Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:37
-

NEFT ÖLKƏLƏRİNDƏ ƏHALİ NECƏ DOLANIR?

«Azadlıq» qəzeti yazır ki, neft ölkəsi olan Qazaxıstanda ixracda neft və neft məhsullarının payı cəmi 35 faizdir. Azərbaycanda isə bu göstərici 80 faizi üstələyir. Adambaşına düşən ÜDM isə 12401 dollar təşkil edir. Digər neft ölkəsi Meksikada ÜDM 14582 dollar təşkil edir. Bu ölkədə benzinin bir litri 0,55 dollardan yuxarı qalxmır. Venesuelada benzinin qiyməti cəmi 0,11 dollardır. Neft ölkələrindən Omanda, Bruney, Bəhreyndə də həyat səviyyəsi, iqtisadi inkişaf olduqca yüksəkdir. Omanda ÜDM 26197 dollar, Bruneydə 47200, Bəhreyndə 26807 dollardır. Bu ölkələrdə orta aylıq əmək haqqı 6000 dollardan artıqdır.

AZƏRBAYCAN MÜXALİFƏTİ OBAMA-NIN MESAJINDAN RUHLANIB

«Yeni Müsavat» qəzeti yazır ki, «ötən həftə İsrail və Fələstinə səfər edən ABŞ prezidenti Barak Obama Qüdsdə əksəriyyəti tələbələr olan 2 min nəfərlik auditoriya qarşısında çıxış edərkən, avtoritar rejimlərə mesaj verib ki, bu da seçki ilini yaşayan Azərbaycan müxalifətini növbəti dəfə ümidləndirib.

ABŞ prezidenti ərəb-İsrail qarşıdurmasından bəhs edərkən «Regiondakı dövlətlərdə hökumətlərin xalqın iradəsi ilə formalaşdığı bir vaxtda İsrailin öz təhlükəsizliyini qorumaq üçün bir ovuc avtokratik rejimlə sülh əldə etdiyi dövrlər artıq arxada qalıb. Sülh xalqlar arasında əldə edilməlidir, hökumətlər arasında yox» deyib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, ABŞ öz xarici siyasətində demokratiya və insan haqlarının qorunması prinsiplərinin bütün dünyaya yayılmasını əsas prioritet elan etmiş bir ölkədir: «Eyni zamanda bütün dünyada qəbul olunub ki, demokratiya və insan haqları, azad seçkilər, demokratik cəmiyyətlərin qurulması heç də hər hansı dövlətin daxili işi deyil. Bu məsələlərdə istənilən digər ölkələrin iştirakı nəinki yolveriləndir, hətta arzuolunandır».

BƏLƏDİYYƏLƏR CƏMİYYƏTDƏ ÖZLƏRİNİ TƏSDİQ EDİBLƏR

«Yeni Azərbaycan» qəzeti Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə ilə müsahibəni dərc edib. Mehdi Səlimzadə deyib ki, bələdiyyələrin işinə maneçilik törədən amillər aradan qaldırılmalı, maliyyə-iqtisadi məsələsi həllini tapmalıdır. «Çünki bələdiyyələrin səlahiyyətləri çərçivəsində öz işlərini görmək üçün maliyyə imkanları uyğun gəlmir. 2012-ci ilin yekununa görə, bələdiyyələrin 35 milyon manat gəliri olub. Əgər biz bunu 1718 bələdiyyə arasında bölmüş olsaq, hər ay bir bələdiyyəyə təxminən 1500 manat pul düşür. Müəyyən əraziləri əhatə edən bələdiyyələrə səlahiyyətləri ilə müqayisədə 1500 manat imkan verirmi ki, bu işləri həyata keçirsin? Əlbəttə ki, yox. Bələdiyyələrin özləri alternativ, yeni maliyyə mənbələri axtarmalıdırlar ki, maliyyə imkanlarını artıra bilsinlər».

Şərhləri göstər

XS
SM
MD
LG