Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:31

Mirmahmud Mirəlioğlu: «Biz indiki vaxtda namizədliyə namizədik» [Video]


Martın 26-da AzadlıqRadiosunun «İşdən sonra» verilişində prezidentliyə namizəd Mirmahmud Mirəlioğlu suallara cavab verib.

-


Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib ki, partiyasının namizədliklə bağlı qərarını gecikmiş sayır:

«Biz namizəd olmağa 5 il gecikmişik, amma hələ də çox gec deyil. 2008-ci ildə müxalifət seçkini boykot etmək qərarına gəldi, buna görə də mən namizədliyimi vermədim. Daha sonra isə bir sıra namizədlər namizədliklərini götürməyərək bizi meydanda tək qoydular».

Mirmahmud Mirəlioğlu deyib ki, onun potensialı böyükdür:

«Azərbaycanın bütün problemlərinin həllinə dair planlarımız və bu dəyişikliyi edəcək qədər gücümüz var. Azərbaycanda idarəetmə sistemi dəyişilməlidir, bütün vətəndaşlara eyni münasibət göstərilməlidir. İqtidar nümayəndələri deyir ki, analoqu olmayan iqtisadi inkişafımız var. İnkişaf varsa, Azərbaycan vətəndaşı bu gün niyə bu vəziyyətdə yaşayır? Hakimiyyətin yürütdüyü siyasət nəticəsində biz 20 ildir ki, bu problemlərdən əziyyət çəkirik».

KXCP sədri hökumətin apardığı siyasətə də toxunub:

«Beynəlxalq aləmdə olan uğurlarımızın bəzilərini dana bilmərik, amma bu uğurların hamısını indiki iqtidarın adına yazmaq ayıbdır. Biz iqtidarın siyasəti nəticəsində uğurlarımıza sevinə də bilmirik».

«NAMİZƏDLİYİMDƏN İMTİNA EDƏ DƏ BİLƏRƏM»

KXCP sədri bildirib ki, seçkidə qələbə qazanmaq üçün demokratik seçki mühiti formalaşdırılmalıdır:

«Demokratik seçki mühitinin yaradılması üçün hər kəs üstünə düşən vəzifəni görməkdən qaçmamalıdır».

Partiya sədri seçkidə mümkün saxtakarlıqdan da danışıb:

«İlham Əliyev hələ ki namizəd deyil. Onun seçkidə iştirak edib etməməsini bilmədən öncə seçkidə saxtakarlıq olub-olmayacağını deyə bilmərik».

Mirmahmud Mirəlioğlunun fikrincə, onun ən böyük istəyi Azərbaycanın dəyişilməsidir:

«Mən namizədliyimi siyasət naminə verməmişəm, xalqa xidmət etmək, Azərbaycanı dəyişmək üçün namizədliyimi irəli sürmüşəm».

Partiya sədri vahid namizəd məsələsinə də toxunub:

«Müxalifətin vahid namizədi seçilsə, mənim istək və arzularımı həyata keçirəcək namizəd olacaqsa, mən namizədliyimdən imtina edərəm».
XS
SM
MD
LG