harda, dənizdə?

- Yox, quruda.

- Balıqların şahı quruda yaşayırdı?

- Hə. Balıqların şahı mənə dedi, biz xırda balıqlarıq, arxamızca köpək balıqları dolaşır, bizi təqib eləyirlər. Hara getsək, harda olsaq belə günlərin birində tutacaq, diri-diri udacaqlar. Mən buna razı ola bilməzdim. Ona görə də köpək balıqlarını öldürməyi qərara aldım.

- Yanlışlığa burda yol veribsən. Balıqların şahı ancaq balıqlardan ola bilər və quruda yaşaya bilməz. İnsan balıqlara şahlıq eləyə bilməz, insan yalnız öz həmcinslərinin şahı ola bilər. Biz də xırda balıqlar deyilik. Arxamızca da köpək balıqları gəzib eləmir. Biz quruda yşayırıq, xırda balıqlar da, köpək balıqları da dənizdə olurlar. Bizi canavarlar təqib eləyirlər, onlar canavar ola bilməyənləri yeyirlər. Sən canavarları öldürməliydin.

Yaxşı, bundan sonra canavarları öldürərəm, dedi və yuxuya getdi.
XS
SM
MD
LG