Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:14

«Buranın camaatını çox sövürük»


Bakıda İran vətəndaşları
Bakıda İran vətəndaşları
-
– Bayramın mübarək!

– Səninlə birlıxda ...

Bu günlər Bakıda Təbriz ləhcəsini çox eşidirsən. Əvvəlki illərdə olduğu kimi, bu bayramda da İrandan çox sayda azərbaycanlı Bakıya gəlib.

Təbrizli Sabir Damədi deyir ki, Bakıda Novruz bayramını keçirmək xoşuna gəlir. Əvvəllər özü gəlirmiş. Bu il xanımını və dörd uşağını da götürüb Bakıya gəlib:

«Bakı çox xoşuma gəlir. Çalışıram ki, hər il gəlim. Bir həftə burda olacağıq».

Mərəndli Validə deyir ki, Bakıya ilk dəfədir gəlir. İçərişəhərdə kirayə evdə qalır. Deyir iki gündür Bakıdadır, artıq qonşularla qaynayıb-qarışıb:

«Bura yaxşıdır, milliliyi qoruyurlar, adamlar şirindildirlər. Görünür ki, hamı bir-birinin yaxşılığını istəyir. Sabahkı Axır çərşənbəyə də yaxşı hazırlaşırlar».

İranlılar Bakıda Novruz bayramında - 2011
İranlılar Bakıda Novruz bayramında - 2011
İçərişəhərdə bayram tədbirləri rəsmən martın 20-dən başlayacaq. Ancaq çalıb-oxumaqlar, məşqlər başlayıb. Tehrandan olan 25 yaşlı Kərim ticarətlə məşğul olur. Həvəslə məşqlərə baxır. Deyir, əslən təbrizlidir. Neçə illərdir Bakıya gəlmək istəsə də, alınmırmış:

«Qismət bu iləymiş. Gözəldir!.. Bayrama bir neçə gün var, ancaq indidən camaat çalır-oxuyur. Bu nəyə desən, dəyər».

«10 İLDİR GƏLİRƏM, YENƏ GƏLƏCƏYƏM»

Urmiyadan gələn Kübranın fikrincə, Bakının havası soyuq olsa da, insanlarla isti ünsiyyət qurmağa çətinlik çəkmirsən:

«Hava soyuqdur, ancaq camaatın, ətrafdakıların münasibəti çox yaxşıdır. Novruz hazırlıqları gedir. İki gündür burdayıq, gəzib dolaşırıq, çox yaxşıdır».

Bakıda bayram tədbirləri martın 19-dan 23-dək sürəcək
Bakıda bayram tədbirləri martın 19-dan 23-dək sürəcək
Həbib Təbrizli deyir ki, sabah qalanacaq Novruz tonqalını uşaqlarına göstərməyi həvəslə gözləyir. Şirin Təbriz ləhcəsində tez-tez «buranın camaatını sövürük» (yəni «sevirik» –K.D.) deyir:

«Biz burdakı adamları, qardaşlarımızı çox sövürük. Bütün azərbaycanlılara təbrik ərz edirik. Mehriban camaatı var. Şəhər də qəşəngdir».

Araz Ərdəbilli artıq 10-cu ildir Bakıya gəlir. Burda özünü evindəki kimi hiss edir:

«10 ildir gəlirəm, yenə gələcəyəm, inşallah».

İranlı qonaqların fikrincə, hələ bayram ərəfəsidir və gələnlər elə də çox deyil. Gerçək say martın 20-də bilinəcək. Bakıda bayram tədbirləri martın 19-dan 23-dək sürəcək.
XS
SM
MD
LG