Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:47
-

Sosial şəbəkələr tək şəhərlərdə deyil, eləcə də rayon yerlərində populyarlaşmaqdadır. Rayon sakinlərinin sosial şəbəkələrdə, xüsusən, Facebook-da aktivliyi şəhərlilərdən artıq çox az geri qalır. Facebook-da rayonların qrupları var. Həmin qruplarda rayonlarla bağlı problemlər, xəbərlər, məlumatlar öz əksini tapır. İcra Hakimiyyəti orqanları da bu məsələlərə diqqət verməyə başlayıblar.

Məsələn, Lerikdə türbənin yanında çirkab suları üçün anbarın tikilməsi nəzərdə tutulmuşdu. Facebook-da fəal olan leriklilər buna etiraz edərək, məsələnin həlli üçün yerli hökumətə 10 gün vaxt verib. Bildirilir ki, məhz bu etirazdan sonra anbarın tikintisi başqa əraziyə köçürülüb. Yerli müşahidəçilər deyir ki, İcra Hakimiyyəti orqanlarının hadisələrə belə çevik münasibəti heç vaxt olmayıb. Sanki rayonlarda oyanış hiss olunur.

Astara rayon sakini Asən Həşimli qeyd edir ki, sürətli internet olan yerdə sosial şəbəkələrə qoşulmaq elə də çətin olmur. Onun sözlərinə görə, artıq rayonlarda sosial şəbəkələri telefon vasitəsi ilə izləyənlərin sayı da çoxalıb:

«İNFORMASİYA QITLIĞI OLAN ZONADA TƏBİİ Kİ, SOSİAL ŞƏBƏKƏLƏRİN ROLU ARTIR»

Asən Həşimli

Asən Həşimli

«Mən şəxsən Facebook-dan geniş istifadə edirəm. İnformasiya qıtlığı olan zonada təbii ki, sosial şəbəkələrin rolu artır. İnsanların, xüsusi ilə gənclərin ölkədə gedən proseslərdən məlumat almağa çox böyük ehtiyacı var. Buna görə də sosial şəbəkələrdən geniş istifadə olunur».

Asən Həşimlinin sözlərinə görə, rayonlarda xeyli problem var: İşsizlik, məmur özbaşınalığı... İcra hakimiyyəti başçıları rayonlarda mütləq hakim kimi hərəkət edirlər. Bu baxımdan vətəndaşların şikayət edərək, dərdini söyləmək imkanları yaranıb:

«HƏTTA İRAN ASTARASINDA YAŞAYAN HƏMYAŞIDLARI İLƏ FACEBOOK VASİTƏSİ İLƏ ƏLAQƏ SAXLAYIRLAR»

«Rayonlarda, xüsusi ilə mərkəzdən uzaq olan əyalətlərdə yaşayan gənclər sosial şəbəkələr vasitəsi ilə bir-birləri ilə, hətta tanımadıqları həmyaşıdları ilə geniş əlaqələr qururlar. Astara Azərbaycanın ən cənub nöqtəsində yerləşir, hətta İran Astarasında yaşayan həmyaşıdları ilə Facebook vasitəsi ilə əlaqələr saxlayırlar. Ölkə xaricində və daxilində olan xəbərləri paylaşırlar. Son bir ayda Astara gəncləri Facebook-da Astara qrupu yaradıblar. Bu qrup get-gedə genişlənmə xətti götürüb. Həmin qrupa iranlı soydaşlarımız daxil olur».

Lənkəran müəllimlər cəmiyyətinin sədri Rahim Nuriyev də sosial şəbəkələrin fəaliyyətinə müsbət yanaşır. Onun bildirdiyinə görə, bundan ən çox narahat olan yerli məmurlardır.

«ƏHALİNİN QƏZET ALMAĞA İMKANI YOXDUR»

«Əhalinin imkanı yoxdur qəzet alsın. Sosial şəbəkələrdən istifadə edirlər. Bundan da qorxurlar. Çünki son dövrlərdə təşkil olunmuş aksiyalar da göstərdi ki, sosial şəbəkələrdən istifadə edənlər daha aktiv, daha tez bu məsələləri yaya bilirlər. Sürətlə yayılır və sosial şəbəkədə fəal əhali bundan istifadə edir».

Rahim Nuriyev

Rahim Nuriyev

R. Nuriyev deyir ki, əyalətlərdə sosial şəbəkələrlə bağlı oyanma var. Onun fikrincə, bu baxımdan da sosial şəbəkələrə məhdudiyyət qoymaq istəyirlər. Rahim Nuriyev hesab edir ki, sosial şəbəkələrlə bağlı sərt addımlar əks nəticə verə bilər.

«İRANIN «SƏHƏR» TELEVİZİYASINI DİNLƏYƏNLƏR AZALIB...»

Onun deməsinə görə, insanlar sosial şəbəkələrdə fikirlərini söyləyə bildiklərindən, İranın «Səhər» kanalına müraciət edənlərin sayında azalma müşahidə olunur:

«Bu proses genişlənməkdədir. Mən də sosial şəbəkələrin istifadəçilərindən biriyəm. Lənkəran qrupunda və digər qruplarda iştirak edirik. Bu və ya digər məsələlərə öz münasibətimizi bildiririk. Aydın məslədir ki, iqtidar bu məsələnin qarşısını almaq istəyir. Nəzarət mexanizmi fikirləşir. Nə qədər fikirləşsələr, sosial şəbəkələr qarşısı alınmaz bir prosesdir. Sosial şəbəkələr gələcəkdə kütləvi təbliğat vasitəsi kimi genişlənəcək. Əhalinin müəyyən təbəqəsi buna ruh yüksəkliyi ilə qoşulurlar. Öz fikirlərini bildirirlər».

R. Nuriyevin sözlərinə görə, Lənkəranda Heydər Əliyev parkı son illərdə 3-4 dəfə yenidən qurulub. Hər 6 aydan bir meydanın metlaxını sökdürüb, yenisini düzürlər. O bildirir ki, bu məsələlər sosial şəbəkəyə çıxarılandan sonra əhali tərəfindən ciddi rezonans doğurub:

ƏHALİ DƏRDİNİ-SƏRİNİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ BÖLÜŞÜR

«Nə üçün dəyişdirilir, məqsəd nədir? Əyər abadlıq işidirsə, axı bu vardı? Nə üçün bunu söküb, təzədən düzəldirsən? Məsələn, küçələrə hasar çəkilir. Bizim məktəblərimiz var ki, onların hasarı yoxdur. İnək girir həyətinə. Məktəbdə keçirilən dərsə maneçilik törədilir. Məktəblərdə ayaqyolu bərbad vəziyyətdir. Camaat da bu məsələlərə öz münasibətini bildirir».

Masallıda çıxan «Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov isə deyir ki, insanlar Azərbaycan televiziyalarından lazım olan məlumatları ala bilmir:

Zahir Əmənov

Zahir Əmənov

«Son illər cənub bölgəsində internetin sürətinin artması bu sahəyə marağın artmasına səbəb olub. Hələ də çox kənddə internetin adı var, özü yoxdur».

Zahir Əmənovun sözlərinə görə, evə sürətli internet çəkdirmək 200 manatdan baha başa gəlir. İnternetlə bağla problemlər aradan qalxsa, sosial şəbəkələrdən istifadə edənlərin sayı da bir neçə dəfə artar:

«Təbii ki, bu sahədə problemlər var. Çoxları internetdən istifadə etməyi, internetdən nə istədiklərini bilmir. Qaldı orada, kiminsə-kimisə təhqir etməsinə, o adam özünü təhqir eləmiş olar».

Lerik rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov türbənin yanında çirkab suları üçün anbarın tikilməsi məsələsinin bu qədər qabardılmasını düzgün saymır. Onun dediyinə görə, anbarın yerinin dəyişdirilməsi sosial şəbəkədə gedən mesajlarla bağlı deyil:

«Biz araşdırmışıq, baxıb görmüşük onların işlədiyi yer həmin türbənin yaxınlığındadır. Desəydilər də, deməsəydilər də, əvvəlcədən başqa yer ayırmışdıq».

Müavinin fikrincə, sosial şəbəkələrin qarışacağı ciddi məsələlər yoxdur:

«SOSİAL ŞƏBƏKƏLƏR OLMASAYDI DA...»

Lerik rayonu

Lerik rayonu

«Elə ciddi məsələlər də yoxdur ki, sosial şəbəkə nə isə bir şey eləsin. Amma sosial şəbəkədə bu mövzu çox hallandı, çox danışıldı. Çox müzakirəyə çıxarıldı, oldu belə söhbət. Amma sosial şəbəkəsiz bu məsələni icra edəcəkdik. Biz İcra Hakimiyyəti olaraq, ictimaiyyətin arasında oluruq, bu, müzakirə mövzusu deyil. Bir neçə nəfər var onlar sosial şəbəkədə öz fikirlərini paylaşırlar. Çoxluq deyil bir neçə nəfərdir. Biz müəyyənləşdirmişik bu adamlar kimlərdir».

Müavin əlavə edib ki, onlar sosial şəbəkədə fikirlərini paylaşmaq istəyənlərin işinə qarışmırlar. O, bu şəbəkələrdə adamların təhqir edilməsini və böhtan atılmasını da yolverilməz hesab edir. İcra hakimiyyəti rəsmisinin sözlərinə görə, rayon elektron sistemə keçib. İndi internetlə işləmək daha rahat olub.

Şərhləri göstər

XS
SM
MD
LG