Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:29

Şəmkirin Morul kəndində ilaxır çərşənbə...- [Video]


-

Kimisi atlı, kimisi piyada, bütün kəndlilər «şiş təpənin» ətəyinə toplanıb. Şəmkirin Morul kəndinin sakinləri buranı «dilək təpəsi» də adlandırır. Bayram günlərində bu təpəyə çıxıb arzu tuturlar. İnanclara görə, növbəti baharadək mütləq arzuları çin çıxır.
Yarışa dayanmış kimi gənc oğlanlar atını düz təpənin zirvəsinədək çapır.

Atlı oğlan Orxanla söhbət edirik:

- «Yuxarı nə üçün çıxırsınız?

- Çilədən çıxmaq üçün.

- Neçə yaşınızdan gəlirsiz bura?

- Ağlım kəsəndən, 4-5 yaşımdan».

İlaxır çərşənbə Morul kəndində əsas bayram günü kimi qeyd olunur. Ancaq günorta saat 3-dən sonra evdə az qala bir adam belə tapılmaz, hamı dilək təpəsinə axın edir:

MORULLULAR NƏ DİLƏK TUTUR?

«Şiş təpənin» ətəyinə toplaşanlar arzu tutur

«Şiş təpənin» ətəyinə toplaşanlar arzu tutur

- «Niyyət üçün gəlmişik. Bura bizim bayram, niyyət təpəmizdir.

- Nə dilək tutursunuz?

- Cavanlar instituta girmək, cavan qızların da öz niyyəti olur.

- Siz nə niyyət eləmisiniz?

- İstəyirəm sülh olsun. Cavanlarımız güllə səsi eşitməsin...».

-«Dilək eləmişəm ki, nəvəm sağlam dünyaya gəlsin, gələn il bu vaxtı qucağıma alım, gəlim bura».

Elə ki, hava azacıq qaralır, əllərində vedrə dolu odun parçaları və maye yanacaq ilə bütün kənd camaatı qəbiristanlığa üz tutur. Kənd sakinlərindən Həsən Zamanov deyir ki, bu adət onlara dədə-babalarından qalıb və hamı bayram günlərində öz ölüsünün qəbrinə çıraq tutur.

KİMİ ÖLÜLƏRİNƏ QURAN OXUTDURUR, KİMİ DƏ ÇIRAQ YANDIRIR...

Həsən Zamanov:

Kimisi Quran oxutdurur, kimisi çıraq yandırırıq

Kimisi Quran oxutdurur, kimisi çıraq yandırırıq

- Həmişə gəlirik, bax, burda mənim əmimdir, anamdır, bu da qardaşımın qəbridir. Ziyarət edirik. Bu, dədə-babadan qalan adətimizdir.

Sevil:

- Bu günkü əziz gündə birinci onlar ziyarət olunmalıdır. Quran oxuduruq, çıraq yandırırıq, anımdır, ölüləri anmaq lazımdır.

Molla:

- Dünyaya bizi gətirən ana-babalarımızdır. Ölü də bizimdir, diri də bizimdir. O dünya da bizimdir, bu dünya da.

Ancaq qəbiristanlıqda üstündə məşəl yandırılmayan sahibsiz köhnə qəbirlər də az deyildi. Hava qaraldıqca məşəl kimi qəbirlərin üstündəki alovlar ətrafı işıqlandırır. Havanı qara duman bürüyür.

Küçələr boyunca evinin qarşısında tonqal qalamayan yoxdur. Üstəlik evinin barılarında məşəl kimi alov yandıranlar da var. Ayaz deyir ki, bu adətə görə, evin həyət-bacasında olan bəd nəzərləri, xata-balanı dəf edirlər.

Şərhləri göstər

XS
SM
MD
LG