Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:52

7 nəfərindən 4-ü həbsdə olan «N!DA»


Üzeyir Məmmədli
Üzeyir Məmmədli
-
«Biz azad və inkişaf etmiş dövlətdə yaşamaq istəyirik. Azad və müstəqil mətbuat istəyirik. Ədalətli məhkəmələr, qanunlar istəyirik. Biz nə istəyirik? – Azadlıq istəyirik…».

Bunu «N!DA» Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Üzeyir Məmmədli müxalifətin ötənilki 8 aprel mitinqində çıxışında demişdi.

Onları mitinqlərdə, müxtəlif məzmunlu flaşmoblarda, kitab toplama aksiyalarında görmək olur. Azərbaycanda keçirilmiş «Eurovision 2012» mahnı müsabiqəsindən əvvəl və sonra ölkədəki hüquq pozuntuları ilə bağlı jurnal çap etmişdilər. Son vaxtlar «Əsgər ölümlərinə son!» aksiyalarında da fəal idilər.

«TƏCİLİ DEMOKRATİYA TƏLƏB OLUNUR»

Ötən ayın 4-də 2 yaşını dolduran «N!DA» hərəkatı marta həbslərlə girdi. Öncə hərəkatın 3 üzvü – Bəxtiyar Quliyev, Məhəmməd ƏzizovŞahin Novruzlu həbs olundu. Həbs günü – martın 7-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun yaydığı bəyanatda bu gənclərin evindən «Molotov kokteyli», narkotik maddə və «təcili demokratiya tələb olunur» yazılmış vərəqələr tapıldığı deyilirdi.

İstintaqın qənaətinə görə, gənclər martın 10-da Bakıda «Fəvvarələr» Meydanındakı etiraz aksiyasında «Molotov kokteyli»ndən istifadə etməyə hazırlaşırmışlar. Yerli telekanallarda «N!DA»çıların istintaqdakı ifadələrindən bəzi hissələr diqqətə yetirildi. Saxlananlardan biri – Məhəmməd Əzizov videogörüntüdə bunları deyirdi:

«Kütləvi iğtişaşa yönəlik bəzi şeylərdən istifadə eləmək təklif olundu – yəni Misir modelində də olduğu kimi, «Molotov kokteyli»ndən, ya da səs bombalarından…».

Martın 14-də «N!DA» idarə heyətinin üzvü Rəşad Həsənov saxlandı. Ona qaşı qanunsuz silah saxlama, döyüş sursatı,
Rəşad Həsənov
Rəşad Həsənov
partlayıcı maddələr və qurğular əldəetmə maddəsi ilə ittiham irəli sürüldü. Məhkəmə Rəşad Həsənov haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçdi.

«N!DA» hərəkatı ittihamları qurama sayır və saxlanan gənclərin siyasi məhbus olduğunu deyir. «Amnesty International» beynəlxalq hüquq qoruma təşkilatı da həbs olunan gəncləri «vicdan məhbusu» sayır. Buna görə «N!DA»çıları təcili azad etməyə çağırır. Təşkilat fikirlərini dinc şəkildə səsləndirənlərin həbsə atılmasını pisləyir.

NİYƏ «N!DA»?

Həbslərdən sonra «N!DA» hərəkatı, istər-istəməz, diqqət çəkdi. İdarə heyəti 7 nəfərdən ibarət bu vətəndaş hərəkatı dövlət qeydiyyatına alınmayıb. Daimi yerləri də yoxdur – kafe və parklarda toplaşırlar. Dediklərinə görə, demokratiya dəyərlərinin, insan hüquqlarının keşiyini çəkmək istəyirlər. İdarə heyətinin üzvü Aygün Pəncəliyeva bu istəklərini AzadlıqRadiosunda da dilə gətirir:

«Hansı ölkədə yaşadığımız məlumdur. Addımbaşı hüquqlarımız pozulur. Biz bunu düzəltməyə çalışırıq. İstəyirik ki, hüquqlarımız pozulmasın. Ölkədə demokratik mühit yaratmaq istəyirik».

Zəfər Quliyev
Zəfər Quliyev
«N!DA»nın manifestində deyilir ki, «biz yeni, azad nəsilik. Bizi gələcək maraqlandırır. Biz özümüz hakimiyyətə gəlmək istəmirik. Lakin «N!DA» dəyişikliklər istəyir».

«BU, YANLIŞ YANAŞMADIR»

Şərhçi Zəfər Quliyevin fikrincə, son etiraz aksiyalarında gənclər çox fəaldır, hakimiyyət də indiki məqamda gəncləri özünə təhlükə sayır:

«Son aksiya bütün fəal gənclər tərəfindən təşkil olunmuşdu. Lakin hər halda hakimiyyət bir ünvan göstərməli idi, özünə bir ünvan seçməli idi. İlk növbədə «N!DA» təşkilatı ünvan seçildi. Saxlanan gənclər doğrudan da fəal gənclərdir. Adətən, narazılığı daha fəal formada ifadə edən həmişə gənclər olur. Hakimiyyət «N!DA»nın fəal üzvlərini həbs etməklə elə bilir ki, proseslərin qarşısını alacaq. Bu, yanlış yanaşmadır. Belə həbslər əks-effekt verir».

«N!DA»nın həbsdə olan fəalları Bakı İstintaq Təcridxanasında saxlanır. Vəkil Əshabəli Mustafayev deyir ki, martın 27-də vəsatətlər verəcək, istintaq hərəkətlərinin aparılmasını tələb edəcəklər. Həmin gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi «N!DA»nın idarə heyətinin üzvləri Aygün Pəncəliyeva və Üzeyir Məmmədlini də dindirməyə çağırıb.
XS
SM
MD
LG