Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:17
-
«Həyətin sahəsini hesablamırlar, heç olmasa evi düz hesablasınlar. Üç ailə bir həyətdə, 160 kvadratda yaşayır. Heç evin kvadratını da düz yazmırlar».

«AĞ KAĞIZ VERİRLƏR Kİ, QOL ÇƏKİN»

Bayıl qəsəbəsinin sakini Teyyubə Səfərova AzadlıqRadiosuna deyir ki, Bayraq Meydanının, Milli Parkın genişləndirilməsi üçün zəngilanlı 15 məcburi köçkün ailəsini köçürürlər. Qonşulardan deyilən qiymətə razılaşan da var, razılaşmayan da:

«Üç ailənin hərəsinə 20-30 min düşür. O pulla heç yerdə özümüzə ev qura bilmərik. Kvadratını 500-600 manatdan verirlər. Onu da dəqiq bilmirik, ağ kağız verirlər ki, qol çəkin. Mən şəhid anasıyam. Vətən yolunda iki oğul vermişəm. Deyirəm ki, o pulu götürün, məni evlə təmin edin».

Son bir neçə ildə Teyyubə Səfərova kimi evindən köçürülən, ancaq kompensasiyadan narazılar az deyil. «Eurovision» mahnı müsabiqəsi ərəfəsində yüzlərlə Bakı sakini ev-eşiyindən oldu.

İNSAN HAQLARI ÜZRƏ FƏALİYYƏT PLANI

«Azərbaycan İnsan Haqları Fəaliyyət Planını həyata keçirməyə başlayıb,... söküntülər və zorla köçürmə probleminə münasibətdə bəzi addımlar atıb». Avropa Birliyinin ötən həftə açıqladığı hesabatda belə deyilir.

Bayraq Meydanında tikinti zamanı

Bayraq Meydanında tikinti zamanı

AB-nin tövsiyəsinə görə, 2011-ci ildə qəbul olunmuş İnsan Haqları Fəaliyyət Planının həyata keçirilməsi davam etməlidir.

«İnsan Hüquqları Sahəsində Milli Fəaliyyət Planı» 2011-ci ilin dekabrında təsdiqlənib.
Plan normativ-hüquqi bazanın, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsini hədəf götürüb.

Sənəddə «əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması»na aid ayrıca bənd də var.

«ƏFSANƏ SƏNƏD»

Hüquq müdafiəçisi Leyla Yunus bu planı «əfsanə sənəd» sayır və Avropa Birliyinə göndərdiyi şərhdə həmin planın hesabata salınmasını «çox gülməli» adlandırdığını vurğulayır:

«Mən yazdım ki, mənə ən gülməli gələn bu proqramın icrasının davam etdirilməsinə dair tövsiyədir. Əslində bu, kağız üzərində olan bir şüardır. Bu planlar elə Avropa Birliyinin, Avropa Şurasının komissarları üçün qəbul olunub ki, onlar da hansısa hesabatlarına həmin planları salsınlar. Təki kağızda nəsə olsun».

Leyla Yunus

Leyla Yunus

İnsan Haqları Fəaliyyət Planı üzrə işlər davam edir və vətəndaş haqları və sosial hüquqların, eləcə də ölkə qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflər hazırlanır. İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin insan hüquqları komitəsinin üzvü Aytən Mustafayeva belə deyir. O, məsələn, yeyinti məhsullarının təhlükəsizliyi üzrə qanunvericiliyə bəzi dəyişikliklər təklif olunduğunu bildirir. Bu institut həmin planda 9 bənd üzrə icraçı qurum kimi göstərilib.

«YA BAŞQA ÖLKƏYƏ GETMƏK, YA DA TV-YƏ BAXMAQ»

2012-ci ilin sonlarında razılaşdırılmamış aksiyalarda iştiraka görə cərimələr qaldırıldı, bu il «QHT-lər», «Qrantlar haqqında» qanunlara əlavə və dəyişikliklər qəbul olundu. Beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları qanunvericiliyə bu dəyişiklikləri məhdudlaşdırıcı sayırlar.

Deputat Aytən Mustafayeva qanunların icrasında problemlərin olması, bəzi qanunların tamamilə icrasız qalması fikri ilə razılaşır, ancaq «məhdudlaşdırıcı dəyişikliklər» ifadəsini qəbul etmir:

– Siz sualınızda demirsiniz ki, icazəli aksiyalara görə cərimələr artırılıb. İcazəli aksiyaya görə cərimələnsəydi, azadlığın pozulması olardı. Bu dəyişiklik məhz icazəsiz aksiyalara aiddir.

– Ancaq «Sərbəst Toplaşma Azadlığı Haqqında» qanunun icrasında problemlərin olduğunu beynəlxalq, yerli qurumlar da bildirir, hesabatlarda da vurğulanır ki, bu qanunun icrasında Böyük Şor gölü ərazisində evlər

Böyük Şor gölü ərazisində evlər

problemlər var.

– Bunun üçün ya başqa ölkəyə getmək, ya da TV-yə baxmaq lazımdır. Görün, sərbəst toplaşma azadlığı Avropada necə pozulur. Necə olur ki, bu orada azadlıq pozulması sayılmır, bizdə sayılır?

HANSI TÖVSİYƏ YERİNƏ YETİRİLƏCƏK

Avropa Birliyinin hesabatındakı tövsiyələrdən biri də sərbəst toplaşmaq azadlığı haqda qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasını davam etdirməkdir. Hakimiyyətin bu və digər tövsiyələri necə nəzərə alacağı prezident seçkisi ərəfəsində bilinəcək.

Ancaq Teyyubə Səfərova kimi evindən didərgin salınanların çoxalacağı indidən görünür. Hər halda Böyük Şor Olimpiya Stadionu yaxınlığında yaşayanlara artıq köçürülmə barədə xəbərdarlıq gəlib. Həmin sakinlər də məhz evlərinin dəyərinin düzgün hesablanmasını istəyirlər:

– Başqa bir evə köçürməsinlər bizi, əziyyətlə ev tikmişik, evimizin dəyərini versinlər, yenə bir ev tikərik.

Şərhləri göstər

XS
SM
MD
LG