Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:11

İmişlidə itmiş qətl gülləsinin izi ilə...


Arxiv foto
Arxiv foto
-

«Oğlumun meyiti müayinə edilənədək biz onun hansı silahla qətlə yetirildiyini bilmirdik. Müayinə zamanı ekspertlər «TOZ-8»dən atılmış gülləni meyitin başından çıxardılar. Sellofan torbaya qoyulan bu maddi sübut onlarla insanın gözü qarşısında rayonun o vaxtkı prokuroruna verildi. Amma sonradan onu yoxa çıxardılar...».

İmişli rayonunun Qulubəyli kəndində yaşayan Qalib Nağıyev 2 ildir həmin güllənin axtarışında olduğunu deyir. Onun sözlərinə görə, 2011-ci ilin iyulun 16-da oğlu Mirnahid müəmmalı şəraitdə öldürüləndən sonra qətli törətməkdə şübhəli bilinən həmkəndlisi Hənifə Əliyev saxlanıb. İstintaq zamanı qətldə istifadə edilmiş silahın sahibi - İlham Əliyevə qarşı da ittiham irəli sürülüb. Bu ilin fevralın 28-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi adları çəkilən hər iki şəxsi təqsirli bilib və müvafiq olaraq 13,5 və 3,5 il müddətinə azadlıqdan məhrum edib.

«GÜLLƏ ONA GÖRƏ GİZLƏDİLİB Kİ...»

Qalib Nağıyev bildirir ki, müayinə zamanı meyitin başından çıxarılan, lakin sonradan it-bata düşən güllə ilə bağlı ziddiyyətli qərarlar qəbul edilib:

«Güllə çıxarılıb götürülsə də, məhkəmə eksperti Fazil Bayramov rəyində yazıb ki, kəllə-beyin sümüyünə pərçimlənib qaldığından güllə çıxarılmayıb və mərhumun başında qalmaqla dəfn olunub. Bu saxtakarlıq barədə Baş Prokurorluğa şikayət edəndən sonra meyitin eksqumasiyası və təkrar müayinəsi keçirildi, ancaq güllə tapılmadı. Məhkəmə araşdırması zamanı itən güllənin həyətimdə axtarılması barədə gülünc qərar qəbul edildi».

Qalib Nağıyev
Qalib Nağıyev
Qalib Nağıyev bildirir ki, bundan sonrakı günlərin birində gecə saatlarında ailə üzvləri həyətdə, vaxtilə oğlunun meyitinin müayinə olunduğu yerdə tanımadıqları adamın torpağı qazdığını görüb:

«Evdən səs gəldiyini eşidən kimi həmin şəxs hasarı aşaraq qaçdı. Səhər açılan kimi mən bu barədə İmişli rayon prokurorluğuna və digər orqanlara məlumat verdim. Amma görəndə ki, şikayətim araşdırılmır və «itmiş» gülləni öz əlləri ilə həyətimə basdırıb, bir neçə gün sonra onu ordan tapmaq istəyirlər, həmin ərazidəki torpağın üst qatını bir maşına yığaraq, onu kəndimizin kənarından keçən Baş Muğan kanalına tökdüm».

İmişli sakininin iddiasına görə, əvvəllər güllə ona görə gizlədilib ki, atəşin qanunsuz saxlanılan odlu silahdan deyil, ov tüfəngindən açıldığını sənədləşdirsinlər və bu hadisəni «ehtiyatsızlıq üzündən baş verən bədbəxt hadisə» hesab etsinlər:

«Bu, alınmayıb deyə sonradan gülləni «tapmaq» istəyiblər».

QƏRİBƏ AXTARIŞ

Qalib Nağıyev paradoksal vəziyyətə diqqət çəkir:

«Ekspert meyitin üzərində gülləni görübsə, onu çıxarmağa, sənədləşdirməyə, qoruyub saxlamağa borclu idi. Görməyibsə, tapıb yerə saldığını, ya hansısa səbəbdən yoxa çıxdığını demirsə, onu həyətimdə niyə axtarmalıdırlar? Əgər ekspert rəyində yazıbsa ki, güllə kəllə sümüyünə pərçimləndiyindən onu çıxarmaq mümkün olmadı və başında qalmaqla meyit dəfn olundu, bundan sonra güllə öz-özünə qəbirdən çıxıb həyətimizə gələ bilərdimi?!».

Mirnahid Nağıyev
Mirnahid Nağıyev
İtən güllə ilə bağlı Qalib Nağıyevin Prezident Administrasiyası da daxil olmaqla, müxtəlif dövlət orqanlarına davamlı şikayətləri araşdırılma üçün Baş Prokurorluğa göndərilib. İbtidai istintaq başa çatanadək bu məsələyə aydınlıq gətirilməyib və toplanmış materiallar Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Güllənin, meyitin ilkin müayinə olunduğu yerdə axtarılması ilə bağlı məhkəmə qərarı icra olunmayıb və materiallar işdən ayrılaraq 2012-ci ilin sentyabrında Baş Prokurorluğa qaytarılıb. Vətəndaş bildirir ki, bundan sonra prokurorluqdan cavab ala bilmir.

MƏHKƏMƏ EKSPERTİNİN İZAHATI

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündə göstərilir ki, «Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya» Elmi-Təcrübi və Tədris Birliyinin Beyləqan rayonlararası zona idarəsinin rəisi Fazil Bayramovdan şahid qismində ifadə alınıb. Ekspert kəllə boşluğunu açaraq, baş beyin toxumasını çıxarıb müayinə etdiyini, lakin gülləni tapmadığını bildirib. O, «türk yəhərinə yaxın proyeksiyada kəllə sümüyündə yara kanalının dibini pərçimlənmiş mərmi təşkil etmişdir» sözləri yer alan rəy verməyini, ekspertizanın meyitin yuyulması üçün düzəldilən yerin zəif işıqlandırılması, mərhumun qohumlarının yaratdığı psixoemosional gərginlik ilə əlaqələndirib. Onun ehtimalına görə, güllə müayinədən sonra meyitin yuyulduğu yerə düşə bilərdi.

EKSPERTƏ TÖHMƏT VERİLİB, PROKUROR İŞDƏN KƏNARLAŞDIRILIB

Arxiv foto
Arxiv foto
«Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya» Elmi-Təcrübi və Tədris Birliyinin sədr müavini Tahir Hacılı ekspertiza keçirilməsi üçün şəraitin, onu təyin edən şəxs tərəfindən yaradılmalı olduğunu dedi:

«Qanuna görə tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan şərait, metodik vəsait və avadanlıqlar olmadıqda, ekspert məhkəmə ekspertizasının aparılmasından imtina edə bilərdi. Belə bir şəraitin yaradılmaması onun qeyri-dəqiq rəy verməsi üçün əsas ola bilməz. Buna görə Birlik tərəfindən Fazil Bayramova sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib».

İmişli rayon prokurorluğunun böyük müstəntiqi Elşad Əzimov isə bildirir ki, hadisə barədə məlumat alanda, yaxınları meyiti xəstəxanadan çıxarıb kəndə aparmışdılar:

«O vaxt rayonun mərkəzi xəstəxanasında təmir işi görülürdü, morqa ayaq basmaq belə mümkün deyildi. Buna görə ekspertiza zərərçəkənin ünvanında - həyətdə keçirildi. Məhkəmə ekspertinin qarşısına konkret suallar qoyulmuşdu və o, bu sualları cavablandırmaqda sərbəst olub, onun işinə müdaxilə edilməyib. Məsələni Baş Prokurorluq araşdırılarkən məndən və rayon prokurorundan bu barədə ətraflı izahat alınıb».

«GÜLLƏ HƏQİQƏTƏN İTİB»

Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Təranə Vəlizadə qurumun İstintaqa Nəzarət İdarəsi ilə əlaqə saxlamağımızı məsləhət gördü. Adıçəkilən idarənin böyük prokuroru Sədirxan Sədirxanov isə məsələdən məlumatsız olduğunu dedi: «Bu, məndən əvvəl olan işdir. Yaxşı olar ki, mətbuat xidməti ilə əlaqə saxlayın».

Prokurorluqda Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin kriminalisti İlkin Abdullayev də maddi sübutun müəmmalı şəraitdə itməsini təsdiqləsə də, sonrakı araşdırmalardan və onun nəticəsindən məlumatsız olduğunu bildirdi: «Meyitin eksqumasiyası və təkrar müayinəsi zamanı mən hadisə yerində olmuşam. Güllə həqiqətən itib, nə səbəbdən itdiyi də bilinmədi. Bununla bağlı vətəndaş kimə şikayət edibsə, ondan da cavab almalıdır».

CAVABSIZ SUALLAR

Əyyub Kərimov
Əyyub Kərimov
Zərərçəkmişin nümayəndəsi Əyyub Kərimovun sözlərinə görə, bu faktla bağlı İmişli rayon prokurorluğunda xidməti araşdırma aparılıb:

«Araşdırmanın nəticəsi olaraq prokuror və ekspertlə bağlı məhkəməyə rəy təqdim olunub. Çox güman ki, rayon prokurorunun tutduğu vəzifədən kənarlaşdırılmasında bu faktın təsiri olub. Ekspert niyə saxta rəy verib, o, bunu özü edib, yoxsa kiminsə təzyiqi altında - bu suallar hələ də cavabsız qalır. Gözləyirdim ki, məhkəmə bununla bağlı xüsusi qərardad çıxaracaq. Amma Lənkəran Ağır Cinayətlər Məhkəməsi belə qərar qəbul etmədi. Mən zamanı qabaqlamaq istəmirəm, ola bilsin apellyasiya məhkəməsi belə bir addım atsın».
XS
SM
MD
LG