Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:47

«Cavidşünaslıq» araşdırmalar toplusu çıxdı


Hüseyn Сavid
Hüseyn Сavid
-
Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hazırlanan «Cavidşünaslıq» araşdırmalar toplusunun 10 cildi çapdan çıxıb.

Xəbəri ünlü şairin ev muzeyi yayıb.

Çoxcildliyin tərtibçisi və ön sözün müəllifi muzeyin direktoru Gülbəniz Babaxanlıdır.

Toplunun I cildinə Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı haqqında 1912-1925-ci illərdə çap olunmuş məqalə, resenziya, məlumat, mühakimə və müzakirə mətnləri, şeirlər, II cildinə 1926-1930-cu illərdə çap olunmuş məqalə, resenziya, məlumatlar, sənətkara həsr edilmiş bir neçə şeir, III cildə 1930-1937-ci illərdə çap olunmuş məqalə, resenziya, məlumatlar daxil edilib.

Xəbərdə vurğulanır ki, ədibin həyatda olduğu dövrün cavidşünaslığı bu illərlə başa çatır və 20 illik fasilədən sonra əbədi Cavidin cavidşünaslığı doğulur.

Beləliklə, Cavidşünaslığın IV cildində Hüseyn Cavidə bəraət veriləndən sonra, yəni 1956-1961-ci illərdə dövri mətbuatda çap olunmuş yazılar toplanıb.

20 illik fasilədən sonra yenidən o dövrün yaradıcı şəxsiyyətləri H.Cavid haqqında elmi məqalələr, xatirələr, yubiley yazıları yazmağa başlayıblar. Müəlliflər arasında Məsud Vəliyev, Abbas Zamanov, şairin sevimli qızı Turan Cavid, Məmməd Cəfər, Əkbər Ağayev, Rəsul Rza, Cəfər Xəndan və başqaları da var.

Toplunun V cildinə 1962-1963-cü illərdə H.Cavid şəxsiyyəti və yaradıcılığı barədə dövrü mətbuatda çap olunmuş məqalə, rəy və xatirələr, VI cildə 1964-1970-ci illərdə dövrü mətbuatda işıq üzü görən elmi, publisistik və bədii materiallar salınıb.

VII cildə Hüseyn Cavidin yaradıcılığı, dövrü, ədəbi mühiti və şəxsiyyəti, teatrı haqqında oçerk və məqalələr, xatirələr, rəylər, VIII cilddə 1975-1981-ci illərdə tanınmış cavidşünaslarla birgə gənc cavidşünasların Hüseyn Cavid yaradıcılığına həsr etdiyi ilk məqalələr də çap edilib. Bu cilddə «Cavid xatirələrdə» silsiləsi Mirzə İbrahimovun, Qulam Məmmədlinin, Şəmsi Bədəlbəylinin dahi sənətkar haqqındakı səmimi xatirələriylə davam edir.

IX cild -- Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyində (1982-ci il) şair-dramaturqun yaradıcılığının müxtəlif yönlərdən tədqiqinin materiallarını əhatə edib.
Seriyanın X cildinə 1983-cü ildə Azərbaycan mətbuatında Hüseyn Cavid haqqında dərc olunmuş yazılar salınıb.

Ev Muzeyin fikrincə, «Cavidşünaslıq» toplusu dəyərli bir qaynaq kimi cavidşünaslığın gələcək inkişafına yardımçı olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG