Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:27
-
Rusiya istifadəçiləri üçün bloklanmış saytların çoxu Ermənistanda artıq açıqdır. Bu internet provayderlər vasitəsilə mümkün olub. Belə ki, Rusiyada qadağan edilən saytların Ermənistan istifadəçiləri üçün də bağlı olduğunu öyrənən provayderlər, onları bir-bir açaraq, yerli istifadəçilər üçün bərpa ediblər.
«Təəssüflər olsun ki, Rusiya bizə başqa çıxış yolu buraxmayıb», Bilayn şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anush Bexloyan belə deyir.
«Rusiya öz serverlərindən keçən bütün trafiki bloklayır. Fərqinə varmır ki, bu sayta kim daxil olmaq istəyir, Rusiya, Zimbabve, Amerika ya Yeni Zelandiya istifadəçisi. Yəni, rus serverlərindən keçən istənilən trafik dövlətin qərarı ilə bloklanır».
İNTERNETƏ NƏZARƏT
Anush Bexloyan izah edir ki, onların texniki imkanları məhduddur və yeganə çıxış yolu – məcazi mənada desək saytları «əl ilə açmaq»dır:
«Biz bunu istifadəçilərimizin problemlə qarşılaşmaması, müstəqil informasiya almaq hüquqlarından istifadə etmələri üçün edirik. Digər ölkələrdə qanunların dəyişməsinə görə istifadəçilərimizin hansısa problem yaşamasını istəmirik».
Rusiyada İnternetə qoyulan qadağaların Ermənistana da şamil olduğunu ötən ilin sonlarında aşkarlayıblar. Bunu isə hansısa istifadəçi çeçen separatçılarının saytına girərkən üzə çıxarıb. Sayt açılmayıb. Daha sonra məlum olub ki, təkcə bu sayt deyil, Rusiyada qanunla qadağan olunan saytların hamısı Ermənistanda da açılmır. Ötən ilin noyabrından Rusiyada qüvvəyə minən qanun faktiki olaraq internetə nəzarət edir.
Arxiv foto

Arxiv foto

Bu qadağaların Ermənistanda da mövcud olduğu aydınlaşanda etirazlara səbəb olub. Belə ki, Ermənistanda internet istifadəçilərinə heç bir məhdudiyyət yoxdur.

Ermənistanın nəqliyyat və əlaqələr nazirinin müavini Artashes Avetisian bunu təsdiqləyir.
«Mən rəsmən bəyan edirəm ki, əgər saytlar bloklanırsa bu bizim ölkədə deyil, sərhəddən kənarda baş verir. Ermənistanda saytlar bloklanmır».
Hərçənd nazir müavini Rusiyada qadağan olunan saytların hansı səbəblə Ermənistanda açılmadığına izahat gətirməyib. Həmin saytlara girmək istəyən istifadəçilər ekranlarında Rusiya Federasiyası qanunu ilə saytın istifadəsinin yasaqlandığı elanı ilə rastlaşıb. Rusiyanın bir sıra KİV-i, mütəxəssis və iri şirkətləri narahatdırlar ki, hökumət bəzi hallarda nəinki kriminal məzmunlu saytları, eləcə də siyasi və digər xarakterli saytları da bloklaya bilər. Belə çıxır ki, bu gün Ermənistanda «qara siyahı» işləməsə də, sabah internet provayderləri siyahıdakı saytları açmağı unudarsa, yerli istifadəçilər bu saytlara giriş imkanından məhrum olacaqlar.
EKSPERT DEYİR Kİ...
İnformasiya texnologiyaları mütəxəssisi Sambel Martirosyan:
«Rusiyada bir müddətdən bir saytlar bloklanır, hansılar ki, bir o qədər də «pis deyillər». Məsələn bir neçə gün əvvəl Rusiyanın ən böyük bloq hostinqlərindən biri LG Russia bloklanmışdı. Burda artıq senzura problemi ortaya çıxır».
Samvel Martirosyan hesab edir ki, Rusiya qoyduğu məhdudiyyətlərin internet kabeli vasitəsilə qonşu dövlətlərə yayılmasını önləmək üçün heç bir tədbir görməyib.
«Saytların bloklandığını görən provayderlər istifadəçilərimiz üçün onları açır, ancaq bu, uzun prosesdir. Hər gün yeni-yeni saytlar bloklanır, yəni Rusiya senzura yolu ilə gedir. Və bu nəinki ermənistanlı provayderlərin, həm də bizim dövlətin problemi olmalıdır. Necə etmək lazımdır ki, başqa dövlətlərin qərarlarından asılı olmayaq».
Fevral ayında bir qrup ermənistanlı fəal internet idxalçılarından biri GNC alfa-ya məktub yazıb, bildirilib ki, Ermənistan beynəlxalq hüququn suveren təmsilçisidir və özünün norma və qanunları var. Şirkət isə cavabında problemin onlardan qaynaqlanmadığını deyib.

Şərhləri göstər

XS
SM
MD
LG