Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:41

Sahibkarlığa çatmaq üçün iztirablı yollarda


Foto: Arxiv
Foto: Arxiv
-
Xırdalan şəhər sakini Qəzənfər Nəsibov «Qaynar xətt»ə Abşeron rayon İcra Hakimiyyətindən şikayət edir. Deyir, 7 ildir ki, ticarət obyekti tikmək üçün əvvəlcə aldığı torpaq sahəsinin sənədləşdirilməsi zamanı süründürməçiliklə qarşılaşıb. Sonra da torpaqda iki dəfə söküb tikdiyi və nəhayət, ərsəyə gətirdiyi ticarət obyektinə istismar aktı almaq üçün Abşeron rayon İcra Hakimiyyətinin yollarında qalıb:

«Mən özüm Xırdalanda yaşayıram. Əvvəllər bizim ərazi Binəqədi rayonuna düşürdü. 2008-ci ildə Xırdalana şəhər statusu veriləndə, ərazi Binəqədidən Abşerona verildi. Xırdalan Binəqədi rayon ərazisinə aid olan dövrdə bələdiyyənin sərəncamı ilə torpaq sahəsi aldıq. Ərazilər dəyişdiriləndən sonra Abşeron rayon Torpaq və Xəritəçəkmə şöbəsi bizə plan-ölçü verməkdən imtina etdi. Üstəlik, xəbər tutdum ki, Abşeron rayon İcra Hakimiyyətinin adamları əraziyə daş töküblər ki, tikinti aparsınlar. Dedilər burda nasosxana tikəcəyik. Mən ombudsmana və başqa müvafiq yerlərə şikayətlər yazandan sonra gəlib daşlarını yığışdırıb apardılar. Torpaq üçün plan-ölçünü isə məhkəmə yolu ilə aldım. Bir sözlə, 2006-cı ildə aldığım torpağa 2011-ci ildə məhkəmə yolu ilə sənəd ala bildim – yəni nə az, nə çox, düz 5 ilə».

«30 MİN MANAT FOND PULU İSTƏDİLƏR, GÜCÜM 5 MİNƏ ÇATDI»

5 ilə əldə etdiyi sənədlə Qəzənfər Nəsibovun heç də problemləri həll olunmayıb. Deyir, Abşeron rayon İcra Hakimiyyəti sonradan ona başqa problemlər yaratmağa başlayıb:

«Aldığım torpaq sahəsi 300 kvadratmetr idi və fərdi sahibkarlıq üçün almışdım. Torpaqda tikinti aparmağa dair Sərəncam almaq üçün Abşeron rayon İcra Hakimiyyətinə müraciət edəndə, torpağın hər kvadratına görə 100 manat pul ödəməyimi tələb etdilər. Ancaq bu pulun əsası yox idi. Deyirdilər ki, bu pul İcra Hakimiyyətinin fonuna köçürülür. Guya Abşeron rayonunda yolların, inzibati binaların təmirinə, bərpasına xərclənir. 300 kvadrat torpağa görə 30 min manat ödəyə bilmədiyimə görə məcbur olub 50 kvadrat üçün 5 min manat ödədim. İcra başçısı da 50 kvadratda tikinti aparılmasına Sərəncam verdi. Tikinti başa çatandan sonra icra başçısı həmin ərazidən keçəndə maraqlanıb ki, bu tikinti kimindir. Memara tapşırıb ki, abadlıq işləri ilə əlaqədar bu tikinti kiçik olduğuna görə ərazidə yaxşı görünmür, sökülsün, 150 kvadratmetrdə tikilsin. Memar bunu deyəndən sonra məcbur olub obyekti sökdüm və 150 kvadratmetrdə yenisini tikdim».

«ÖZLƏRİ SÖKDÜRÜB TİKDİRDİLƏR, İNDİ DEYİRLƏR YENƏ SÖK»

Sahibkar deyir, elə obyektin ikinci dəfə tikintisini yenicə başa vururmuş ki, icra hakimiyyətindən obyektin sökülməsini, Sərəncamda nəzərdə tutulan sahədə - 50 kvadratmetrdə tikilməsini tələb ediblər:
Foto: Arxiv
Foto: Arxiv

«Getdim icra başçısı ilə görüşdüm ki, üzərində əlavə tikinti apardığım 100 kvadratmetr sahəyə Sərəncam alım. Dedi, get sök qoy yerə. İndi qalmışam çıxılmaz vəziyyətdə. İş orasındadır ki, obyektə 3 faza ilə elektrik enerjisi verilməsi üçün texniki şərt də ala bilmirəm. Deyirlər obyekt sənəddə 50 kvadratmetr sahədə göstərilsə də, faktiki 150 kvadratmetrdə tikilib. Gərək tikinti aparılmış yerdə qalan sahəyə də sənəd alasan».

«BAŞÇININ İCAZƏSİ RƏSMİ SƏRƏNCAMDA OLUR, ŞİFAHİ GÖSTƏRİŞLƏ YOX»

Abşeron rayon İcra Hakimiyyətindən tikinti sərəncamına görə alınan 5 min manatın icra hakimiyyəti başçısı yanında Tikinti və Bərpa Fonduna keçirildiyi bildirilir. İcra hakimiyyəti düşünür ki, sahibkar o boyda ticarət obyekti tikə bilirsə, rayonun sosial inkişafında da iştirak etməlidir:

«Vətəndaş narazıdırsa, düşünürsə biz səhvik, o məhkəmə, bu da biz, versin bizi məhkəməyə».

Abşeron rayon İcra Hakimiyyəti
Abşeron rayon İcra Hakimiyyəti
O ki qaldı sahibkarın sərəncamla ayrılmış torpaqdan əlavə sahədə tikinti aparmasına, icra hakimiyyətindən sahibkarın dediklərini təsdiqləmədilər. Bildirdilər ki, belə məsələlərdə şifahi yox, rəsmi icazə olur. Sahibkar ya obyektin əlavə tikdiyi hissəsini sökməli, ya da rəsmiləşdirməlidir.

HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

Hüquqşünas Fuad Nəzərov isə deyir ki, 2007-ci ildə prezidentin sərəncamı ilə icra hakimiyyəti başçıları yanında inkişaf və bərpa fondları yaradılıb. Ancaq bu fonda pul köçürmək könüllüdür. Heç bir sahibkarı, yaxud fərdi ev tikən vətəndaşı bu fonda pul keçirməyə məcbur edə bilməzlər:

«Bu, könüllü ödəmə xarakteri daşıyır».

Hüquqşünas məsləhət görür ki, sahibkar torpaq sahəsində tikinti aparılmasına dair Sərəncam üçün rayon icra hakimiyyətinə məktub yazsın. İcra Hakimiyyəti sərəncam verməməsinin səbəbini rəsmi bildirsin. Sahibkar rəsmi imtina məktubu əsasında məhkəməyə müraciət edə bilər.
XS
SM
MD
LG