Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:45

Rəhim Qazıyev: «Mən heç vaxt susmamışam, susmayacağam da» [Video]


-

Martın 20-də AzadlıqRadiosunun «İşdən Sonra» verilişində keçmiş müdafiə naziri Rəhim Qazıyev ona ünvanlanan sualları cavablandırıb:




ADİ VƏTƏNDAŞIN ALİ VƏTƏNDAŞA MƏKTUBU...

Prezidentə yazdığı məktubun məzmununun tamamilə etik olduğunu, orada heç bir hörmətsizlik, təhqir və s. olmadığını deyən Rəhim Qazıyev bu məktubdan heç bir siyasi qazanc güdmədiyini vurğulayıb:

«Mən prezidentə 16 mart 2013-cü il tarixində açıq məktub yazmışam, mən bu məktubu yazarkən düşündüm ki, bu problemləri bilmək prezident üçün də yaxşı olar».

Rəhim Qazıyev yazdığı açıq məktubunda prezidentə vətəndaş xitabı ilə müraciət etdiyini deyir.

«Çünki İlham Əliyev də vətəndaşdır, Ali səlahiyyətləri olan vətəndaş. Adi vətəndaşdan ali vətəndaşa olan məktubdur bu».

«13 YAŞLI ERMƏNİ QIZIN MƏKTUBUNU QAYĞIKEŞLİKLƏ QARŞILAYAN PREZİDENT, 70 YAŞLI VƏTƏNDAŞIN MƏKTUBUNA NİYƏ BELƏ SƏRT REAKSİYA VERİR»?

Martın 19-da AzadlıqRadiosuna gələrkən yolda naməlum şəxslər tərəfindən oğurlanaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmasını isə Rəhim Qazıyev yazdığı məktubla əlaqələndirib:

«19 Mart 2013-cü ildə saat 17:50 radələrində mən evdən çıxıb verilişə gələn zaman maskalı insanlar mənim əlimi-qolumu bağlayaraq, başıma torba keçirdilər, daha sonra məni maşının döşəməsinə uzatdılar, onlardan biri təpiyini mənim üstümə qoydu. Məni idarənin həyətinə gətirdilər, qolumdakı qandalı açmadan məni yerə uzatdılar. Binanın içinə girəndən sonra isə qolumdan qandalı çıxardılar».

Rəhim Qazıyev saxlanmağının səbəbi barədə əvvəlcə ona məlumat verilmədiyini, daha sonra isə polisin əmrinə tabe olmadığı üçün saxlandığını bildiriblər:

«Mənə dedilər ki, polis həmin ərazidə əməliyyat keçirərkən, siz onlara mane olmusunuz, bunun üçün də saxlanmısınız, 4 nəfər polis də şahid olub hadisəyə».

Rəhim Qazıyev onu belə şeylərlə qorxutmağın mümkünsüz olduğunu da vurğulayıb:

«Bu mənim üçün qeyri-adi bir şey deyil, mən bundan daha dəhşətli hadisələrlə üzləşmişəm, amma 70 yaşlı insana qarşı belə rəftar düzgündürmü? Onlar mənə normal şəkildə desəydilər ki, bizimlə getməlisiniz, mən yenə də gedərdim».

«ƏGƏR BELƏ BİR MƏKTUB YAZMAQ OLMAZSA, BUNU QANUNLA MƏHDUDLAŞDIRSINLAR BİR DƏFƏLİK, BİZ DƏ İŞİMİZİ BİLƏK»

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun onun barəsində yazdığı təhqiramiz ifadələrdən xəbərdar olmadığını deyən Rəhim Qazıyev, bu yazını yazan şəxsin öz ünvanına uyğun hərəkət etmədiyini bildirib:

«Hüquq elmləri doktoru Siyavuş Novruzov əgər faktla danışırsa, faktla danışan adam ilk öncə təhqirdən istifadə etməz. Təhqirdən istifadə etməsi onun özü və faktlarının nə qədər yalan olduğuna dəlildir».

Məlum yazıda onun barəsində işlədilən «Rəhim Qazıyev dedi ki, Şuşa gedərsə, özümü yandıracam» ifadəsinin ona məxsus olmadığını, buna dair əlində faktların da olduğunu bildirən sabiq müdafiə naziri, onun həmin tarixdə tamam başqa bir ifadə işlətdiyini qeyd edib:

«16 may 1992-ci ildə mən gəldim Milli Məclisin qarşısında izdihamlı mitinqə, orada dedim ki, əgər buradakı əsgərlər sabah saat 12-yə kimi döyüş bölgəsinə qayıtmasa, mən başıma güllə vuracam. Mən, Şuşa getsə, başıma güllə vuracam deməmişəm, bu fakt videolentlərdə də var, faktla danışan adam o kadrlara baxsın gərək».

«HEYDƏR ƏLİYEV DƏ HAKİMİYYƏTƏ GƏLƏNDƏ DEDİ Kİ, MƏN OĞLUMA DA SİLAH VERƏCƏM, GEDİB QARABAĞI ALACAM, BƏS NİYƏ HƏLƏ DƏ QARABAĞI ALMAYIBLAR?»

Rəhim Qazıyev deyir ki, ona ünvanlanan ittihamların əsası yoxdur:

«Mənim Şuşanın getməsində azca da olsa günahım varsa, onda Heydər Əliyev mənə niyə Müdafiə Sənayesi Naziri vəzifəsini vermək istəyirdi? Mən əgər, o zaman həmin vəzifədən imtina etməyib qəbul etsəydim, onda mən yaxşı olardım?»

Rəhim Qazıyev onun barəsində işlədilən «Vətən xaini» ifadəsinin də heç bir əsası olmadığını deyib:

«Mənə qarşı açılan cinayət işində «vətənə xəyanət» maddəsi yox idi, hər iki məhkəmənin videoyazısı var, Siyavuş Novruzov elə çox istəyirsə, məhkəmə işinə yenidən baxılsın, ictimaiyyət, şəhid ailələri də iştirak etsin».

Rəhim Qazıyev deyib ki, onun heç bir siyasi iddiası yoxdur, sadəcə ölkədə baş verənlərə bir vətəndaş kimi münasibət bildirir və bu mövqeyindən də çəkilməyəcək:

«Mən heç vaxt susmamışam, susmayacağam da».

Verilişi tam olaraq buradan dinlə:

XS
SM
MD
LG