Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:10

Kürsüdən «bərk yapışan» məmurlar


Arxiv foto
Arxiv foto
-
Martın 28-də çap olunan qəzetlərin icmalını təqdim edirik:

«Azadlıq» qəzeti yazır ki, «bizdə eyni vəzifəni 10, 15, hətta 20 ilə yaxındır tutan, yerini heç kimə vermək istəməyən yüksək vəzifəli şəxslər var».
«Ən «uzunömürlülər» sırasında daxili işlər naziri Ramil Usubovu (19 il), Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi (18 il), müdafiə naziri Səfər Əbiyevi (18 il), baş nazir Artur Rasizadəni (17 il), təhsil naziri Misir Mərdanovu (15 il), vergilər naziri Fazil Məmmədovu (14 il), baş prokuror Zakir Qaralovu (13 il) göstərmək olar. Bundan başqa Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev (20 il), Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov (19 il), Mərkəzi Bankın sədri Elman Rüstəmov (18 il), Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov (17 il), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə (13 il) də «uzunömürlü» məmurlar sırasındadırlar».
Qəzet yazır ki, «əgər nazirlərin və yüksək vəzifə tutan digər məmurların illərlə eyni postda qalması məqbul hal sayılsaydı, dünyanın qabaqcıl ölkələri də bu təcrübədən istifadə edərdilər».
«QAÇQINKOM» 800 AİLƏNİ TALEYİN ÜMİDİNƏ BURAXIB
«Bizim yol» qəzetinin müxbiri Tərtər rayonunda Ağdam köçkünlərinin yaşadığı qəsəbəyə baş çəkib.
Qəzet yazır ki, 800-ə yaxın məcburi köçkün ailəsinin məskunlaşdığı qəsəbədə evlərin əksəriyyəti qamışdan qurulub:
«İllər öncə qamışın üzərinə çəkilmiş palçıq suvaq dağılmaq üzrədir. Qəsəbənin əsas problemlərindən biri içməli su çatışmazlığıdır. Qışda təkcə elektrik enerjisinin ümidinə qalan bu zavallı insanlara işığı da bəzən çox görürlər. Qaçqınların sözlərinə görə, qış aylarında saatlarla işıqlar kəsildiyindən soyuqda naəlac qalırlar».
«RADİKAL MÜXALİFƏTİN SAXTA BİRLİK XÜLYASI PUÇ OLUB»
«Yeni Azərbaycan» qəzeti yazır ki, AXCP-nin, Müsavat-ın, və El hərəkatının təmsilçiləri dağıdıcı düşərgənin prezidentliyə «əsas namizədi» uğrunda açıq savaşa keçiblər.
«Dağıdıcı düşərgədə «vahid namizəd»liyə ilk zərbəni seçkilərə təkbaşına qatılacağını bəyan edən Müsavat Partiyasının başqanı İsa Qəmbər vurdu. «Müsavat»çıların qənaətinə görə, başqan neçə illərdir ki, dağıdıcı müxalifət düşərgəsində «külüng çalır», saç-saqqal ağardıb, buna görə də digər qruplar vahid namizədlik» məsələsində məhz ona güzəştə getməlidirlər. İlk təpki isə AXCP-dən gəldi. «Cəbhəçilər» məşhur elektron «seçkilərin» nəticələrinə istinadən israr edirlər ki, hazırkı durumda dağıdıcı düşərgədə AXCP-nin sədri Əli Kərimlinin nüfuzu İsa Qəmbərin mövqeyindən qat-qat üstündür. Hadisələrin bu axarla inkişaf etdiyi ərəfədə dağıdıcı düşərgədən prezidentliyə «vahid namizəd» məsələsinə növbəti zərbə reneqat Eldar Namazovdan gəldi. Öz şəxsi maraqları namizəd hər kəsi və hər şeyi güdaza verməyə hazır olan bu şəxs qondarma «El» hərəkatını yaratmaqla qarşıdan gələn prezident seçkilərinə «köhnəliyin qalığı» adlandırdığı müxalifətlə eyni cəbhədə getməyəcəyini bildirdi».
MÜXALİFƏTİN YAZ PLANLARI
«Yeni Müsavat» qəzeti müxalifətin planlarından yazıb.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qəzetə deyib ki, rayonlara, bölgələrə səfərlər təşkil edərək xalqla görüşlər keçirməyi planlaşdırırlar:
«Yaz aylarında çalışacağıq ki, daha da Bakıda, rayonlarda tez-tez görüşlər keçirək. Eyni zamanda əsas istiqamətlərdən biri də kütləvi aksiyalarla bağlıdır və bu yöndə işlərimizi davam etdirəcəyik».
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının sözlərinə görə, yaz aylarında bölgə səfərləri planlaşdırıblar: «Hakimiyyət hər vasitə ilə bu görüşləri əngəlləyir, müxtəlif problemlər yaradır. Ancaq bütün bu çətinliklərə baxmayaraq biz rayon səfərlərimizi davam etdirəcəyik, xalqla mütəmadi görüşlər təşkil edəcəyik».
Ümid Partiyası sədrinin gənclər üzrə müavini Ruslan İzzətli isə deyib ki, «bu ilki prezident seçkilərində də Ümid Partiyası öz namizədi ilə seçkilərə qatılacaq. Ona görə də biz seçkinin yaxınlaşması ilə əlaqədar olaraq qarşıdan gələn aylarda daha aktiv siyasi fəaliyyətə başlamaq niyyətindəyik. Davamlı olaraq xalqla görüşlər keçiriləcək».
XS
SM
MD
LG